Milli Məclisin martın 15-də keçirilən iclasında hökümətin 2010-cu ilə dair hesabatı dinlənilib. Maraqlıdır, hesabatın müzakirəsi parlament jurnalistlərinin yadında necə qalıb? Modern.az saytının əməkdaşı bu sualla Milli Məclisdə akreditə olunan KİV nümayəndələrinə müraciət edib.
“APA”nın əməkdaşı Rəşad Süleymanov hesabatın müzakirəsi zamanı yadında qalan əsas maraqlı məqamın Fəzail Ağamalının və Siyavuş Novruzun çıxışları olduğunu deyib.
“Azadinform”un əməkdaşı Mübariz Aslanov bildirib ki, müzakirələr zamanı ən çox yadında qalan məqam müxalifət partiyalarının sədrlərinin hökümətin hesabatından narazı qalmaları olub: “Çıxışlarda da hiss olunurdu ki, əksər millət vəkilləri hesabatın müzakirəsi zamanı nazirləri gözləyirdilər, lakin bu baş vermədi, ancaq Baş nazir danışdı.
Baş nazir çıxışı zamanı Azərbaycanın iqtisadi göstərcilərə görə, MDB məkanında birinci yerdə, 139 dünya ölkəsi arasında isə 12-ci yerdə olmasını vurğuladı. Buna uyğun olaraq əksər millət vəkilləri, xüsusilə müxalif partiyalarından olanlar daha çox ölkənin daxili sosial vəziyyətinə diqqəti çəkməyə çalışdılar. Məsələn, İqbal Ağazadənin çıxışında ölkədə minimum istehlak məhsulunun aşağı olmasından narazılığı və müxalifət partiyaların höküməti istefaya çağırması yadımda qalıb”.
M.Aslanov spiker Oqtay Əsədovun da ümumi çıxışlarının diqqət çəkən məqam olduğunu qeyd edib: “O bildirib ki, Azərbaycanın dünyanın 140-dan çox ölkəsi ilə 28 milyard dollarlıq ticarət dövrüyyəsi var. Əgər reallıqdırsa, o zaman bu ciddi rəqəmdir.
Bundan əlavə, millət vəkili Vahid Əhmədovun dövlət büdcəsinin nefdən asılılığına etirazı diqqət çəkən məqam olub. O, 2010-cu ildə ölkədə ümumdaxili məhsulun 93 faizinin neftdən gələn gəlirlər hesabına olmasını anormallıq adlandırıb”.
Həmkarımız Fəzail Ağamalının korrupsiya ilə bağlı çıxışını və TQDK-nın ünvanına ittihamlar səsləndirməsini də yadında qalan hadisə olduğunu deyib. Ən diqqət çəkən məqam bu ilki hesabatın müzakirəsində deputatların aktivliyi oldu”.
“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev hesabatın müzakirəsi zamanı daha çox digər məsələlərin ön planda olduğunu bildirib: “Hesabata aid məsələlər kifayət qədər müzakirə olunmadı. Bu daha çox cari məslələrin müzakirəsinə oxşayırdı və millət vəkilləri öz təkliflərini verirdilər. Yalnız bəzi deputatlar hesabatdan irəli gələn məqamlarla bağlı danışdı.
Ziyafət Əsgərovun iclasın hesabat müzakirəsindən daha çox büdcə müzakirəsinə oxşamasını deməsi yadımda qalan məqam oldu”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlının isə diqqətini çəkənlər bu olub: “Özlərini müxalifət adlandıran deputatlar iclasın birinci hissəsində çox passiv idilər. Hətta bəziləri iclasda demək olar ki, yox idi. İqbal Ağazadə sonra gəldi. Fazil Mustafa müzakirələrin ortasında getdi. Sabir Rüstəmxanlı da əvvəl orda idi, amma bir neçə çıxışdan sonra harasa getdi. Bütün jurnalistlərə nə baş verməsi maraqlı idi. Bundan başqa, spikerin Fərəc Quliyevə və Zahid Oruca iradları da diqqət çəkən məqam idi. Oqtay Əsədov Fərəc Quliyevi hakimiyyətlə höküməti səhv salmaqda, Zahid Orucu isə hesabatdan danışmamaqda təqsirləndirdi”.
E.Muradlının sözlərinə görə, digər maraqlı məaqam jurnalistlərin parlamentə papaq atmaq istəməsi olub: "Hökumət hesabat verən günü axır çərşənbəydi. Jurnalistlər qərara aldılar ki, Milli Məclisə papaq atsınlar, hətta bəzi deputatlar da bizim ideyanı dəstəklədilər, dedilər ki, bu, iclasdakı gərgin əhval-ruhiyyəni bir qədər yaxşılaşdırar. Amma sonra jurnalistlər papaq atmaqdan çəkindilər, risk eləmədilər".
“Xəbərlər –Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov hesabatın Milli Məclisdə müzakirəsi zamanı yadda qalan ciddi məqam olmadığını qeyd edib. Onun sözlərinə görə, Fəzail Ağamalının ittihamı və İqbal Ağazadənin hökümətlə bağlı fikirlərindən başqa diqqət çəkən məqam olmayıb.
“Mərkəz” qəzetinin baş redaktoru Nigar Almanqızının cavabı isə belə olub: “Zahid Oruc çıxışında müxalifətə etirazını bildirdikdən sonra Milli Məclisin sədri Oqtay Əsədovun onu hesabatdankənar danışmasına irad tutması və Fəzail Ağamalının TQDK ilə bağlı çıxışı yadımda qalıb.
Bundan əlavə, hesabat verilən günü nazirlər də orda idi və Hadı Rəcəbli içəridən çıxanda jurnalistlərdən birinə - Rəşada deyirdi ki, “sizin müştəriləriniz içəridədir”. Bu diqqətimi çəkən hadisə oldu. Bunlardan başqa, elə də yaddaqalan məqam olmayıb. Hər zamankı kimi hesabat və millət vəkillərinin çıxışı...”.
“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli hesab edir ki, Fəzail Ağamalının TQDK haqqında səsləndirdiyi fikirlər maraqlı məqam idi: “Çünki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası barədə cəmiyyətdə müsbət fikirlər var. Bir çox insanlar fikirləşrilər ki, Azərbaycanda normal fəaliyyət göstərən qurumlardan biri TQDK-dır, yəni işini yaxşı qurub. Həm də ittihamılar çox ciddi idi.
Bundan əlavə, Əli Əhmədovun gənclərin evlə təmin olunması fikri maraqlı idi. YAP təmsilçilərindən belə təklif gözlənilməz idi. Başqa deputatların çıxışlarından yadda qalan məqam olmadı. Artur Rasizadə rəqəmlər-statistikanı açıqladı və deputatların əksəriyyəti tərif verməklə məşğul idi”.
“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu hesab edir ki, Nazirlər Kabinetinin hesabatı və onunla bağlı müzakirələr o qədər rəngarəng olmadı: “Əvvəllər 2004-2005-ci illərdə, hətta 2007-ci ildə hesabatın müzakirələri maraqlı keçirdi. Amma belə təəssüratı bu ilə aid etmək olmaz. Ümumən çıxışlarda hökümətin fəaliyyəti müsbət qiymətləndirildi. Hesabatla bağlı tənqidi fikirlər söyləyən bir-iki müxalifət deputatları oldu. Amma əvvəlki illərin hesabatında iqtidaryönümlü millət vəkilləri də hökümətin fəaliyyəti ilə bağlı nöqsanları dilə gətirirdi”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyevin fikrincə, hökümətin hesabatı ənənəvi idi və orda diqqət çəkən məqam olmayıb: “Bəzi millət vəkillərinin çıxışları yadımda qalıb. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sərt ittihamları diqqət çəkən hadisə idi. Bundan əlavə, bəzi millət vəkillərinin seçildiyi rayonların problemlərini qaldırmaqları yadımda qalıb”.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı deyib ki, Baş nazir Konstitusiyanın tələbinə uyğun olaraq parlament qarşısında hesabat verdi. Ümumilikdə, hesabatda irəliləmələr olan sahələrdə inkişaf göstəriciləri rəqəmlərlə öz əksini tapmışdı. Millət vəkilləri də hesabata öz münasibətlərini bildirdilər. Burda qeyri-adi bir məqam görmürəm”.
“Lent.az”ın əməkdaşı Elxan Salahov deputatların hökümətin hesabatını müsbət qiymətləndirməsi ilə bağlı məqamların gözlənilməz olduğunu qeyd edib: “Əvvəlcə fikirləşirdik ki, deputatlar hesabatı bəyənməyəcək və onun yenidən işlənməsi üçün hökümətə əlavə vaxt verəcəklər. Amma belə olmadı, millət vəkillərinin əksəriyyəti hesabata ikiəlli səs verdilər”.
E.Salahov diqqət çəkən məqamlardan biri kimi hesabatın böyük kitab formasında tərtib edilməsini qeyd edib.
“Hesabatı 8-10, ən uzağı 15 vərəqlə qeyd edib, ictimaiyyətə çatdırmaq olardı. Sadəcə girişdə son 10 ildə ölkədə görülən işlər barədə məlumat var.
Çox təəssüfləndirici haldır ki, 2010-cu ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin keçirilməsinin nəzərdə tutulmasına baxmayaraq, bu barədə hesabatda məlumat yoxdur. Ümumiyyətlə, hökümət aqrar sektora az vəsait ayırdığından bundan yayınmağa çalışırdı. Bir sözlə, hesabatı ciddi sənəd kimi gözləyirdim”.
Modern.az saytının əməkdaşı Elşad Eyvazlı yadda qalan hadisə kimi Fəzail Ağamalının TQDK ilə bağlı fikirlərini göstərib.
Aytən ƏLİYEVA