Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində zərər çəkmiş “Fukusima 1” Atom Elektrik Stansiyası (AES) ətrafında təhlükəli vəziyyət yaranıb. AES-in kommunikasiya sistemi sıradan çıxıb, sistemdə qəza baş verib. İndi burada radiasiya çirklənməsinin miqyasınımn qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür. “Euronews”da “Fukusima 1” Atom Elektrik Stansiyasında zəzəsizləşdirmə işlərində könülllü iştirak edən fədakarlar barədə yazı dərc edilib. Modern.az saytı həmin yazını təqdim edir.
Dəhşətli fəlakətdən sonra “Fukusima 1” stansiyasına aparan yolda ins-cins gözə dəymir. Stansiyaya 30 km-lik yol gedir – bu, radioaktiv zəhərlənmə riskinin həddən artıq böyük olduğu zonadır.
İrimiqyaslı fəlakətin qarşısını almaq məqsədilə qəza reaktorlarını soyutmağa çalışan “Fukusima” stansiyasında işləyən xilasedicilərdən başqa burda heç kəsi görmək mümkün deyil. Bu sayılı mühəndislər və texniklər artıq yaponların əsl qəhrəmanına çevriliblər.
Mətbuatda onları kamikadze, samuray və ya Çernobıl terminologiyasına uyğun olaraq likvidator adlandırırlar.
Həddən artıq şüalanmamaq üçün hər on beş dəqiqədə növbələşməklərinə baxmayaraq, xilasedicilər yüksək radiasiya dozası qəbul etmiş olurlar və çox yəqin ki, onların əksəriyyəti bu radiasiyanın təsirindən sağalmayacaq.
İlk insidentdən sonra TEPCO şirkətinə məxsus “Fukusima” atom elektrik stansiyasının 50 əməkdaşı könüllü olaraq hadisə yerində qalmaq və xilasetmə işlərində iştirak etmək istəyini bildirib. Daha 20 mühəndis onları nə gözlədiyini çox yaxşı bildiklərinə baxmayaraq, həmkarlarına qoşulub.
Müqayisə üçün deyə bilərik ki, kompüter tomoqrafiyası zamanı insan beyni 5 millizivertə qədər birdəfəlik radiasiya dozası qəbul etmiş olur. ABŞ-da nəhəng nüvə insidentinin qarşısını alan könüllülər maksimum doza 500 millizivert qəbul etmiş olurlar: insan həyatı xilas edən və ciddi xəsarətlərin qarşısını alan könüllülər üçün isə bu doza 1000 millizivertdir.
Bu dozada şüalanmadan sonra saç tökülməsi, ürəkbulanma və immun sisteminin fəaliyyətinin pozulması başlayır.
Likvidatorlar məhz bu riski gözə alaraq işləyirlər, onlar bu vəziyyətlə barışmağa hazırdırlar – onların peşəsinin məğzi də elə bundan ibarətdir.
Fransanın “Dampyer” atom elektrik stansiyasında ştatlı xilasedici işləyən Mark Fojasın dediklərindən:
“Bu mənim AES əməkdaşı kimi işimin bir hissəsidir. Mən və həmkarlarım bu riski dərk edir və nəzərə alırıq”.
Çernobıl hadısəsi zamanı xilasetmə işlərində iştirak etmiş şəxslərin isə heç də hamısı eyni sözləri deyə bilmir. Qəzanın aradan qaldırılmasında iştirak etmiş 600.000 insan arasında çoxları təhlükə barədə ətraflı məlumat verilmədən işin içinə atılmış olduqlarını xatırlayırlar.
Bu gün Yaponiyada hər kəs anlayır ki, hərgah irimiqyaslı fəlakətdən qaçmaq mümkün olsa, bu iş, böyük dərəcədə həmin 70 qoçağın sayəsində olacaq. Sadə vətəndaş bu xilasedicilərin heç adını da bilmir, bilinən təkcə budur: onlardan biri 59 yaşındadır və təqaüdə çıxacağı günə cəmi il yarım vaxt qalır...
“Euronews” saytından tərcümə etdi Səbinə Mütəllimova