Azərbaycanda əhalinin sonuncu siyahıya alınmasından iki ilə yaxın vaxt ötür. Dövlət Statistika Komitəsi tərəfindən aparılan siyahıyaalma 2009-cu il aprel ayının 13-dən 22-dək davam edib. Komitə əhalinin siyahıya alınmasının ilkin məlumatlarını açıqlasa da, yekun hesabat ictimaiyyətə təqdim olunmamışdı. Artıq yekun hesabatlar da hazırdır.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Meri Qardaşxanova Modern.az saytına bildirib ki, siyahıyaalmanın yekun nəticələrinə dair 7 kitab nəşr olunub.
“Kitablar artıq paylanılır. Kim istəsə, Dövlət Satatistika Komitəsinin Siyahıyaalma idarəsindən götürə bilər. Nəticələrin mediada açıqlanmamasına gəlincə, elə iri cədvəllər var ki, istəyənlər məlumatları bizim kitablardan öyrənə bilərlər”.
Xatırladaq ki, Dövlət Statistika Komitəsi tərəfindən aparılan siyahıyaalma 2009-cu il aprel ayının 13-dən 22-dək davam edib. Bu tədbirdə əhalidən müvafiq məlumatların toplanmasını 24 min nəfərdən ibarət xüsusi işçilər aparıb. Sorğu anketinə 35 sual daxil edilib. Sualların 29-u vətəndaşın özü, 6-sı isə onun mənzil şəraiti ilə bağlı olub.
Azərbaycanda əhalinin siyahıya alınması hər 10 ildən bir keçirilir. Siyahıyaalmanın keçirilməsində əsas məqsəd əhali ilə bağlı uçot məlumatlarının dəqiqləşdirilməsidir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin sayı 9 milyon nəfərdən çoxdur . Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır. Əhalinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir.
Aytən Əliyeva