Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə fevralın birinci yarısında, ölkə ərazisində hava qeyri-sabit keçəcək. Ayın ikinci yarısından isə hava şəraiti bir qədər mülayimləşəcək.
Fevralın ilk günlərində ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Havanın hərarəti 4-6 dərəcəyədək aşağı düşüb. Hidrometeroloqlar bunu Rusiyadan daxil olan şimal küləyinin güclənməsi ilə əlaqələndirirlər. Qeyri-sabit hava şəraiti bölgələr üçün də xarakterikdir. Bəzi yerlərdə yağışların leysan xarakterli olacağı, qar yağacağı gözlənilir. Dağlıq ərazilərdə isə havanın hərarəti kəskin şəkildə düşəcək. Daha soyuq hava şəraiti fevralın ikisinədək davam edəcək.
Fevralın 3-ü və 4-ü hava nisbətən mülayimləşəcək. Ümumilikdə fevralın birinci ongünlüyündə hava şəraiti qeyri-sabit keçəcək. Tez-tez şimal küləyinin güclənməsi gözlənilir. Bəzi günlərdə mülayim cənub küləyi ilə əvəz olunacaq.
Fevralın birinci on günlüyünün sonuna ehtimal olunur ki, yenidən hava yağıntılı və küləkli olacaq.
Ayın ikinci yarısından etibarən ölkə ərazisində bir qədər mülayim hava şəraiti müşahidə olunacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi şimal-qərb və şərq rayonlarda isə normadan yüksək olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, bu günlərdə ölkə ərazisində müşahidə ediləcək hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişlidir.
Modern.az