Con Elvisin qalmaqallı qətli ilə bağlı Baş Prokurorluğun açıqlamasında bütün sübutların FTB-yə verildiyi bildirilir
Azərbaycan Respublikasının Baş Prokurorluğu Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Elvis Con Mayklın qəsdən öldürülməsi faktı ilə bağlı «Vaşinqton Post» qəzetində dərc olunmuş yazı ilə barədə mövqeyini açıqlayıb.
Baş Prokurorluğun saytında yerləşdiirlən məlumatda deyilir ki, «Vaşinqton Post» qəzetində dərc olunmuş informasiyalar həqiqəti özündə əks etdirmir.
Baş Prokurorluq bildirib ki, ki, «Yeni Müsavat» qəzetinin 27 dekabr 2010-cu il tarixli 339 (4655) sayında «Vaşinqton açılmamış qətlləri gündəmə gətirdi», «Azadlıq» qəzetinin 26-27 dekabr 2010-cu il tarixli 292 (4446) sayında «ABŞ-dan Əliyevlərə sui-qəsd ittihamı» başlıqlı məqalələrdə, ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri olmuş Piter Van Praqın «Vaşinqton Post» qəzetində «Azərbaycana hər iki partiyanın dəstəyi lazımdır» başlıqlı yazısında 2000-ci ildə Azərbaycan parlamentinə keçirilən seçkilərdən sonra sıradan çıxarılan müxalifətin mübariz qüvvələri ilə sıx əməkdaşlıq etdiyinə görə Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Elvis Con Mayklın seçkilərdən dörd həftə sonra Bakıdakı mənzilində qətlə yetirildiyi, həmçinin ABŞ Federal Təhqiqatlar Bürosunun bununla bağlı cinayət işinin istintaqından narazı olması barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.
- Bununla əlaqədar bildiririk ki, 30 noyabr 2000-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, H.Rzayeva küçəsi, 7 saylı evdə ABŞ vətəndaşı, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan Respublikası və Gürcüstan üzrə proqram layihəsinin nümayəndəsi Con Elvisin bədəni üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar olunması faktına görə həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Con Elvisin tamah məqsədi ilə, ənənəvi orientasiyaya malik olmayan şəxslərlə qeyri-normal davranışı zəminində, fəaliyyəti ilə əlaqədar siyasi motivlər zəminində, o cümlədən əcnəbi xüsusi xidmət orqanları tərəfindən ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirilməsi məqsədi ilə, həmçinin ABŞ vətəndaşlarına qarşı terror əməliyyatları həyata keçirən terrorçu təşkilatların üzvləri tərəfindən öldürülməsini nəzərdə tutan əsas fərziyyələr irəli sürülərək hərtərəfli yoxlanılıb.
Cinayət işi üzrə geniş miqyaslı istintaq-əməliyyat tədbirləri həyata keçirilib, 1000 nəfərə yaxın şəxs şahid qismində dindirilib, təqribən 1500 nəfərin əl-barmaq izləri çıxarılaraq eyniləşdirmə tədqiqatına verilib, 700 nəfərin barəsində əməliyyat müşahidəsi aparılması təşkil edilib, məhkəmə tibbi, bioloji, trasoloji, kriminalistik, lifli materialların kriminalistik tədqiqatı, kompleks tibbi-kriminalistik və digər xarakterli 36 ekspertiza təyin edilərək müvafiq rəylər alınıb.
inayətin Con Elvisin xidməti fəaliyyəti ilə əlaqədar siyasi motivlərlə törədilməsi fərziyyəsi üzrə onun Azərbaycan Respublikasında mövcud siyasi partiyalar, birlik və təşkilatlarla, ABŞ-ın və digər xarici dövlətlərin Azərbaycanda olan nümayəndələri ilə işgüzar əlaqələrinin və münasibətlərinin araşdırılması sahəsində istintaq tədbirləri aparılıb, qeyd olunan qurumların nümayəndələri, ABŞ Respublikaçılar İnstitutunun Tbilisi şəhərində olan ofisinin əməkdaşları dindirilib, onların həmin beynəlxalq təşkilatlar, partiyalar və sair birləşmələrlə olan münasibətləri, eləcə də bu amillərin cinayətlə əlaqəsi olması ehtimalı öyrənilib.
Con Elvisin qeyri-ənənəvi oriyentasiyası və həyat tərzi zəminində öldürülməsi fərziyyəsi üzrə onun restoran, bar və digər istirahət-əyləncə yerlərində tanış olduğu şəxslərin, intim münasibət saxladığı qadın və kişilərin, o cümlədən yaşadığı əraziyə yaxın dayanacaq və küçələrdə avtomaşınların yuyulması ilə məşğul olan azyaşlıların, habelə Bakı şəhərində yaşayan qeyri-ənənəvi oriyentasiyaya malik, sadizmə meylli şəxslərin dairəsi müəyyən edilib, onların Con Elvislə əlaqələri araşdırılib və bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə yerinə əlavə baxışda iştirak edən ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları Con Elvisin şəxsi əşyaları arasında «Zaur» adlı şəxsin adından ingilis dilində yazılmış və onun kişilərlə intim əlaqələrini təsdiqləyən məktub aşkar edərək istintaqa təqdim ediblər. Məktubda göstərilənlərlə əlaqədar belə adda 105 nəfər müəyyən edilərək əlaqələri araşdırılıb, onların əksəriyyəti şahid qismində dindirilib, əl-barmaq izləri, qan və əlyazma nümunələri götürülərək tədqiqat üçün FTB-yə göndərilmiş, eynilik müəyyən edilməyib.
Cinayət işinin istintaqı ilə əlaqədar hüquqi yardım göstərilməsi barədə ABŞ FTB qarşısında vəsatət qaldırılib, verilmiş tapşırıqlar əsasında ifadələri iş üzrə əhəmiyyət kəsb edən xarici ölkə vətəndaşları FTB əməkdaşları tərəfindən dindirilib, onların əl-barmaq izləri çıxarılaraq ekspertizaya təqdim olunub. Hadisə yerindən götürülmüş maddi sübutlar ən müasir elmi-texniki vasitələrin tətbiqi ilə ekspertiza tədqiqatından keçirilməsi üçün ABŞ FTB-na göndərilib və cavabları alınaraq cinayət işinə əlavə edilib.
ABŞ FTB tərəfindən aparılmış tədqiqat nəticəsində hadisə yerində Con Elvisə məxsus olan qan izləri ilə bərabər başqa şəxsin də qan izləri aşkarlanıb və cinsi kodu müəyyən edilib. Bununla əlaqədar istintaq marağı doğuran şəxslərin əl-barmaq izləri, tüpürcək və qan nümunələri götürülərək eyniləşdirlməsi üçün mütəmadi olaraq ABŞ FTB-yə təqdim olunub.
Hadisənin baş verdiyi zaman həmin əraziyə daxil olmuş avtomaşının videogörüntüsündən ABŞ FTB əməkdaşları tərəfindən fotosurət çıxarılıb, bununla əlaqədar Bakı şəhərində qeydiyyatda olan və iş üzrə maraq doğuran 1000 ədəddən çox oxşar markalı avtomaşın əməliyyat yolu ilə yoxlanılib, 21 avtomaşının sahibi istintaqa cəlb edilərək dindirilib.
Cinayətdə iştirakı ehtimal olunan şəxslərin əl-barmaq izləri ekspertiza tədqiqatından keçirilmiş və qan nümunələri tədqiq olunması üçün ABŞ FTB-yə göndərilib.
Con Elvisin qəsdən öldürülməsi faktına görə şübhəli şəxs qismində tutulan olmayib, hər hansı şəxsə ittiham elan edilməyib, cinayət işi Azərbaycan Respublikası Baş prokurorunun əmri ilə yaradılmış xüsusi komissiya tərəfindən öyrənilmiş və verilmiş göstərişlərin tam həcmdə icrası təmin olunub.
İstintaqın əldə etdiyi nəticələr barədə ABŞ Konqresinin Nümayəndələr Palatası, FTB-nin Qafqaz üzrə nümayəndəliyi və digər qurumlar mütəmadi məlumatlandırılıb, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi vasitəsi ilə maddi sübutların ekspertizası təşkil edilib, ABŞ FTB, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi əməkdaşları və başqaları ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq qrupunun üzvləri, Azərbaycan Respublikası Daxili İşlər və Milli Təhlukəsizlik nazirliklərinin əməliyyat işçilərinin görüşlərində istintaqın gedişi, irəli sürülmüş fərziyyələr və əldə edilmiş nəticələr ətraflı müzakirə edilib.
“İstintaqın təkzibedilməz dəlilləri ilə Con Elvisin siyasi və əmək fəaliyyəti ilə əlaqədar qətlə yetirilməsi öz təsdiqini tapmadığı, hadisənin onun qeyri-ənənəvi oriyentasiyaya malik şəxslərlə intim əlaqələri zəminində baş verməsi ehtimalı daha yüksək olduğu halda, bunlardan sanki xəbərsiz olan Piter Van Praq öz məqaləsində həmin faktları qərəzli şəkildə təhrif edərək, oxucu kütləsinə onun guya demokratik qüvvələrlə sıx əməkdaşlığına görə öldürülməsi kimi çatdırmağa cəhd etmişdir”-deyə prokuruoluğun açıqlamasında deyilir.
Azərbaycan Respublikasının hüquq mühafizə orqanları araşdırılan cinayət işinin istintaqı və digər məsələlər üzrə ABŞ FTB ilə hüquqi yardım sahəsində işgüzar münasibətlərə önəm verdiklərini dəfələrlə bəyan etmiş və qarşılıqlı faydalı əməkdaşlığa bundan sonra da hazırdır.
Modern.az