Modern.az
Qəzənfər Həmidoğlu Dilimizi seviriksə, anasını niyə ağladırıq...

Qəzənfər Həmidoğlu

Dilimizi seviriksə, anasını niyə ağladırıq...

Mədəni̇yyət

2 Avqust 2022, 20:38

Qəzənfər Həmidoğlu

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü sakitcə gəldi və keçdi. Keçəndən sonra çoxumuz xəbər tutduq və ya yadımıza düşdü ki, ay dadi-bidad, avqustun 1-i dilimizin günü imiş. Birbaşa mətləbə keçim. İki sualım var.


1. Şimali Azərbaycandakı rusdilli azərbaycanlının İrandakı, Cənubi Azərbaycandakı farsdilli azərbaycanlı ilə dil tapması mümkündürmü, bir-birilərini anlaya bilərlərmi, ortaq dəyərləri varmı?


Təbii ki, hər iki yaddilli soydaşımızın fərqli situasiyaların məhsulu olduğunu anlayıram. Azərbaycan Respublikasında ana dili dövlət dili olduğu, istifadəsi üçün geniş şərait və imkanlara sahib olduğu halda Arazın bu tayındakının öz dilində danışmaq istəməməsi ilə, o tayındakının yad dildə danışmağa məcbur olması fərqli məsələ və situasiyadır. Üstəlik, güneyli qardaş və bacılarımız məhrumiyyətlər məngənəsində, Azərbaycan türkcəsində təhsilin olmadığı bir şəraitdə yüksək milli kimlik və şüur nümunəsi göstərir, öz mücadilələri ilə dilimizi yaşadırlar...


2. Artıq 1/3 əsrdir müstəqilik və ya dövlət müstəqilliyimizi bərpa etmişik, amma nədən dədə-babadan Azərbaycan türkcəsində təhsil almış “klassik” azərbaycanlı ailəsi belə öz uşağını rus dilli məktəbə qoyur?


Tanınmış tarixçimiz, professor Solmaz Rüstəmova-Tohidi “Amerikanın Səsi”nə müsahibəsində bildirir ki, Azərbaycan dilinin geniş işlənməsinə bütün şəraitin yaradıldığı bir zamanda əhalinin yenidən rus dilinə qayıdışının müəyyən səbəbləri var:

“Bu əsasən Azərbaycanın uzun müddət Rusiyanın müstəmləkəsi olması və Azərbaycan ziyalılarının əksəriyətinin rusdilli olması amilləri ilə bağlıdır. Cümhuriyyət dövründə bizim böyük xadimlərimiz də rusdilli idilər. Çünki o dildə təhsil almışdılar. O zaman da belə bir ənənə var idi. Sovet dövründə də kommunist ideologiyasının vahid dili kimi rus dili işlənilib”.


Hörmətli Solmaz xanımla polemikaya girmədən qeyd edək ki, rusdilliliyi yalnız və əsasən müstəmləkə faktoru ilə izah etmək yanlış olardı. Hər halda, gürcülər, ermənilər, Baltikyanı ölkələrin əhalisi də uzun müddət Rusiyanın müstəmləkəsi olub, lakin onlarda Mərkəzi Asiyanın türk xalqlarında və Azərbaycanda olduğu kimi ruscaya belə total-elitar sevgi olmayıb, indi də yoxdur. Qazaxların, özbəklərin, qırğızların və azərbaycanlıların rusca tutqusu, daha doğrusu, azarı “fenomenal” bir şeydir...


Professor Solmaz Rüstəmova-Tohidi hesab edir ki, rus dilinə yenidən qayıdış sanki bir dəbdir:

“Hökumət heç kimi məcbur etmir ki, apar uşağını rus dilli məktəbdə oxut. Bu, sanki bir dəbdir”.

Əlbəttə, hökumət heç kimi məcbur etmir, amma hörmətli alimin özü də qeyd edir ki, hökumət rus dilinə loyal baxır:

“Azərbaycan hökumətinin rus dilində təhsilə loyal baxması, təbii ki, Rusiya ilə çox mürəkkəb olan münasibətlərimizdən asılıdır. Bu məsələni indiki zamanda həll etmək təbii ki, mümkün deyil”.


Aydındır ki, hökumətin loyallığı, hərbi-siyasi elitanın, diplomatiyanın rusddilliliyi, mətbuat konfransında bizim yerli və mill nazirin rus nazirə qoşulub “doğma rus dili”nə keçməsi, idarələr və ali məktəblərin rəhbərliyində rusca danışılması, iş elanlarında rus dilini bilmək tələbi, rusdillilərin karyera pilləsində daha asan irəliləməsi və rus sektorunda daha üstün bilik verilməsi barədə iddia, təsəvvür, qənaətlər və ana dilinə başqa ögey münasibətlər dilimizin statusunu mağmın günə salmaya bilməz. Sözdə “dilimizi sevirik”, praktikada isə anasını ağladırıq...


Professor Solmaz Rüstəmova-Tohidi ən nəhayət, problemin milli mənəvi-mental tərəfinə toxunur:

“Dövlətin bu qədər dil siyasətinin müqabilində azərbaycanlıların öz dilinə bu qədər etinasızlığı, öz dilində danışmamasının kökündə öz dilində danışmaq ləyaqətini anlamaması, öz dilində danışmaq üstünlüyünü görməməsi ilə bağlıdır. İnsanların öz dilində danışmaması, yad dillərin qarşısında təzim etməsi, öz dilindən daha üstün tutması həm də subyektiv faktordur”.
 

Kədərlisi odur ki, bu “subyektiv faktor” bizdə təkəmseyrək, adda-budda deyil, total, genişmiqyaslı, ümumiyə təhdid kimi təzahür edir. Daha kədərlisi həmin subyektiv faktorun anlamsız təzahürü üçün özünə münbit zəmin tapa bilməsidir. Bu, başqa sual və mövzudur, milli “material”ın keyfiyyəti, vətəndaş ləyaqəti, milli qürur və identikləşdirmə ilə bağlı məsələdir - burada artıq daha dərin qata enmək lazımdır...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!