Modern.az

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başladı

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başladı

1 Yanvar 2011, 12:12

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə bu gün Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması prosesinə start verilib. Modern.az-ın məlumatına görə, proses 2011-ci il yanvarın 30-dək davam edəcək.

Fərmana əsasən, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi qərara alınıb: 1. 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaqlar. 2. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci ilin yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görəcəklər. Qeyd edək ki, Nazirlər Kabineti bir neçə gün öncə Azərbaycan vətəndaşlarının 2011-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında qərar qəbul edib və Respublika Çağırış Komissiyasının tərkibini təsdiqləyib.

Qərara əsasən, Respublika Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası vətəndaşların Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etməlidir. Qərarın 4-cü bəndi məxfi saxlanılıb. Qərarla Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirlikləri və yerli icra hakimiyyəti orqanlarına vətəndaşların 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün nəzərdə tutulmuş aidiyyəti tədbirlər görmək tapşırığı verilib. Baş nazirin imzaladığı qərarla Respublika Çağırış Komissiyasının sədri vəzifəsinə respublika hərbi komissarının müavini, polkovnik Ramiz Məmmədov, müavin vəzifəsinə isə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev təyin olunub. Komissiyaya daxili işlər, ədliyyə və səhiyyə nazirinin müavinləri, həmçinin Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini və deputat Siyavuş Novruzov da üzv qismində daxil edilib. Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu