Paytaxt məktəblərində vahid məktəbli formasının seçimi ilə bağlı yekun qərar elan edilib. Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. “Məlumdur ki, I - IV siniflər üçün forma cari tədris ilinin sentyabr ayından müəyyən edilib. Hazırda Bakının bütün məktəblərində ibtidai sinif şagirdlərinin 90 faizindən çoxu tədris prosesinə vahid forma ilə qoşulur”-deyə idarədən bildirilib.
Artıq yuxarı sinif şagirdləri üçün də vahid məktəbli formasının seçim prosesi başa çatıb.
Qeyd edək ki, vahid məktəbli formasının seçim prosesində Valideyn - Müəllim Assosiasiyaları (VMA) da iştirak edib.
Yekun nəticəyə görə, I - VI sinif şagirdlərinin vahid məktəbli forması eyni, VII - XI sinif şagirdlərinin geyimi isə eyni olacaq. Beləliklə, Bakının orta ümumtəhsil məktəblərində 2011 – 2012 – ci dərs ilindən etibarən bütün sinifləri əhatə etməklə 2 formada vahid məktəbli geyimi tətbiq ediləcək.
Məlumat üçün bildirək ki, VII - XI sinif şagirdləri üçün vahid məktəbli forması yanvarın 12 - də Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunan mətbuat konfransında nümayiş etdirilib. Konfransda məktəbli formalarının seçim prosesini reallaşdıran VMA – nın vitse – prezidenti, Assosiasiyanın İdarə Heyətinin üzvləri, şagirdlər, valideynlər, Bakı Tikiş Evinin İdarə Heyətinin sədri Fədai Rəhimov iştirak ediblər.
|
|
|
|
|