“Ziyalıların Dağlıq Qarabağa getməsi faydalı prosesdir. Xalq diplomatiyası olmalıdır”. Bu sözləri Modern.az-a Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov səfir Polad Bülbüloğlunun bu istiqamətdə səylərin davam etdirildiyi barədə dediklərinə münasibətini açıqlayarkən söyləyib.
Onun sözlərinə görə, Polad Bülbüloğluna bacarıqlı siyasətçi kimi hörmət edir və səfirin təşkilatçılığı ilə əvvəlki səfərlər zamanı erməni vandalizminin sifəti ilə tanış olmaq mümkün olub.
“Polad Bülbüloğlu ora kefə getmir ki? İşğal olunmuş torpaqlarna gedəndə, ata-baba yurduna gedəndə qan ağlayır. Belə bir imkan olarsa, mən də gedərəm”-deyə B.Səfərov bildirib. İcma rəhbəri qeyd edib ki, belə ikitərəfli səfərlər məsələnin sülh yolu ilə həlli üçün kömək ola bilər.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında
Ermənistanın Rusiyadakı səfiri ilə xalq diplomatiyası çərçivəsində ziyalıların Dağlıq Qarabağa növbəti səfəri üçün səylərin davam etdirildiyini deyib. Səfir bildirib ki, bu istiqamətdə iş gedir, lakin nəticələrini indidən demək çətindir.
Modern.az