Avqustun 2-si Azərbaycan Kinosu Günüdür. Bu gün milli kinomuzun yaranmasının 124-cü ili tamam olur. Geridə qalan illər ərzində film sahəsində bir çox işlər görülüb, müxtəlif mövzuları əhatə edən kinolarımız lentə alınıb.
İllər öncə ərsəyə gələn filmlərimiz hələ də sevilərək izlənilir, haqqında xoş sözlər səsləndirilir. Lakin son illər ərzində çəkilən film və seriallar birmənalı qarşılanmır. Dövlət tərəfindən bu sahəyə yetərincə vəsaitin ayrılmasına baxmayaraq, indiki ekran işləri məzmun və keyfiyyət baxımından çoxsaylı tamaşaçı rəğbətini qazana bilmir. Əlbəttə, bunun da müxtəlif səbəbləri var...
Bəs, Azərbaycanın məşhur filmləri bu gün necə xatırlanır?
Kino sənətinin inkişafında böyük xidmətləri olan sənət xadimləri bununla bağlı fikirlərini Modern.az-la bölüşüblər.
Xalq artisti Firəngiz Mütəllimova bildirib ki, nəinki kinolarımız, bütün adət-ənənələrimiz, milli dəyərlərimiz, Azərbaycan kişisinin və qadının əsl siması da dəyişib:
“Keçmiş kinolarda ən yaxşı sənətkarlar milli dəyərlərimizi nümayiş etdirirdilər. Çəkildiyim bütün filmlər xatirəmdə gözəl izlər buraxıb. O kinolar çəkiləndə hər dəfə yeni bir şey öyrənirdim. Ən böyük arzum idi ki, Rasim Balayevlə tərəf müqabili olum. Sonuncu çəkildiyim “Qala” filmində arzum həyata keçdi. Əvvəlki filmlərimizi daha çox sevirəm. İndiki bəzi filmlər bir-birinə çox oxşayır, eyni insanlar daha çox səhnə alır. Düzdür, büdcə də az olur, amma yaradıcılığa üstünlük verilməlidir. Əsas Azərbaycan Film Kinostudyasının çəkdiyi filmlərə baxıram. Onları alqışlayıram, çünki çətinliklə olsa da, film çəkib ortaya qoyurlar. İndi isə qələbəmizə, şəhidlərimizə aid filmlərin çəkilməsini istəyirəm”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev keçmişdə Azərbaycan kinosunun daha çox uğur qazandığını söyləyib.
“Azərbaycan kinosu dünyanın müxtəlif yerlərində ölkəmizin adını yaşadıb, tanıdıb. İndi isə barmaqla sayılacaq qədər yaxşı filmlər çəkilir. Bu gün Azərbaycan kinosu çətin dövrünü yaşayır. Çalışmaq lazımdır ki, kinonu bu vəziyyətdən çıxaraq. Əlaqədar təşkilatlar bunun üçün bir yerdə çalışmalıdır. Düşünürəm ki, Kino Agentliyinin yaradılması da bu sahəni inkişaf etdirəcək.
Səhnə aldığım filmlərin hər biri unudulmazdır. Elə səhnələr olub ki, oynamağa çətinlik çəkmişəm, amma işimi mükəmməl etməyə səy göstərmişəm. Nə dərəcədə nail olduğumu izləyicilər dəyərləndirib”.
Xalq artisti Əli Nurun fikrincə, kino xalqa mədəniyyət qazandıran sahədir:
“Tarixdə kütləni millət edən kino olub. Şüurlu, xalqın içindən inkişaf edib çıxanlar az olmayıb. Kino qədər tərbiyə verən ikinci tribuna olmayıb. Kino, teatr bir neçə saat içərisində insana nə lazımdırsa, onu verir. Şərq tarix boyu ətalətdə olub, İslam dini qadınları bədbəxt edib. Dünyaya meydan oxuyan Tomris və digər türk qadınları olub. İslamda isə qadın 9 yaşında ərə getməli idi. İnsanların gözünü kino ilə aça bildilər. 70-ci ildən sonra Azərbaycan filmi dünyaya səs saldı. Filmlə bağlı proseslər rejissordan asılıdır. İndi Azərbaycanda kino rejissoru yoxdur, teatr rejissoru isə barmaqla sayılacaq qədərdir. Bu, bizim faciəmizdir. İnanıram ki, gələcəkdə bu kimi mənfi hallar aradan qalxacaq, Azərbaycan kinosu yenidən öz qüdrətli dövrünü yaşayacaq”.
Həmçinin oxuyun:
Azərbaycan Kinosu Günü - 124 illik tarix