Azərbaycanın bütün dövlət orqanlarındakı telefon məlumat xidmətləri bir mərkəzdə birləşdiriləcək. Bu xidmət vasitəsilə biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, gömrük rəsmiləşdirilməsi, sosial və digər icbari ödənişlər, əmək qanunvericiliyi, sosial müdafiə, pensiya təminatı və s. barədə məlumat almaq mümkün olacaq.
Modern.az-ın məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən xəbər verilib.
Hazırda sahibkarların və vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən məlumat almalarını təmin etmək məqsədilə Vergilər Nazirliyinin «195» telefon məlumat xidmətinin və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlərin telefon məlumat xidmətinə (TMX) inteqrasiya olunaraq vahid TMX-nin təşkil edilməsi üzərində iş aparılır. Bu, vergilər naziri Fazil Məmmədovun təsdiqlədiyi «2011-2015-ci illərdə vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı konsepisiyası»nda nəzərdə tutulub.