Modern.az
Qəzənfər Həmidoğlu Puqaçova epoxasının 9-cu siyasi xadimi: Primadonna Putini də yola sala biləcəkmi?

Qəzənfər Həmidoğlu

Puqaçova epoxasının 9-cu siyasi xadimi: Primadonna Putini də yola sala biləcəkmi?

Mədəni̇yyət

7 Sentyabr 2022, 21:06

Qəzənfər Həmidoğlu


Putin bu günlərdə “Rusiya Federasiyasının xaricdəki humanitar siyasətinin Konsepsiyası” adlı bir sənədə imza ataraq Rusiyanın guya yeni xarici siyasət doktrinasını təsdiq edib. Sənəd Moskvanın Ukraynaya təcavüzünə və “yaxın xaric”ə ekspansiya siyasətinə “bəraət” qazandıran konservativ “Rus dünyası” ideologiyasına əsaslanır.


31 səhifəlik və 117 maddəlik konsepsiya “humanitar siyasət” adlandırılsa da, anti-humanitar narrativ və absurd təkliflər yığnağından ibarətdir. Sənədə əsasən, RF hökuməti “Rus dünyasının ənənə və ideallarını mühafizə etməli, qorumalı və irəli aparmalıdır”, qondarma DXR, LXR, Abxaziya və Cənubi Osetiya ilə hərtərəfli humanitar əməkdaşlığı gücləndirməli, Gürcüstan, Moldova və Baltikyanı ölkələrlə humanitar təmaslarda rusdilli vətəndaşların maraqlarının nəzərə alınması diqqətə çatdırılmalı, rus dilinin mövqelərinin gücləndirilməsinə xüsusi diqqət yönəldilməlidir, çünki rus dili “RF-nin xaricdəki humanitar siyasətinin əsas elementidir” və s. və i.a.


Ukraynada davam edən müharibənin 7-ci ayında ölkəsini getto kimi idarə edən birisinin belə sənəd ortaya çıxarması və ölkə xaricində humanitar siyasət aparmaqdan bəhs etməsi gerçəkdən anlamsız gap, gülünc və cəfəng bir iş, əcaib bixəbərlik nümunəsidir. Yeri gəlmişkən, Putinin konsepsiyası haqqında məlumat verən rus saytının digər xəbər və yazıları “daxili humanitar siyasət”lə bağlı idi. Bildirilirdi ki, Rusiya teatrlarında 20-dən artıq tamaşa qadağan olunub (həmin tamaşaların rejissorları Putinin “xüsusi əməliyyatı”nı dəstəkləməyiblərmiş və ya müharibəyə müharibə deyiblər).



Əsas polemika mövzusu və reaksiyalar isə bu günlərdə Rusiyaya qayıdan Alla Puqaçova ilə bağlı idi. Ukrayna müharibəsinə münasibətdə tutduğu mövqeyə görə Kreml propaqandası (Vladimir Solovyov və Marqo Simonyandan tutmuş, rejissor Nikita Mixalkova qədər) son günlər rus estradasının primadonnasını quru yuyub yaş sərməklə məşğuldur. Puqaçova da borclu qalmır, opponentlərinə yetərincə sərt cavab verə bilir. Rusiya mediasında və sosial şəbəkələrində ağız-ağıza verib mügənnini qaralamaq yarışına girsələr də, Puqaçovanı həbs etməyə cəsarət etmirlər.


70-ci illərdə məşhur bir anekdot vardı: “Leonid İliç Brejnev - Alla Puqaçova epoxasının iri siyasi xadimidir”. Primadonna Stalinin vaxtında doğulub, Xruşşovun vaxtında məktəbə gedib, Brejnevdən sonra daha 4 sovet və Rusiya liderini (Andropov, Çernenko, Qorbaçov və Yeltsin) yola salıb. Medvedevi də nəzərə alsaq, Putin Puqaçovanın zamanında yaşamış 9-cu “iri siyasi xadimdir”. Puqaçovanın 73, Putinin 70 yaşı var - Alla Borisovna yaşından xeyli cavan və enerjili görünür. Güman ki, primadonna “9-cu”nu da yola salacaq...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir