Modern.az

Deputat od püskürdü: “TQDK-da milyonlarla rüşvət alınır, BDU-da hüquqa girmək 150 min manatdır”

Deputat od püskürdü: “TQDK-da milyonlarla rüşvət alınır, BDU-da hüquqa girmək 150 min manatdır”

15 Mart 2011, 14:42

AVP sədri Fəzail Ağamalı: "Nə qədər ki, müəllimin və həkimin əməkhaqqı 90-100 manatdır, rüşvətin qarşısını almaq olmaz”

 

Milli Məclisin bu günkü iclasında hökümətin təqdim etdiyi hesabatın müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı təhsil sahəsini ciddi tənqid atəşinə tutub. Modern.az-ın parlamentdən verdiyi məlumata görə, millət vəkili orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu vurğulayaraq, bununla bağlı problemləri qaldırıb. “Necə olur ki, savadsız uşaqlar ali məktəblərə daxil olurlar? Bu gün repititorluq ali məktəbdən hörmətli olub. Axı bu necə olur?”-deyə deputat sual edib.

Daha sonra millət vəkili Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və bir sıra ali məktəblərin ünvanına korrupsiya ittihamları səsləndirib: “Bakı Dövlət Universitetinin hüquq fakültəsinə və Tibb Unversitetinə daxil olmaq üçün 150 min manat rüşvət verilir. Ölkədə korrupsiyaya qarşı mübarizə aparılırsa, bunu yaddan çıxarmaq olmaz”-deyən F.Ağamalı həmçinin tələbə qəbulu ilə bağlı qaranlıq məqamların olduğunu söyləyib.

 

“TQDK-da milyonlarla rüşvət alınır”-deyən F.Ağamalı ölkədə aparılan antikorrupsiya tədbirlərinə də toxunub. Deputat bildirib ki, əmək haqlarının az olduğu bir zamanda rüşvətlə mübarizənin səmərəli olması az ümid verir. “Nə qədər ki, müəlimin və həkimin əməkhaqqı 90-100 manatdır, rüşvətin qarşısını almaq olmaz”-deyə deputat çıxışında bildirib.  Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu