Türkiyə Arxivlər İdarəsinin baş direktoru Yusuf Sarınay Modern.az saytına müsahibə verib.
- Yusif bəy, arxivlərinizdə ermənilərlə bağlı sənədlər çoxdurmu?
- Türkiyə Cümhuriyyəti Dövlət Arxivlər İdarəsinin baş rəhbərliyində Osmanlı çoğrafiyasına aid olan - bütün ərazilər, Balkanlar, Orta Şərq, Ağ dəniz, Qafqazla bağlı yüz minlərlə sənəd var. Yəni bizim arxivdə 100 milyondan artıq sənəd mövcuddur. Bunların içərisində vacib sənədlərin bir qrupu erməni mövzusu ilə bağlıdır. Çünki bütün dünyanın maraqlandığı hadisələr bu çoğrafiyada cərayan edib. Deyə bilərəm ki, Osmanlı arxivləri üzrə dairə rəhbərliyimizdə yüz min, iki yüz mindən artıq erməni mövzusunda sənəd var. Bu sənədlər ermənilərin iddia etdiyi kimi, hər hansı bir qətliam və ya soyqırım olmadığını açıq və dəqiq şəkildə ortaya qoyur. Ermənilər xüsusilə dünyada yaratdıqları bu yalançı soyqırım iddiası və ya süni tarix anlayışının darmadağın olmasından qorxduqları üçün arxivlərə gəlmirlər. Ermənilər bizim “elmi komissiya qurub müzakirə edək, ortaq şəkildə arxivlərdə işləyək” kimi təklifləri rədd edirlər. Bir daha qeyd edim ki, rədd etmələrinin əsas səbəbi özlərinin yalandan ibarət yaratdıqları süni tarix anlayışının məhv olmasından qorxmalarıdır. Bu səbəblə daim elmi çalışmadan, arxivdən, sənəddən, məlumatdan qaçaraq hadisəyə siyasi ölçü qazandıraraq dünya çapında mövzunu Türkiyəyə məcburi şəkildə qəbul etdirməyə çalışırlar. Ancaq bunu çox gözəl bilməlidirlər ki, Türkiyə bu cür təzyiqlərlə heç bir şeyi qəbul etməz. Çünki erməni mövzusunda dünyanın hansı bölgəsində olursa olsun, onların iddia etdiyinin əksinə, hadisələrin çox fərqli olduğunu ortaya qoya biləcək çox sayda sənədlərimiz və məlumatlarımız mövcuddur. Bizim arxivlərimizdə bunu da görmək mümkündür, sadəcə ermənilər Anadoluda türklərə qarşı qətliam etmir, ermənilər özləri soyqırıma məruz qaldıqları iddiasında çıxış edərkən, bizim də dövlət arxivlərindəki sənədlərə istinadən yayımladığımız kitablar var. Anadoluda, Qafqazda hansı şəhərdə, hansı qəsəbədə, hansı kənddə erməni qruplarının nə qədər insan öldürdüyünün siyahısını çıxarmışıq. Anadoluda 525 min türk öldürüblər. Biz bunları ad-ad, kənd-kənd təsbit etdik. “Daşnak”, “Hnçak”, “Asala” və s. kimi erməni terror təşkilatlarının Anadoluda ruslarla əməkdaşlıq etdikləri vaxtların əvvəl və sonrasında qətlə yetirdikləri yüz minlərlə türk var. Əliqanlı qatillər başqalarını günahlandırmağa çalışmasınlar, əvvəlcə bunu ortaya qoymaları lazımdır.
Ermənilər davamlı olaraq Qərb dünyasında, Amerikada və yaxud digər yerlərdə Türkiyə əleyhinə qərarlar alaraq məsələni siyasi arenaya çıxarmağa çalışırlar. Siyasi yollarla nəticə əldə etmək istəyirlər. Halbuki, bütün bunlar tarixi hadisədir. Bütün bu məsələlər ətrafında Türkiyə istər qərblilərlə, istər ermənilərlə, hər kəslə müzakirə açmağa hazırdır. Bir məsələni də qeyd etmək istəyirəm. Bizim dövlət arxivlərinə dünyanın demək olar ki, hər yerindən elmi araşdırmalar aparmağa insanlar gəlir. Bu gün bizim arxivlərimizə 92 fərqli ölkədən elm sahəsini insanları gəlib araşdırmalar aparırlar. Bunların da çoxu qərb ölkələrindəndir. Amma bu mövzuda çalışanların sayı azdır. Bunun da bir sıra səbəbi var. Birincisi, bizim arxivlərə gəlib erməni məsələsi üzərində işləyənləri təhdid edirlər. Mən buna şahid olmuşam. Psixoloji təzyiqə düşməmək üçün çox insan erməni mövzusunda araşdırmalar aparmaq istəmir.
- Bəs biz nə etməliyik?
- Biz haqlıyıq. Sonuna qədərdə haqlılığımızı müdafiə etmək məcburiyyətindəyik. Bütün dünyadakı elmi platformalarda əlimizdə olan media imkanları ilə - bu radio, televizya, mətbuat ola bilər, heç fərq etməz - bu haqlılığızmız, tarixi həqiqətləri durmadan çatdırmamız lazımdır. Siyasi platformalarda da mübarizə aparmalıyıq. Bu məsələdə də xüsusilə Azərbaycanla bir az daha yaxın əməkdaşlığa girərək, ortaq güc yaratmamız lazımdır. Çünki hər iki ölkədə erməni məsələsi milli davadır. Bu ideya ilə Qərbdəki media ilə işləmək, lobbi fəaliyyətləri, media imkanlarından istifadə etmək, əməkdaşlıq və mübarizə çərçivəsində olmalıdır. Mənim fikrim budur.
- Maraqlıdır, Türkiyə arxivlərini açandan sonra ermənilər də arxivlərinizə gəldimi?
- Erməni əsillilərdən gələn oldu.
- Onlar məsələni araşdırdılarmı?
- Araşdırmalar apardılar, amma gedib bir şey yazmadılar, buna biz nə edə bilərik ki…
- Demək, sizin müracitənizdən sonra ermənilər gəldilər…
- Bizim arxivlərə müraciət edənlər, gəlib araşdırma aparanlar var, amma onlar buradan getdikdən sonra bizdə gördükləri sənəddən sitat gətirmirlərsə, deməli, arxiv sənədləri onların uydurmalarını tam olaraq alt-üst edir. Bir daha qeyd edim ki, bizim müraciətdən sonra Ermənistandan gələnlər var. Bilirsiniz, erməni mövzusunda hər zaman yeni sənədlər ortaya çıxır. Xüsusilə Qafqazda, Gürcüstan bölgəsində, Azərbaycanda və Anadoluda etdikləri qətliamlar, ermənilərin məqsədləri, niyyətləri barədə arxivdə çoxlu sayda sənəd var. Bunu xüsusilə qeyd etmək istəyirəm. Bu məsələ ilə bağlı ayrı ayrı ölkələrin arxivləri ilə əməkdaşlıq protokolumuz var. Hətta Azərbaycan arxivlərindən çoxlu sayda sənəd gətirmişik.
Onu da bildirim ki, “Azərbaycanda ermənilərin törətdikləri qətliam” barədə 500 səhifəlik bir kitab çap etdirmişik. Bu kitab Xocalı soyqırımı barədə deyil, 1918-1920-ci illərin hadisələrini əks etdirən bir kitabdır.
Modern.az