2025-ci ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, 6 ay ərzində ölkədə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.
Bu barədə Modern.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin yanvar-iyun ayları dövründə 11,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,9 milyon tonu konsorsiumların, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61.9 min ton (457 min barrel), kondensat hasilatı 13,7 min ton (113 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,6 min ton (570 min barrel) olub.
Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.