Martın 19-da Daxili İşlər Nazirliyində orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə Müsabiqə Komissiyasının iclası keçirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib. Bu barədə Modern.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Müsabiqə Komissiyasının sədri, DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. O, deyib ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi işinin daha da genişləndirilməsi və səmərəsinin artırılması məqsədi ilə daxili işlər nazirinin «Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin elan edilməsi haqqında» əmrinə əsasən respublikanın polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, o cümlədən mərkəzi, yerli telekanallarda və qəzetlərdə, DİN-in İnternet saytında dəfələrlə elanlar verilmiş, ötən ilin noyabr və dekabr aylarında sənədlərin qəbulu prosesi həyata keçirilib.
Nəticədə 108 namizədin sənədi müsabiqənin birinci mərhələsi olan test imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına göndərilib. Test imtahanlarında 65-dən yuxarı bal toplayan 48 namizəd müsabiqənin 2-ci mərhələsinə buraxılıb.
Sonra həmin namizədlər orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin ikinci mərhələsindən də uğurla keçib, daxili işlər nazirinin müvafiq əmrləri ilə bütün iddiaçılar «polis leytenantı» xüsusi rütbəsi verilməklə respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin ediliblər. Test imtahanlarında yüksək bal toplamış namizədlərin əksəriyyəti daxili işlər orqanlarının istintaq və təhqiqat xidmətlərindəki vakant yerlərə təyinat alıblar.
Gənc zabitlər adından çıxış edən Şabran RPŞ-nin İstintaq bölməsinin müstəntiqi vəzifəsinə təyin olunmuş polis leytenantı Muxtar Muxtarov gənclərə olan xüsusi diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib və əmin edib ki, gələcək xidməti fəaliyyətlərində onlara göstərilən yüksək etimadı layiqincə doğruldacaqlar.
Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri-zabit vəzifələrinə təyin olunmaları münasibətilə müsabiqənin qaliblərini təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını daim uca tutmağı arzulayıb. Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə sabitliyin nümunəvi təminində öz səylərini əsirgəməyəcək, onlara göstərilmiş etimadı əməli fəaliyyətlə doğruldacaqlar. Modern.az