Artıq iki gündür Gəncə şəhərində fəaliyyət göstərən poçt şöbələri işini dayandırıb. Buna səbəb “Azərenerji” ASC tərəfindən Gəncənin poçtlarına verilən elektrik enerjisinin kəsilməsidir. Modern.az saytının məlumatına görə, Gəncənin 22 poçt şöbəsinin 18-nin elektrik enerjisi dayandırılıb. Nəticədə dünən gün ərzində şöbələrin heç biri işləyə bilməyib. Gəncə şəhər Regional Poçt Şöbəsinin rəisi Hüseyn Vəliyev Modern.az-a deyib ki, poçt şöbələrinə elektrik enerjisinin verilişinin dayandırılması müqavilənin bitməsi ilə bağlıdır.
“Yığım haqqlarının artırılmaması problermin mənbəyində duran əsas amildir. Başqa ifadə ilə desək, “Azərpoçt” elektrik enerjisinin yığım haqqlarının müqabilində verilən xidmət haqqının az olmasını əsas gətirib. Bu isə “Azərenerji” rəhbərliyinin qəzəbinə gəlib və göstərişə uyğun olaraq Gəncənin poçt şöbələrinin işıqları kəsilib”-deyə H.Vəliyev bildirib.
Bundan əlavə, “Azərenerji”nin rəsmiləri yerli qrumlara elektrik enerjisinin haqqlarının poçtlardan götürülməsi ilə bağlı da göstəriş verib. Artıq iki gündür ki, elektrik enerjisinin ödənilməsi ancaq bir yerdə Gəncə şəhər Mərkəzi Poçtunda aparılır. Bu da nəticə etibarı ilə vətəndaşların narazılığına səbəb olub. Mərkəzi poçtda növbələr yaranıb. Abunəçilər elektrik enerjisinin haqqının ödənilməsi üçün saatlarla gözləməli olur.
Əməkdaşımız məsələylə bağlı Gəncə Regional Enerji Təhcizatı İdarəsinin mövqeyini öyrənə bilməyib. İdarə rəisi Eldar Eldarov sadəcə şifahi şəkildə baş verənlərə “Azərenerji”nin Bakidakı rəsmilərinin aydınlıq gətirə biləcəyini bildirib.
Ən son məlumata görə hələ də Gəncənin poçt şöbələrinə elektrik enerjisinin verilişi bərpa olunmayıb.
Modern.az