Modern.az

Dünyanı heyrətləndirən əkizlər

Dünyanı heyrətləndirən əkizlər

30 Oktyabr 2009, 12:29

ONLARIN ARASINDA AZƏRBAYCANLILAR DA VAR

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin 9 ayında Azərbaycan Respublikasında 1196 əkiz, 18-i üçəm körpə doğulub. Son illər Azərbaycanda əkiz doğulan uşaqların sayında artım var. Lakin xarici ölkələrlə müqayisədə bizdə əkizlər ən çox halda 2, bəzi hallarda isə 3 uşaqlı olurlar. Hər il dünyada doğulan uşaqların bir qismi əkizlər olur. 2, 3, 4, 5, hətta 6 uşaqdan ibarət əkizlərin doğulması barədə kifayət qədər faktlar var. Ümumiyyətlə əkizlər haqqında maraqlı məlumatlar az deyil. Onlardan elələri var ki, bir almanın yarısı kimi oxşar olsalar da xasiyyətləri əks qütblüdür. Zahirən bir-birinə bənzəməyən, amma xasiyyətcə oxşar olan əkizlər də çoxdur. Alimlərin fikrincə, nadir hallarda əkizlərin həm zahiri və daxili aləmləri oxşar olur. Lakin  onların talelərinin, həyat yollarının eyniliyindən danışmaq çətindir. Təbiətin yaratdığı, anadan eyni vaxtda doğulan əkizlərin min bir qəribəliyi var.

 

Dünyada 80 milyona qədər əkiz var

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yaşayan 80 milyona qədər insan anadan əkiz doğulub. Son illər əkiz doğulanların sayında artım müşahidə edilir. Ötən əsrin 60-cı illəri ilə müqayisədə əkiz doğulanların sayı 2,5 dəfə artıb. Alimlər hesab edirlər ki, əkiz doğuşların çoxalması müasir tibb elminin vaxtilə mövcud olan səmərəsiz müalicə sahəsində uğurlara nail olması ilə əlaqədardır.

Statistik məlumatlara görə, əgər ötən əsrin 80-ci illərində hər 80-90 doğuşdan biri cüt uşağın dünyaya gəlişi ilə nəticələnirdisə, 90-cı illərin sonlarında hər 40-45 doğuşdan bir cüt əkiz doğulurdu. 80-ci illərin əvvəlində hər 6400 doğuşdan bir dünyaya üçəm əkiz gəlirdisə, 90-cı illərin sonlarında bu hadisə hər 1300 doğuşdan bir təkrarlanırdı.

Hazırda dünya ölkələri və xalqları arasında əkiz doğuşların sayı müxtəlifdir. Məsələn avropalılarda hər 69 doğuşdan biri, qaradərili amerikalılarda hər 60 doğuşdan biri, yaponlarda hər 150 doğuşdan biri, çinliləlrədə hər 250 doğuşdan biri, digər Asiya xalqlarında hər 125 doğuşdan biri, Nigeriyada hər 22 doğuşdan biri, Norveç, Danimarka və Niderlandda hər 49 doğuşdan biri, ingilislərdə hər 76 doğuşdan biri əkiz uşaqların dünyaya gəlməsilə nəticələnir.

ABŞ-da əhalinin hər 100 nəfərinə bir oxşar olmayan, hər 300 nəfərə isə bir oxşar olan əkiz düşür. Bu ölkədə doğulan əkizlərin 1/3-i oxşar əkizlərdir. Yaponiyada doğulan əkizlərin isə 2/3-i bir-birlərinə oxşardır.

 

Bir qadın neçə dəfə əkiz doğa bilər?

 

Beynəlxalq statistikaya görə, hazırda hər 90 əkizdən biri cüt, hər 8100 əkizdən biri üçəm, hər 729 min əkizdən biri dörd, hər 65 milyon 610 min əkizdən biri isə beş uşaqlıdır.

Alimlərin fikrincə, bir qadın bir neçə dəfə əkiz uşaq doğa bilər. Məsələn, o, oxşar olmayan cüt əkiz dünyaya gətirbsə, onda onun oxşar əkiz də doğmaq şansı ola bilər. Bundan başqa, dünyaya əkiz gələn insanlardan əkizlərin törənmə ehtimalı da böyükdür. Əkizlərdən əkizlərin əmələ gəlməsi bu əlamətin genlə bağlı olduğunu deməyə əsas verir. Bir müddət öncə Amerikada bir qadın iki dədə dalbadal üçəm doğub. Lasita ailəsi əvvəlki əkizlərdə olduğu kimi, indi də 3 uşağın saxlanılması üçün həftədə 300 «pampers» və 168 butulka süd qarışığından istifadə edirlər. Ekspertlər təkrarən üçəmin doğulması halının 64 milyon hadisədən bir baş verdiyini bildirirlər.

Dünyada doğulan cüt əkizlərin 1/3-i oğlan-qız, 1/3-i qızlar, 1/3-i isə oğlanlardır. Onların 50 faizi oxşar, 50 faizi isə qeyri-oxşar cütlərdir. Üçəmlərin 18 faizi ancaq oğlanlar, 21 faizi ancaq qızlar, 61 faizi isə 2 qız bir oğlan və ya 2 oğlan bir qızdır. Dörduşaqlı əkizlərin 5 faizi ancaq oğlanlar, 10 faizi ancaq qızlardır, dğulan əkizlərin 85 faizində isə cins bölgüsünün sayı müxtəlifdir.

 

Onların hamısı sağ qalmır

 

Onu da qeyd etmək lazımdır ki, əkiz uşaqların doğuşu ilə nəticələnən hadisələrin heç də hamısı xoşbəxt sonluqla yekunlaşmır. Bir çox hallarda əkiz doğulan uşaqların hamısı və ya bir neçəsi körpə ikən sağ qalmır. Bədbəxt sonluqların əsas səbəbi körpələrin normadan xeyli aşağı çəki ilə və vaxtından əvvəl doğulmasındadır. Məsələn, vaxtından əvvəl və yüngül çəki ilə doğulma riski tək uşaqlarla müqayisədə cüt əkizlərdə 8 dəfə, üçəmlərdə 33 dəfə yüksəkdir.

Maraqlıdır ki, tək uşağa haimlə qalan qadında hamiləlik dövrü 39-40 həftə sürürsə, cüt uşaq olanda 36 həftə, üçəmlərdə 33-34 həftə davam edir. Dörd uşaqdan ibarət əkizlər 30 həftədən, beş uşaqdan ibarət əkizlər isə 28-29 həftədən sonra douğulr. Dünyada doğulan əkizlərin 18-22 faizi solaxaydır. Halbuki əkiz doğulmayan insanlarda bu əlamət 10 faizə xasdır. Sübut olunub ki, əkizlər tez-tez öz aralarında ətrafdakıların başa düşə bilməyəcəyi tərzdə danışa bilirlər.

 

Müəmmalı olaylar

 

Nadir hallarda əkizlər doğulduqları gün bir birinə oxşar və eyni rəngdə olsalar da, aradan bir neçə il keçəndən sonra onların rəngləri dəyişir. Belə hadisələr adətən valideynlər ayrı-ayrı irqlərə (biri qaradərili, digəri ağdərili) məxsus olduqda baş verir. ABŞ-da belə əkizlərə daha çox təsadüf edilir ki, bu zaman uşaqlardan biri qaradərili, digəri isə sarı və yə ağdərili olur.

Sübut olunub ki, bir-birlərinə çox oxşayan əkizlər ana bətnində eyni yumurtalıqdan doğulanlardır. Əkizlərlə bağlı digər maraqlı məqam doğuş zamanı onların arasındakı fasilə ilə bağlıdır. Bu fasilə bir neçə dəqiqədən bir neçə sutkayadək uzana bilər. Məsələn, Kanadada cüt əkiz doğan qadının uşaqlarından biri o birindən 24 saat sonra doğulub.

 

Əkizlər haqqında müəmmalı tarixçələr çoxdur. ABŞ-ın Ohayo ştatından olan iki əkiz qardaşınkı kimi. Onların valideynləri əkizlər bir neçə aylıq olan vaxt həlak olub. Əkizləri müxtəlif ailələr övladlığa götürdüyündən onlar körpəlikdən bir-birindən ayrılıblar. Maraqlıdır ki, əkizləri övladlığa götürmüş hər iki ailə bir-birindən xəbərsiz onlara eyni ad veriblər-Ceyms. Eyni adı daşıyan qardaşların hər ikisi bir-birindən xəbərsiz hüquq təhsili alıb, çox gözəl sxem çəkmək qabiliyəti qazanıb və və dülgərlik ediblər. Bundan başqa, onların hər ikisi Linda adlı qadınlarla evləniblər. Qardaşların hər ikisinin oğlu doğulub və ən maraqlısı bu uşaqlara da eyni ad- Ceyms Alan adı verilib. Sonra hər iki qardaş öz arvadlarını boşayıb və ikinci dəfə evləniblər. Bu dəfə də onlar eyniadlı qadınlarla (Betti) evləniblər. Onların hər ikisinin Toy adlı itləri olub. Qardaşlar yalnız  40 yaşına çatanda bir-birlərini tanıyıblar.

 

Digər müəmmalı hadisə Finlandiyada baş verib. 2002-ci ildə 70 yaşlı əkiz qardaşlar ölkənin şimalında eyni şossedə bir-birilə əlaqəsi olmayan müxtəlif yol qəzalarında bir-iki saat fərqi ilə ölüblər. Polis bildirib ki, yolun bu hissəsində çoxdan qəza baş verməmişdi, ona görə eyni gündə olan, bir neçə saat fərqlə baş verən qəza haqqında məlumat onlar üçün şok vəziyyəti yaradıb. Qəzaya düşənlərin əkiz qardaşlar olduğu məlum olan vaxt polislərin baş verənləri müəmmalı təsadüf kimi qiymətləndirməkdən başqa əlacı qalmayıb.

Maraqlı hadisələr

 

Dünyada ən çox əkizlər Çində anadan olur. Bölkənin Xunan əyalətinin Baçjoy kəndi əkizlər kəndi kimi tanınır. Kənddə 427 ailə yaşayır. Bu yaşayış məntəqəsində 18 cüt əkiz yaşayır. Ən yaşlı əkizlərin 61, ən gənclərinin isə 2 yaşı var. Maraqlıdır ki, eyni nəsildən olan əkizlər daha çoxdur. Bunun sirri hələlik açıqlanmayıb.

 

2008-ci ilin oktyabrında Amerikada 31 yaşlı qadın bir dəfəyə dünyaya 6 uşaq gətirib. İlk günlər, əkizlərə ad qoyulmayan vaxtlarda həkimlər onları hərflərlə şərti işarələyiblər - A, B, C, D, E və F.

Ötən ilin oktyabrında Almaniyada da bir qadın 6 əkiz körpə dünyaya gətirib. 4 qız və 2 oğlan hamiləliyin 27-ci həftəsində doğulub. 6 əkizin dünyaya gəlməsi Almaniyada nadir hadisə kimi qiymətləndirilib. Axırıncı dəfə Almaniyada 1986-cı ildə 6 körpə dünyaya gətirən ana olub, onun körpələrindən biri ölüb.

 

2008-ci ilin dekabrında Moskva vilayətinin Lyubertsk rayon xəstəxanasında azərbaycanlı Dürdanə Səfərova birdən-birə 4 uşaq dünyaya gətirib. 35 yaşlı Səfərovanın ilk doğuşu olduğu üçün həkimlər Qeyser üsulundan istifadə ediblər. Uşaqlardan 3-cü oğlan, biri qız olub.

2009-cu ilin yanvarında ABŞ-ın Cənubi Kaliforniya ştatında  bir qadın 8 uşaq dünyaya gətirib. Körpələrin 6-sı oğlan və 2-si qız olub. Maraqlıdır ki, doğuş cəmi 5 dəqiqə davam edib. Dünyada eyni zamanda 8 uşağın doğulması faktı ilk dəfə 1998-ci ildə Hyuston şəhərində qeydə alınıb. O zaman nigeriyalı mühacir ailəsindən olan 27 yaşlı Nkem Çukvu 6 qız və 2 oğlan uşağı dünyaya gətirib. Uşaqlardan biri üstündən bir həftə keçəndən sonra ölüb, qalanlar yaşayırlar

  Hazırladı Adəm
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!