“İnsanları məhvə sürükləyən, zorakılıq doğuran bu atmosferi köklü dəyişməliyik”
Ermənistan prezidenti Serj Sərkisyan Milli Məclisin vitse-spikeri Bahar Muradovanın ona ünvanladığı müraciətə cavab verib. Modern.az erməni informasiya resurslarına istinadən bildirir ki, müraciətdə Serj Sərkisyan vitse-spikerin sözlərindən həyəcanlandığını deyib. “Milli Məclisdə mənə və həyat yoldaşıma ünvanladığınız müraciət məni səmimi qəlbdən həyəcanlandırdı”-deyə yazan Sərkisyan bundan sonra ermənilər barədə Azərbaycanda mənfi tonda imicin yaradılmasından narahatlığını ifadə edib.
“Mən sizə bir erməni və insan olaraq cavab vermək qərarına gəldim. Mənə elə gəlir ki, siz erməniləri yaxşı tanıyan azərbaycanlılarla danışsanız, onlar əslində ermənilərin kim olduğunu sizə deyərlər. Həqiqətən də bizim xalqlar arasında problemlər var və biz onları bir yerdə həll etməliyik. Birlikdə. Biz bunu ona görə etməliyik ki, bu yük uşaqlarımızın çiyninə düşməsin. Bunu etmək üçün ilk növbədə ictimai atmosferi dəyişməliyik. İnsanları məhvə sürükləyən, zorakılıq doğuran bu atmosferi köklü dəyişməliyik”-deyə Ermənistan prezidenti qeyd edir.
Daha sonra səngərdə həlak olan əsgərlərin məsuliyyəti ilə bağlı yazan Sərkisyan qeyd edir ki,
“biz hamımız bu gənclərin analarına cavab verməliyik. Bu analar isə bizdən yalnız öz oğullarını tələb edirlər”.
Erməni xisləti və qərəzliliyi ilə yazılmış bu müraciətdə Sərkisyan Ağdamda öldürülmüş 9 yaşlı Farizin günahını başqa yerdə axtarmağı tövsiyə edir və bunu guya Azərbaycanın “siyasi spekuliyasiyaya” çevirdiyindən şikayətlənir.
Qeyd edək , Milli Məclisin son iclasında vitse-spiker Bahar Muradova Ermənistan prezidentinə və həyat yoldaşına çağırış edərək uşaqları öldürməməyi istəmişdi.
Modern.az