Səhiyyə Nazirliyində keçirilən son kollegiya iclasında səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik etdiyi sahədəki problemlərə görə tabeliyindəki işçiləri ciddi tənqid edib. O. Şirəliyev həkimlik peşəsinə xələl gətirən hallara xüsusi diqqət çəkib. Xəstələrdən və onların qohumlarından, xüsusilə doğum evlərində müxtəlif bəhanələrlə qeyri-rəsmi ödənişlərin tələb olunması hallarının olduğunu vurğulayan nazir belə hallara qarşı barışmaz mübarizə aparılacağını deyib.
Modern.az saytına səhiyyə sistemindəki mənbənin verdiyi məlumata görə, həmin kollegiya iclasından sonra Bakı şəhərində yerləşən beş doğum evinin baş həkimi tutduğu vəzifədən azad edilib.
Buna səbəb həmin səhiyyə ocaqlarından daxil olan şikayətlərin çoxluğu və həmin şikayətlərdəki faktların nazirliyin araşdırması zamanı təsidqlənməsi göstərilir. Əldə etdiyimiz məlumata görə, işdən azad edilənlərdən biri Bakı şəhərindəki 1 saylı Doğum Evinin baş həkimi Stella Abbasovadır.
Modern.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən faktı nə təsiq, nə də təkzib ediblər. “Hazırda mətbuat xidmətində bununla bağlı məumat yoxdur” –deyə bildirilib.
Qeyd edək ki, ölkə mətbuatında Bakı şəhərindəki doğum evlərində rüşvətxorluğun tüğyan etməsinə dair mütəmadi yazılar dərc dilir. Doğum evlərində tibbi xidmətin keyfiyyətsizliyi, ana olmağın baha başa gəlməsi bu yazıların əsas məğzini təşkil edir. Bu məlumatlarda bildirilir ki, Bakıdakı doğum evlərində ana olmaq bir qadına 300-1000 manata başa gəlir.
Modern.az