Qubada soyqırımı muzeyinin tikintisinə başlanılıb. Bu barədə Milli Məclisin üzvü Vahid Əhmədov Modern.az saytına bildirib. Muzeyin tikintisini “AZİNKO” şirkəti həyata keçrir. Şirkətin apardığı iş 2011-ci ildə başa çatmalıdır. Gələn ilin sonunda “Soyqırımı memorial kompleksi”nin açılışı olacaq.
Tikinti işləri ilə əlaqadar üzdə olan insan sümüklərinin üstü örtülüb.
Xatırladaq ki, 2009-cu il dekabrın 30-da Prezident İlham Əliyev Qubadakı kütləvi məzarlıqda “Soyqırımı memorial kompleksi”nin yaradılması barədə sərəncam imzalayıb.
Prezidentin Ehtiyat Fondundan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1 milyon manat məbləğində vəsait ayrılıb.
Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu təsdiqlənib.
Modern.az