Modern.az

Elxan Poluxov: “Bunu Dağlıq Qarabağın azərbaycanlı icmasından soruşmaq lazımdır...”

Elxan Poluxov: “Bunu Dağlıq Qarabağın azərbaycanlı icmasından soruşmaq lazımdır...”

19 Mart 2011, 20:11

ATƏT-in Minsk qrupunun həmsədrləri adətən Cənubi Qafqaz bölgəsinə səfərləri zamanı Dağlıq Qarabağdakı separatçı rejimin qondarma “lideri” Bako Saakyanla da görüşürlər. Bu nə deməkdir? Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov həmsədrlərin Bako Saakyanla görüşlərini Modern.az-a şərh edərkən bildirib ki, bu, onların separatçı rejimi tanıması demək deyil.

 

“ATƏT-in Minsk qrupu həmsədrləri bölgəyə hər dəfə səfər zamanı həm erməni, həm də Azərbaycan icmaları ilə görüşürlər. Həmsədrlər tez-tez Bako Saakyanla görüşürlər. Burda heç də onun rəhbərlik etdiyi separatçı qurumun tanınmasından söhbət gedə bilməz. Onlar sadəcə olaraq, hər iki tərəfin icmaları ilə görüşürlər”.

 

XİN rəsmisi həmsədrlərlə Dağlıq Qarabağın azərbaycanlı icması arasında bu istiqamətdə görüşlərin olmamasını belə izah edib: “Əgər həmsədrlər Dağlıq Qarabağın azərbaycanlı icması ilə tez-tez görüşmürlərsə, bunu icmadan soruşmaq lazımdır ki, nəyə görə onlarla həmsədrlər mütəmadi görüşmürlər. Mən bildiyimə görə, icma tərəfindən belə bir təklif olarsa, həmsədrlər bu görüşlərdən imtina etməzlər”.

E.Poluxov deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyindən soruşmaq lazımdır ki, həmsədrlər hər dəfə bölgəyə səfər edəndə icma tərəfindən belə bir məsələ qaldırılır, yoxsa yox. ”Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri belə görüşlərdən boyun qaçırmayıblar. Sözsüz ki, bu istiqamətdə görüşlər üçün icma tərəfindən təşəbbüs qaldırılmalıdır”-deyə E.Poluxov qeyd edib.

 

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov məsələ ilə bağlı Modern.az saytına açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri Xankəndindəki erməni separatçı rejimini dəstələyə bilməzlər: “Həmsədrlər heç vaxt qondarma rejimi dəstəkləməzlər. Onların hər biri sadəcə olaraq öz ölkələrinin siyasətini təmsil edirlər. Ən başlıcası isə odur ki, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda onlar heç vaxt separatçı rejimi qəbul edib dəstəkləməzlər”.

 

İcma sədrinin sözlərinə görə, həmsədrlər qorxudan ikili mövqe nümayiş etdirə bilərlər, amma rəsmi olaraq separatçı rejimi tanıya bilməzlər: “Həmsədrlər ikili mövqe nümayiş etdirə bilərlər. Qorxudan ora gedəndə bir cür, bura gələndə başqa cür davrana bilərlər. Bu ayrı şeydir. Amma rəsmi qaydada onlar heç nə edə bilməzlər”.

 

B.Səfərov həmsədrlərin sonuncu səfəri zamanı onlarla görüşdüyünü və bir sıra məsələlərlə bağlı müzakirələr apardığını deyib: “Biz bu dəfə həmsədrlərlə görüşdük. Mən həmişə demişəm ki, ATƏT-in Minsk qrupu çalışır, amma bir nəticə əldə edə bilmir. Sonuncu görüşdə yeni sədr gəldi icma üzvləri ilə görüşdü. Hesab edirəm ki, Azərbaycan icmasının erməni icmasından fərqi odur ki, azərbaycanlılar sülhsevərdir, qarşı tərəf isə separatçılardır”.

 

Anar RÜSTƏMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu