Bir qrup məcburi köçkünə verilən “çörəkpulu”nun dayandırılacağı ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində təlimat hazırlanır.
Modern.az saytının məlumatına görə, “Dövlətqaçqınkom”da hazırlanan təlimata görə, valideynlərindən biri məcburi köçkün olmayanlarla yanaşı, dövlət qulluğunda çalışan, hərbi sistemdə, qulluq edən məcburi köçkünlərə, məcburi köçkün rayonundan olan şəxslərlə ailə qurmuş digər rayonlardan olan qadınlara da “çörəkpulu”nun verilməməsi nəzərdə tutulur. Həmçinin, işğal olunmuş bölgələrdən Milli Məclisin üzvlüyünə seçilmiş şəxslər, digər şəhər və rayonlarda mənzil alıb, həmin yer üzrə qeydiyyata düşən ailələr də məcburi köçkün olaraq “çörəkpulu” ala bilməzlər.
119 saylı Ağdam kənd seçki dairəsindən seçilmiş deputat Bəxtiyar Əliyev Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib: “Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda olmadığından onun müavini ilə əlaqə saxladım. Sizin qeyd etdiyiniz məsələlərin hamısı nəzərdə tutulan dəyişikliklərdə yer alıb”.
Depuatat dəyişikliyin hər biri barədə mövqeyini açıqlayıb: “Dövlət qulluğunda çalışanların “çörəkpulu” kəsiləcək. Əslində onların buna ehtiyacı yoxdur. Açıq danışaq, icra başçısının, deputatın, prokurorun, polis rəisinin yaxud da dövlət qulluğunda çalışan başqalarının çörəkpuluna nə dərəcədə ehtiyacı var.
Əgər hansısa ailədə valideynlərdən biri məcburi köçkün deyilsə, eyni qayda onlara da şamil ediləcək. Bu da doğru yanaşmadır.
Tutaq ki, hansısa məcburi köçkün qız məcburi köçkün olmayan oğlanla ailə qurur. Buna ehtiyacdırmı ki, çörəkpulu alsın. Yaxud o, neçə məcburi köçkün, imkansız hesab edilə bilər.
Bundan başqa, ədliyyə sistemində çalışanlara və hərbi sistemdə olanlara da “çörəkpulu”nun verilməməsi nəzərdə tutulur.
Məsələ ondadır ki, bu insanlara müvafiq qurumlar tərəfindən aylıq ərzaq üçün vəsait verilir. Ona görə də bir şəxsə ay ərzində iki qurum tərəfindən ərzaq pulunun verilməsi nə dərəcədə uyğundur?”.
Deputat qeyd edib ki, bu təlimatın hazırlanmasında məqsəd “çörəkpulu”nun konkret olaraq ehtiyacı olanlara verilməsidir: “Allaha şükür, dövlətimizin imkanı da var, pulu da. Sadəcə, kömək imkansızlara edilməlidir”.
“İmkansızları kim və necə müəyyənləşdirəcək? Ünvanlı sosial yardımlar da imkansızlara verilməli idi. Ancaq məlum oldu ki, bu institut heç də gözlənilən nəticəni vermədi. Əksinə, narazı qalanlar şikayət edənlər daha çox oldu. Buna necə baxırsınız” sualına Bəxtiyar Sadıqov belə cavab verdi:
“Siyasət abstrak bir şeydir. Əsas onun işraçılarıdır. Hər kəs üzərinə düşən vəzifəni vicdanla həyata keçirməlidir. Bilmək lazımdır ki, hər hansı sənəd hazırlananda bu, vicdansızlar üçün ölçülmür. Ona görə də ünvanlı sosial yardımlar kimi burada da neqativ halların olacağını istisna etmək olmaz. Əsas odur ki, hökumətimiz, dövlətimiz güclüdür və Azərbaycan vətəndaşının yüksək səviyyədə yaşaması onların prioritet məsələsidir”.
Modern.az