Modern.az
Qəzənfər Həmidoğlu İkona monarx...

Qəzənfər Həmidoğlu

İkona monarx...

Mədəni̇yyət

9 Sentyabr 2022, 12:32

Qəzənfər Həmidoğlu
 

Yeni krala III Çarlz, yoxsa III Karl deyəcəyik?
 

Böyük Britaniya kraliçası II Elizabet 96 yaşında dünyasını dəyişdi. II Elizabet XX əsrin ikonası və örnək monarx idi. Necə deyərlər, Bukingem sarayının başı sağ olsun, amma bu itki britaniyalılar üçün elə bir faciə deyil - hər halda ülyahəzrət əsrə yaxın bir ömür yaşayıb və Tanrı hamımıza buna yaxın ömür qismət eləsin.
 

Digər tərəfdən, Böyük Britaniya Krallığında qədimlərdən belədir ki, yas bayrama qarışır: Kral öldü, yaşasın kral! Yəni, II Elizabet vəfat edən kimi Uels şahzadəsi Çarlz avtomatik olaraq kral III Çarlza çevrildi. Onun Böyük Britaniya və Şimali İrlandiyanın Kralı elan edilməsi mərasimi daha sonra keçiriləcək.
 

Maraqlıdır, biz Britaniyanın yeni kralına “Karl”, yoxsa “Çarlz” deyəcəyik. Belə ki, rus dili və tarixçiliyinin təsiri ilə biz indiyədək bütün dünyanın “Çarlz” adlandırdığına “Karl” demişik və yazmışıq. Məsələn, I Karl (ing. Charles I of England -1600-1649) və ya II Karl (ing. Charles II of England -1630-1685).
 


Böyük Britaniya Krallığı mövcudluğunu davam etdirəcək. Amma mühüm və tarixi epoxanın sonu çatdı. II Elizabet 1952-ci il fevralın 6-da taxta çıxdıqda Moskvada hələ Stalinin erası bitməmişdi, Trumen Koreya yarımadasında müharibə aparırdı, 10 yaşlı Co Baydenin atası işsiz idi, Putin 8 aydan sonra doğulacaqdı, Maykl Cekson doğulmamışdı, yük maşını sürən Elvis Preslini kimsə tanımırdı, Qaqarin kosmosa, Nil Armstronq Aya çıxmamışdı. Kraliçanın zamanında dünyada prezidentlər qətlə yetirildi, onlarla çevirilişlər, təcavüzlər oldu, yeni dövlətlər yarandı, köhnələri batdı. II Elizabet soyuq savaş dönəmini yaşadı və SSRİ-nin gorbagor olmasının şahidi oldu. Hətta bizm Tofiq Bəhramova “Qısıl fit” mükafatı verməyə də fürsət tapdı. Çox liderləri yola saldı, təəssüf ki, Putinin sonunu görmədi...
 

Kraliça sadəcə uzunömürlü monarx deyildi, onun həyatı tarix idi. Nə monarxist, nə konstitusiyalı monarxist, nə də ingilispərəstəm, amma II Elizabet nümunəvi konstitusiyalı monarx idi. Tarixdə beləsi azdır, saxta liderlər qıtlığında isə dəyərləri misilsizdir...
 

Kraliça dünyada olduqca populyar şəxs, Böyük Britaniyanın simvolu idi və sadəcə monarx olduğuna görə simvolu deyildi. II Elizabet bəlkə də gəlmiş-keçmiş ən ideal kraliça idi və sadə britaniyalıların qəlbində nümunəvi ailə başçısı, nəzakətli, nəcib bir xanım, xeyriyyəçi və ən başlıcası ülvi duyğularla xatırlanacaq gözəl bir insan olduğu üçün özünə yer etmişdi.
 

Əlvida, Kraliça!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır