Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, millət vəkili Tahir Rzayev Azərbaycanda bələdiyyələrə məxsus məktəblərin, xəstəxanaların və bu kimi müəssisələrin olmamasını onların təşəbbüssüzlüyü ilə əlaqələndirib. Modern.az saytına açıqlamasında deputat qeyd edib ki, bu məsələlərin həlli üçün ilk öncə maddi-texniki baza və vəsait tələb olunur.
Millət vəkili qeyd edib ki, bələdiyyələrin əsasnamələrində bələdiyyələrin məktəb və xəstəxanalar yaratmasına icazə verilir: “Təhsil naziri bir neçə gün öncə bildirdi ki, Azərbaycanda məktəbəqədər müəssisələri bitirməyən uşaqlar orta məktəblərə qəbul olunmayacaqlar. Azərbaycanda uşaq bağçaları ilə bağlı bir çox problemlər var. Bakıda və rayonlarda uşaq bağçalarına böyük ehtiyac var. Hesab edirəm ki, bələdiyyələr uşaq bağçaları ilə bağlı müəyyən işlər görə bilərlər. Hətta icazə verilir ki, evlərdə də bağçalar yaradılsın. Son zamanlar Bakıda və ətraf rayonlarda xüsusi iş adamları evlərdə uşaq bağçaları yaradırlar. Ona görə də, istərdik ki, bələdiyyələr də bu işlərlə ciddi məşğul olsunlar”.
Bələdiyyələrin bu istiqamətdə fəaliyyətsizliyinə gəlincə, deputat qeyd edib ki, ümumiyyətlə, nədənsə bələdiyyələr belə məsələlərlə bağlı təşəbüs etmirlər: “Bunun səbəbi nədir, bilmirəm, bəlkə kimdənsə çəkinirlər, kimdənsə ehtiyat edirlər, deyə bilmərəm, sadəcə onu deyə bilərəm ki, dövlət bələdiyyələrin inkişafında maraqlıdır.
Hətta bələdiyyələr hansısa bağçalar, məktəblər açsalar bunun üçün heç bir mütəxəssis problemi olmayacaq.
Onu da qeyd edim ki, Azərbaycan MDB məkanında yeganə ölkədir ki, bizdə bələdiyyələrlə bağlı 30-a yaxın qanun var.
Milli Məclisin plenar iclasında bizim komitəmizin iki məsələsi var. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi və bələdiyyələrin hesabatı haqda sənədlər Milli Məclisin plenar iclasında müzakirə ediləcək. Deyə bilərəm ki, bələdiyyələrə yeni səlahiyyətlərin verilməsi gözlənilir. Biz çox istərdik ki, bələdiyyələr maraqlı təkliflərlə çıxış etsinlər. Bələdiyyələrə bizdə yalnız torpaq satan bir qurum kimi baxırlar”.
Anar Rüstəmov