Modern.az

Liderlik mənəvi-siyasi keyfiyyətdir, iranlı dostlar..

Liderlik mənəvi-siyasi keyfiyyətdir, iranlı dostlar..

12 Yanvar 2011, 10:52

Prezidentlərin Yeni il mesajları artıq bütün dünyada ənənəyə çevrilib.  Bu mesajlarda geridə qalan ilin qiymətləndirilməsi və gələcək illərlə bağlı arzular ifadə olunur. Azərbaycanda il keçidi həm də bir başqa tarixi günlə - Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı ilə də əlamətdardır.

Prezident İlham Əliyevin builki müraciəti ölkə həyatının əsas aparıcı tendensiyalarını dolğun əks etdirməklə bərabər, əvvəlki illərdə olduğu kimi dünyada yaşayan bütün azərbaycanlıları vahid Azərbaycan dövləti ətrafında birləşməyə hesablanmışdı. Prezident öz müraciətində Azərbaycan dövlətinin dünyadakı soydaşlarımızı müdafiə edəcəyini bildirərək onları yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal olmağa və geniş yer tutmağa səslədi. Çıxışda qeyd olundu ki, Azərbaycan müasir və güclü dövlətə çevrilib. Dünyada yaşayan hər bir azərbaycanlı da bilməlidir ki, onun Azərbaycan dövləti kimi güclü dayağı var və onların maraqları həmişə müdafiə olunacaqdır. Heç şübhəsiz ki, bu, səfərbəredici bir mövqedir. Bütün resursların Azərbaycanın mənafeyi naminə birləşdirilməsi  nəinki normal bir istək, həm də dövlət başçısının konstitusion səlahiyyətidir. Lakin çox təəccüblüdür ki, İranın ayrı-ayrı dairələri bu çıxışa münasibətdə qıcıq doğuran reaksiyalar nümayiş etdirirlər.  
                                                                     
Azərbaycan Prezidentinin müraciətinin tezislərini təhrif etməyə çalışanlar əslində bu təhriflə nədən ehtiyatlandıqlarını bizə nümayiş etdirdilər. İranın eks-qubernatorları, ayrı-ayrı televiziya şərhçiləri, həmçinin parlamentin təhlükəsizlik komitəsinin rəhbərinin eyni tezislər əsasında səslənən bəyanatları bu azad ölkədə hamının necə də bir dillə danışdığını və “ictimai etirazlar”ın miqyasını göstərdi.

Dünya azərbaycanlısı yaxşı gördü ki, sən demə bir millətin həmrəyliyi başqa bir dövlətin siyasi iflasına səbəb ola bilərmiş. Biz əlbəttə ki, qonşu olkənin ictimai fikrini formalaşdıran şəxslərin müstəqil qərar vermə imkanlarını araşdırmırıq. Əks halda dünyada hökm sürən antiİran hərəkatının təsmilçisi olduğumuz barədə qarşı tərəfə yanlış arqumentlər verərdik ki bu da bizə gərək deyil. Üstəlik, İran prezidentinin yeni il çıxışının bu ölkənin həyatında mühüm hadisəyə çevrilib-çevrilmədiyi və öz xalqının gələcəyini müəyyənləşdirmək baxımından hansı əhəmiyyətə malik olduğunu söyləmək də bizim üçün çətindir.

Azərbaycanın dövlət rəhbərinin çıxışında ərazi iddiaları elementi tapmaq üçün verilən təfsirlər və təhlilləri iranlı dostlarımız bir kənara qoymalıdırlar, həm də ona görə ki, İran prezidenti elə bu yaxınlarda Türkiyədə İlham Əliyevin ünvanına təkcə diplomaik səciyyə daşımayan xoş epitetlər söyləmişdi. Ona görə İran vətəndaşlarının bu dövlətin ideologiyası ətrafında birliyini sarsıtmaq məqsədinə xidmət edəcək çıxışların tezisləri başqa arqumentə söykənməli idi. Aydındır ki, bu narahatçılığı doğuran səbəblərin həqiqi məqsədi tamam başqadır. İran siyasi elitasının bəlli dairələrinin təlimatı əsasında antiAzərbaycan mövqeyini dilə gətirənlər, Azərbaycanın xarici siyasət kursunda öz ölkəsinə qarşı təhlükə axtaranlar deyəsən axı sadəcə "qüdrətli və azad Azərbaycan” gerçəkliyindən rahatsızdılar. Məgər “hamımızın bir vətəni var” deyən İlham Əliyev Avropa azərbaycanlısına onun yaşadığı ölkənin siyasi sistemi əleyhinə istiqamətmi verir, yaxud soydaşlarımızı yaşadıqları dövlətlərin idarəçilik elitası əleyhinə qalxmağamı təşviq edir. Aydındır ki, burada heç bir itaətsizlik elementlərindən söhbət gedə bilməz. Şübhə yoxdur ki, burada səbəb müstəqil Azərbaycanın geosiyasi və geoiqtisadi faktora çevruilməsi gerçəkliyidir. Yüzillər ərzində müstəqil dövlət amalları ilə yaşayan millətimizi gücünü məhz parçalayaraq, onları vahid hədəflərdən yayındıra bilmişlər. İndi dünya miqyasında yaşayan böyük bir xalqın təşkilatlanması və toparlanması baş verirsə, narahatçılıqların deyilməyən səbəbi məhz budur.

Çox hörmətli Mahmud Əhmədinecat dünya və İran azərbaycanlılarına müraciət edib öz ölkəsini onların güvənc yerinə çevrildiyini qeyd etsə, bu bizi rahatsız etməzdi. Təki İran rəhbərliyi bunun üçün gərəkən tədbirləri həyata keçirsin, Şər dediyi dünya işğalçısına - deməli  həm də Ermənistana qarşı müharibədə dünya azərbaycanlısı ilə həmrəylik göstərsin. 

Ona görə də “Azərbaycan bayrağı Şuşa və Xankəndində dalğalanacaqdır” deyən Prezident İlham Əliyevin bəyanatına Ermənistan və İranın ekspertlərinin vahid  antihəmrəy mövqeyi belə bir ritorik suala əsas yaradır: siz kiminlə həmrəysiniz cənab Ələddin Brucerdi? Siz ki, İranın parlamentində təhlükəsizlik məsələlərinə cavabdehlik daşıyırsınız. Bəlkə İranın regional və beynəlxalq izolyasiya səbəbləri fonunda həm də bunu görəsiniz ki, Azərbaycanın düşmənləri İranın yaxın dostlarıdır!!               
     
O ki qaldı Azərbaycan Prezidentinin dünya azərbaycanlılarının lideri kimi qəbul olunmasına bu bir mənəvi-siyasi liderlikdir. Hər bir dövlət dünyadakı və regiondakı əsas tendensiyaları və çağırışları dəyərləndirir və bu, çox normaldır. Dövlətlər məhz bunun üzərində öz gələcək fəaliyyətlərini qururlar, öz xalqlarını səfərbər edirlər. Əslində İranın məlum dairələri bu məsələ ətrafında dəyərləndirmə apararkən Azərbaycanın ötən müddət ərzində daim qonşu ölkənin daxili həyatına müdaxilədən özünü tamamilə kənar saxlamasını qiymətləndirməli idilər.  

İranın nüvə problemi ilə bağlı məsələyə Azərbaycanın reaksiyası da ortadadır. İranın rəsmi dairələri bunu iki ölkə arasında münasibətlərin gələcəyi üçün mühüm nailiyyət kimi dəyərləndiriblər. Bütün bunlar nəzərə alınarsa, İranın narahatlığına heç bir əsas yox idi. Azərbaycan Prezidentinin dünya azərbaycanlılarına müraciəti kimisə narahat etməməlidir. Azərbaycanın tarixi torpaqlarında yaradılan Ermənistanın siyasi şərhçiləri ilə İran ekspertlərinin «birliyinin» gələcəyini görmək istəməzdik. Diqqət yetirsək, dini bayramlar zamanı da Azərbaycan Prezidenti dünya müsəlmanlarına  müraciət edir. Belə çıxır ki, bundan da narahat olmaq lazımdır?  Yetər ki, İranın özünü Fələstinin və dünyada yaşayan digər müsəlmanların qoruyucusu kimi təqdim etməsini misal göstərək.         
                                                                                                  
Bu cür  reaksiyalar İranın gələcək siyasəti üçün problemlər yarada bilər. Azərbaycan indiyədək İranın «Səhər» kanalının mərkəzdən aldığı təlimatlar əsasında antiazərbaycan siyasətinə çox dözümlü münasibət göstərib. Bu gün «Səhər» kanalı Azərbaycan müxalifətinin tribunasına çevrilib. Bu kanal sanki ölkədaxili həyatda bir tərəf kimi iştirak etməkdədir. Amma Azərbaycan hökuməti indiyədək bir dəfə də olsun rəsmi şəkildə İranın qarşısında bununla bağlı hansısa tələblə çıxış etməyib. Belə olan halda İranın ayrı-ayrı dairələrinin Azərbaycan Prezidentinin çıxışı ilə bağlı tutduğu mövqe yanlışdır.

Azərbaycan Prezidentinin dünyada yaşayan bütün azərbaycanlıların lideri olması mənəvi və siyasi keyfiyyətdir. Söhbətin  hansısa rəsmi statusdan gedəcəyini gələcək müəyyənləşdirəcək. Bu mənəvi və siyasi statusa sahiblənmək üçün başqalarının da şansı var. Amma bu bir faktdır ki, Azərbaycan Prezidenti ötən müddət ərzində türk dünyasının yaxınlaşmasında, diaspor institutlarımızın strukturlaşmasında, daha geniş arealda siyasi maraqlarımızın müdafiəsində tarixi  fəaliyyət göstərir, lazımi təşkilati mexanizmlər yaradır. Bu işi İranın liderləri də edə bilərmi?

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu