Yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayıb. Azərbaycanı sessiyada 12 millət vəkili - Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu təmsil edir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Fəzail İbrahimli, Elxan Süleymanov, Sahibə Qafarova və Fazil Mustafa daxildir.
Qeyd edək ki, bu həftənin cümə gününə kimi davam edəcək sessiyada Azərbaycanda keçirilmiş son parlament seçkisinin müşahidəsi barədə məruzə dinləniləcək.
Həmçinin assambleya sədrinin seçilməsi, insanlarla qeyri-insani davranış və Kosovoda insan orqanları ilə qanunsuz alver, Avropa Şurasında islahatlardan sonra atılacaq addımlar, İnsan Haqlarına dair Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməsi, təşkilata üzv dövlətlərdə sağlamlıq siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Modern.az