Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var.
Modern.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid jurnalistlərin Xalq yazıçısı Çingiz Abdullayevə ünvanlanan suala cavabına münasibət bildirərkən deyib.
"Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən, əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi.
Bəzi özünü media adlandıran, “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa - robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu.
Amma orda kübar, özünü-sözünü bilən, müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər.
“Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı , peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram", - deyə Rəşad Məcid vurğulayıb.
Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən", deməsi böyük qalmaqala səbəb olub.