Vaşinqton ərəb ölkələrində olan iğtişaşlara dəstək verməklə digər tərəfdən Tehranla uzun illər apardığı rəqabətin uduşlarını əldə etmək niyyətinə düşüb
Yaxın Şərqdə baş verən inqilablar dünyanın yeni düzəni barədə deyilənləri bir daha xatırladıb. Ənənəvi hakimiyyətlərin siyasi səhnədən getməsi ilə nəticələnən bu proses barədə siyasi müşahidəçilər birmənalı fikir yürütmürlər. Qərb ölkələrinin, ABŞ-ın dəstək verdiyi bu inqilablardakı hədəf 2000-ci illərin əvvələrində elan edilmiş “Böyük Yaxın Şərq” layihəsinin bir sıra məqamlarını xatırladır. Maraqlıdır ki, ərəb dünyasında “neft və enerji maraqları uğrunda müharibə” adı verilmiş son proseslər əsas olaraq qonşu İranı da hədəfə gətirib. Vaşinqton ərəb ölkələrində olan iğtişaşlara dəstək verməklə digər tərəfdən Tehranla uzun illər apardığı rəqabətin uduşlarını əldə etmək niyyətinə düşüb.
Suriyada, Bəhreyndə və İordaniyada baş verənləri təhlil etdikdə bəlli olur ki, ABŞ özünün bölgədəki çoxillik maraqlarını hədər yerə riskə qoymayıb. Bu ərəb “zəncirində” Suriya İran üçün həlledici nöqtələrdən biridir. Təsadüfi deyil ki, Suriyada başlanan nümayişlər İranı ciddi təşvişə salıb. Təşvişə düşmək üçün səbəblər kifayət qədərdir. Çünki ABŞ Dəməşqdə Bəşər Əsəd rejiminin çökdürməklə İranı bölgədə olan yeganə müttəfiqindən məhrum edəcək. Vaşinqton bununla da İranın ərəb bölgəsində olan yeganə mühüm tərəfdaşının aradan götürəcəyini düşünür.
Əbədi problem - İsrail
ABŞ ümid edir ki, Əsəddən sonra Suriyada formalaşacaq yeni hakimiyyət İsraillə münasibətləri qura biləcək. Son iki il ərzində ABŞ-ın Dəməşqi İsraillə sülh sazişi imzalamaq və İrandan uzaqlaşdırmaq cəhdi alınmayıb. Çünki Vaşinqtonun himayəsi ilə son iki ildə aparılan danışıqlarda Bəşər Əsəd bildirib ki, İsraillə sülh sazişi bağlamaq istəmir.
“Suriyasız isə ümumi sülh mümkün deyil” –deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi “Nyu-York Tayms” qəzetinə bildirib. Dərhal da əlavə edib ki, “amma xalq tərəfindən dəstəyi olmayan hökümətlə sülh sazişi bağlamaq da mümkün deyil”.
Bir sıra analitiklər hesab edirlər ki, ABŞ Suriyadakı bu xaosa rəvac verməklə Yaxın Şərqdə dalana dirənmiş sülh danışıqlarını xilas etmək istəyir. Amma hazırkı zor tətbiqindən sonra Əsədin gələcəyi qeyri-müəyyən hala düşüb.
Bəşər Əsəd artıq İsraillə sülh bağlamaq imkanı olan tərəfdaş statusunudan məhrum olub.
Odur ki, Suriyada xaos digər tərəfdən İsrailin “xilas edilməsi” və İranın uzun illər bölgədə siyasətini yürüdə bildiyi bir müttəfiqin əldən çıxması deməkdir. Tehran isə buna həddən artıq ağrılı reaksiya verir. Hazırda İranla Suriya arasında ticarət əlaqələri yüksək səviyyədədir. İranın Suriyaya ayırdığı kreditin məblği 4,5 və 6,4 milyard dollar arasındadır. Bir neçə ildir ki, İran dünyada rast gəlinməyən addlm atır. Tehran hər il Suriyaya 1 milyon ton havayı neft ixrac edir.
İran Suriyanı orta radiuslu raketlərlə, tanklarla, zirehli maşınlarla təmin edir. Lakin buna baxmayaraq “domino” effekti Suriyaya da gəlib çatıb.
Dalana dirənən Tehran
Analitiklərin fikrincə, bu xalq həyəcanlarının Tehran üçün mənfi effekti qaçılmazıdır: Bu iğtişaşlar İranı sadiq müttəfiqindən ayıracaq və Tehranın nüfuzunun Livanda, Qəzza bölgəsində və digər yerlərdə yayılmasının əngəlləyə bilər.
Belə görünür ki, ABŞ-ın özünün yaxşı münasibətdə olduğu Misirdə, Bəhreyndə, Yəməndə Səudiyyə Ərəbistanı ilə münasibətləri belə kritik hala gətirməsinin uzağa gedən məqsədləri var. Bəlkə də bütün bu baş verənlər İrana “sürpriz” vermək üçündür.
“Bruklin” İnstitunun vitse-prezidenti Martin İndik hesab edir ki, burada ABŞ-ın qazancı itirdiklərindən daha çoxdur.
“Biz İranın əldə etdiyi gücə bərabər gücün qoyulmasına, tarazlıq əldə olunmasında maraqlıyıq. Bu zaman bizim maraq və dəyərlərimizin qeyri-adi bir birləşməsi ortaya çıxır”-deyən İndikin açıqlamasında qəribə motiv axtarmaq yersiz olardı.
Burada İraq faktoru da mühüm rol oynayır. Bu ilin iyulunda ABŞ İraqdan hərbi kontingentini çıxarmaq niyyətindədir. Prosesi diqqətlə nəzarətdə saxlayan İran istənilən ilk fürsətdəcə özünün hərbi dəstələrini İraqın cənubuna yeritməyi planlaşdırır. Bunun üçün “Bədr” şiə korpusu İraqın şiələr yaşayan bölgəsində oturmaq üçün vaxtını gözləyir. ABŞ isə İraqın inzibati bölgüsü üzərində çoxdandır ki, əlləşir. Burada ən çox qıcıq doğuran isə kürd faktorudur. Belə ki, İran, Türkiyə və Suriya kürd probleminin həlli ilə bağlı birgə notlarda daha çox ifa edirlər. Düzdür, İran bu məsələni öz daxilində müəyyən zor və digər metodlarla həll edə bilsə də, Suriya və Türkiyə üçün kürd faktoru əsl başağırısına çevriləcək. Hazırda İraq ərazisində Kürdüstan dövləti qurmaqla bağlı Vaşinqtonun uzağa gedən planları bölgədə bu ölkələri də narahat edən amilə çevirib. Odur ki, Yaxın Şərqdə dünənə qədər söz sahibləri olan siyasi-üsul idarələrin laxladılması və devrilməsi ABŞ-ın həm İsraillə bağlı, həm də İraqla bağlı perspektiv planlarından xəbər verir. İran və Suriya üçün federallaşmış İraq təhlükə mənbəyidir.
Odur ki, Vaşinqton ilk olaraq İranın müttəfiqi olduğu Suriyanı “sındırmaqla”, daha sonra Livanı, “Hizbullah”ı “oyundankənar” vəziyyətə sala biləcəyini planlaşdırır. Son nəticədə ABŞ-ın “inqilab zənciri”ni özünün maraqlarının toqquşduğu digər bölgələrə transfer edəcəyi güman edilir. Bu sırada İran da istisna deyil... Bu zəncirin İranın boynuna salınacağı artıq şübhə doğurmur.
Xaqani SƏFƏROĞLU