Yanvarın 22-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasını xatırladaraq ötən il də ölkə iqtisadiyyatının dinamik inkişafının ənənəvi olaraq damam etdiyini vurğulayıb.
Bu inkişafda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin də töhfəsinin olduğunu deyən nazir bildirib ki, ilkin məlumatlara görə, sektorda qeydə alınan gəlirlərin artımı 30 faizə yaxın təşkil edib ki, bu zaman müvafiq orta dünya göstəriciləri 7-8 faiz civarındadır.
Region ATS-lərinin elektronlaşdırılması prosesinin tam başa çatdığını xüsusi qeyd edən Əli Abbasov, "Aztelekom" İstehsalat Birliyi tərəfindən bu işin vaxtında yerinə yetirilməsini təqdirəlayiq hesab edib və İB-yə müvafiq qaydada təşəkkür təqdim olunmasına dair göstəriş verib.
Ümumiyyətlə 2010-cu ildə nazirliyin qarşısında duran məsələlərin uğurla həyata keçirildiyini deyən Əli Abbasov, buna baxmayaraq daha diqqətli yanaşma tələb edən bəzi məqamlarında da olduğunu qeyd edib.
Nazirin giriş sözündən sonra rabitə və informasiya texnologiyaları sahəsindəki xidmətlərinə görə bəzi şəxslərin fəxri ad və diplomlarla təltif olunmasına dair əmrlər oxunub.
Daha sonra tədbirdə RİTN-in Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyevin 2010-cu ilin yekunlarına dair məruzəsi dinlənilib.
Kollegiya iclasında ötən ilin fəaliyyətinə dair məruzələrlə həmçinin "Aztelekom", Bakı Telefon Rabitəsi istehsalat birliklərinin, Dövlət Radiotezliklər İdarəsinin, Məlumat Hesablama Mərkəzinin, eləcə də Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin rəhbərləri çıxış ediblər.
Bundan əlavə tədbirdə ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının tətbiq etdikləri tariflər və rouminq-xidmətlərin qiymətlərinə dair məsələlər müzakirəyə qaldırılıb. Qeyd olunub ki, bu sahədə müşahidə olunan kifayət qədər qeyri-şəffaf vəziyyət bir tənzimləyici orqan kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini qane etmir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, həmin operatorların qiymət sistemi şəffaf və qənaətbəxş deyil, onlar beynəlxalq və rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq edirlər, istehlakçılar bundan əziyyət çəkirlər. Ə.Abbasov deyib ki, bu qiymətlər tezliklə aşağı salınacaq.
Əli Abbasov cari ildə rəhbərlik etdiyi qurumun qarşısında duran prioritet istiqamətləri və vəzifələri müəyyən edib. Nazir paytaxt Bakıda, eləcə də regionlarda genişzolaqlı internetin istifadə səviyyəsinin artırılması məsələsinə toxunub və bu sahəni daha da sürətlə inkişaf etməsini zəruriliyini vurğulayıb. Həmçinin Əli Abbasov özəl sektorla əməkdaşlığın və müvafiq dəstəyin genişləndirməsinin vacibliyini diqqətə çatdırıb.
Sonda Əli Abbasov ötən ilki göstəriciləri bir daha diqqətə yetirərək, rabitə və informasiya texnologiyaları sektorunun ənənəvi artım və dinamik inkişafının cari ildə də davam edəcəyində əminliyini bildirib.
Qeyd edək ki, iclas zamanı videorabitə vasitəsilə ölkənin bütün telekommunikasiya qovşaqları ilə canlı bağlantı yaradılıb. Həmçinin RİTN-in kollegiya iclasını canlı olaraq nazirliyin rəsmi saytından izləmək mümkün olub.
Modern.az