Yeni icra başçısı sələfinin qaydalara son verib Sabiq icra başçısı Eldar Əzizovun vaxtında bayramları xüsusi təmtəraqla qarşılayan Gəncə şəhəri son illər özünəməxsus tədbirlər keçirməsilə yadda qalıb. Modern.az-ın məlumatına görə, bu dəfəki Novruz bayramını yeni icra başçısı ilə qarşılayan Gəncə şəhərində Eldar Əzizovun qoyduğu daha bir ənənə pozulub. Qeyd edək ki, hər il Novruz bayramında Gəncədə çox iri həcmli paxlava bişirilir və şəhərin baş meydanında təqdim edilirdi. Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova hələ bir müddət öncə - fevralın 10-da Modern.az-ın əməkdaşına bildirmişdi ki, Gəncə ənənəni bu il də davam etdirəcək. Bu il bişiriləcək paxlavanın həm çəkisinin, həm də uzunluğunun ötən ildəkindən artıq olması planlaşdırılmışdı. İdarə rəisi dünyanın ən böyük paxlavası adını alacaq milli şirniyyatın bir hissəsinin də Novruz bayramı ərəfəsində Bakıda nümayiş etdiriləcəyini vurğulamışdı. Ancaq bu il fevralın 18-də şəhərin icra başçısının gözlənilmədən dəyişdirilməsi planları pozdu. Qeyd edək ki, nəhəng paxlava hər il Gəncə şəhər İcra Hakimiyyətinin sifarişi əsasında hazırlanırdı. Gəncəlilər bu il də ənənənin davam etdiriləcəyini gözlədikləri halda xəyal qırıqlığına uğrayıblar. Belə ki, martın 20-də Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin şəhərin baş meydanında təşkil etdiyi bayram tədbirində ancaq tonqal qalanıb, Novruzun simvolu sayılan Baharqızı, Kosa və Keçəl şənlikdə iştirak edib, milli oyunlar nümayiş etdirilib.
Son 4 il davam edən böyük paxlava ənənəsi isə reallaşmayıb. Meydana toplaşan tədbir iştirakçılarına məlum olub ki, hamının dadmaq istədiyi paxlava gəlməyəcək. Modern.az saytının məlumatına görə, əvvəlcədən bişirilməsinə qərar verilən paxlava ənənəsi şəhərin yeni icra başçısı Elmar Vəliyevin birbaşa göstərişi ilə pozulub.
Xatırladaq ki, ötən il mart ayının 19-da Gəncənin Mərkəzi Meydanında hazırlanan və ölçüsünə görə analoqu olmayan paxlavanın uzunluğu 12, eni isə 3,4 metr idi. Romb formasında olan həmin şirniyyatın hazırlanmasına təxminən 7000 ədəd yumurta, 350 kq şəkər, 350 kq un, 320-325 kq qoz və fındıq ləpəsi, 25 kq fıstıq, 20 kq badam, 10 kq bal, 5 kq hil sərf olunmuşdu. Paxlavanın hazırlanması ötən il martın 8-də başlanılmış və martın 19-da şirniyyat hazır olmuşdu. Paxlava 8400 xırda hissələrə bölünərək qonaqlara paylanılmışdı.
|
Ötən ilki Novruzda bişirilən paxlava. |