Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib. BMT-nin Baş Katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyasına, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanan müraciətdə bildirilib:
- Erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşmişdir. Mərhələ-mərhələ aparılmış bu qeyri-insani siyasət nəticəsində soydaşlarımız min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmışlar. Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi yazılmışdır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmış, Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən on minlərlə erməni ailəsi köçürülmüşdür. Beləliklə, 1828-1830-cu illərdə Azərbaycan əhalisinin etnik tərkibi məqsədli şəkildə ermənilərin xeyrinə dəyişdirilmişdir. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilmiş soydaşlarımızın insan hüquqları kütləvi surətdə pozulmuş, onlar qeyri-insani rəftara, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qalmışlar. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində isə ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, on minlərlə insan həlak olmuş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş, Azərbaycan xalqını yer üzündən silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır.
Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğınla bağlı tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Qan yaddaşına şovinizm hakim olan ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. Həmin il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutmuşlar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətmişlər. 31 mart və 1-2 aprel tarixlərində qırğınlar kütləvi şəkil almış,. silahlanmış erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetirmişlər.
Bu hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı öldürülmüş, məscidlər, məktəb binaları yandırılmış, dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabazara çevrilmiş, əhaliyə amansız divan tutulmuşdur.
Ermənilər musəlman əhalisini işgəncələrlə öldürmüş, körpə uşaqları süngüyə keçirmiş, cəsədlərin burun, qulaq və başlarını kəsmiş, evlərə od vurub, sakinlər qarışıq yandırmış, qadınların saçlarını bir-birinə bağlayaraq, tüfəngin qundağı ilə ölüncəyə qədər döymüşlər. Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.
. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, Cümə və Təzəpir məscidlərnii, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar.
Məlum olduğu kimi, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Artıq bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı qəddarlıqla qətlə yetirilmiş yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Hazırda bu ərazidə mart hadisələri zamanı qətlə yetirilmiş on minlərlə insanın xatirəsinə ehtiram əlaməti olaraq “Soyqırımı Memorial Kompleksi” yaradılmaqdadır.
Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə də üzə çıxmış, həm də onu göstərmişdir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti heç də dəyişməyib. Bütün tərəqqipərvər bəşəriyyətin, xalqların sülhə, əmin-amanlığa, inkişafa can atdığı hazırki dövrdə Ermənistan dövləti, təəssüf ki, bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür, bununla da bütövlükdə Cənubi Qafqazda, Avropa məkanında sülhyaratma və sabitlik proseslərinə mənfi təsir göstərir.
Bu il mart ayının 8-də Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Ağdam rayonunun Şıxlar kəndi istiqamətindən açılan snayper atəşi nəticəsində Orta Qərvənd kənd sakini, 9 yaşlı məktəbli Fariz Arif oğlu Bədəlovun qətlə yetirilməsi, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündən və imzalanan bəyannamədən cəmi üç gün sonra erməni tərəfinin atəşkəs rejimini pozaraq, belə bir vandalizm aksiyasını həyata keçirməsi əslində bu təcavüzkar dövlətin sülh danışıqlarındakı qeyri-səmimiliyinin və xalqımıza qarşı tarixi nifrətinin, apardığı soyqırımı siyasətinin daha bir nümunəsidir. ATƏT-in fəaliyyətdə olan sədrinin .şəxsi nümayəndəsinin köməkçiləri Ağdamda olarkən qoşunların təmas xəttində atəşkəsin ermənilər tərəfindən mütəmadi pozulmasını, düşmənin dinc əhalini, azyaşlı uşaqları da hədəfə alması ilə bağlı məlumatı hiddətlə qarşılamış, Farizin vurulduğu əraziyə monitorinq keçirmişlər.
2011-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın Xarici İşlər naziri A.Ajubalis bu qanlı hadisəni qətiyyətlə pisləmiş, insanların, xüsusən də hər hansı bir uşağın öldürülməsinin faciə olduğunu, snayperlərin ön xətdən geri çəkilməsinin vacibliyini vurğulamışdır.
Münaqişə nəticəsində 20 min nəfərdən çox insanını itirmiş Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində təkliflərini qəbul etsə də, erməni tərəfi qeyri–konstruktiv mövqe nümayiş etdirməklə bu təklifləri qəbul etmir.
Azərbaycan Ombudsmanı bu hadisə ilə əlaqədar BMT Baş Katibinə və onun müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsinə Bəyanatla müraciət etmişdir. Eyni zamanda nüfuzlu beynəlxalq qurumlara göndərilmiş həmin müraciətdə dünya ictimaiyyətinin diqqəti bir daha bu qanlı hadisəyə yönəldilmiş, daha bir vəhşilik aktı pislənmiş, erməni təcavüzünə münasibət bildirilməsi tələb olunmuşdur.
İşğalçı Ermənistanın yürütdüyü soyqırımı siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüququn ümumtanınmış normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir.
Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnamə, AŞ PA Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 və 1690 saylı Qətnamə və Tövsiyə qəbul etsə də, Ermənistan bunları hələ də yerinə yetirmir.
Halbuki bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi tanınmış, birmənalı olaraq, Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunmuşdur. Təəssüf ki, adıçəkilən qətnamələrin icrasında heç bir irəliləyiş yoxdur, Ermənistan tərəfi qarşısına qoyulmuş tələbləri həyata keçirmir.
AŞPA-nın Bürosu 1416 saylı qətnamənin icrasına nəzarət məqsədilə vaxtilə yaradılmış, sonradan fəaliyyətini dayandıran alt komitənin işinin yenidən bərpa olunması ilə bağlı yaxın vaxtlarda qərar qəbul etmişdir. AŞPA qarşısında hesabat verəcək, bu komitənin öz fəaliyyətini davam etdirməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına kömək edəcəkdir. Təəssüf ki, Ermənistanın nümayəndəsi bu komitədən iştirak etməyəcəyini bildirmişdir.
Ölkəmiz müstəqillik qazandıqdan sonra ümummilli liderimiz, mərhum Prezident Heydər Əliyevin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və ilk dəfə olaraq azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları rəsmi surətdə bəyan edilmişdir. 1998-ci ildən etibarən 31 mart Azərbaycanlıların soyqırımı günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.
Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımını həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağımızı dəfələrlə bəyan etmişdir.
Artıq dünya ictimaiyyəti qəbul edir ki, Azərbaycan tərəfi haqlıdır, onun ərazisi işğal olunub, Azərbaycana məxsus olan Dağlıq Qarabağ güc yolu ilə onun nəzarətindən çıxarılıb və ərazi bütövlüyünün bərpasını dəstəkləyir.
Bugünlərdə İspaniya Parlamentinin Xarici əlaqələr komissiyası “erməni soyqırımı” iddialarının tanınmasına dair ermənipərəst Kataloniya Respublikaçılar Partiyasının təklifini rədd etmiş, parlamentin üzvü İ.Pozuelo Dağlıq Qarabağ probleminin həll edilməsinin vacibliyini vurğulamışdır.
Almaniya Bundestaqının deputatları burada keçirilmiş dəyirmi masada A.Fişer və P.Beyer AŞPA tərəfindən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını, hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini söyləmiş, Avropa Birliyinin bu münaqişənin həllində daha fəal rol oynamasının vacibliyini qeyd etmişdir.
ABŞ-dakı Azərbaycan və türk diasporlarının nümayəndələri 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bu ölkənin Konqresinə müraciət ünvanlamış, həmin günün yad edilməsi üçün dəstək verməyi, bəyanat qəbul etməyi və dünya ictimaiyyətini bu istiqamətdə geniş məlumatlandırmağı xahiş etmişlər.
Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət hazırda tamamilə dəyişmişdir. Bu isə tezliklə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllini, erməni işğalçılarının torpaqlarımızdan çıxarılmasını mümkün edəcəkdir.
1918-ci il Mart soyqırımından 93 il keçir, lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür. Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti, nəhayət, Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməli, cinayətkarlar öz layiqli cəzasını almalıdır.
Nüfuzlu beynəlxalq təşkilatları ikili standartlara yol vermədən Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanıram. Ümid edirəm ki, Siz Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün imkanlarınızı səfərbər etməklə böyük səylər göstərəcəksiniz.