Martın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Bu barədə Modern.az saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Məlumat görə, nazir Fizuli Ələkbərovun sədrliyi ilə keçirilən müşavirədə əlil və şəhid ailələri üçün yeni mənzillərin tikintisi, ünvanlı sosial yardımın təyinatı, əlillik təyinatlarının aparılması, əhalinin səmərəli məşğulluğunun təminatı, əlillərin reabilitasiyası, müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahələrində vəziyyət geniş təhlil olunub.
Müşavirədə əhaliyə xidmət səviyyəsinin yüksəldilməsinin, bu sahədə şəffaflığın artırılmasının, korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsinin daim dövlət başçısının diqqətində olduğunu vurğulayan nazir Fizuli Ələkbərov bununla əlaqədar nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, ünvanlı sosial yardımın təyinatı, əlillik təyinatlarının aparılması, əlillərin reabilitasiyası ilə əlaqədar vətəndaşların ərizə və şikayətlərinə, habelə nazirliyin 142 nömrəli “Qaynar xətt”i vasitəsilə daxil olmuş müraciətlərə qanunauyğun şəkildə baxılmasına nəzarət gücləndirilib. Bununla bağlı nazirlikdə və respublikanın müxtəlif regionlarında müşavirələr keçirilib və struktur rəhbərləri qarşısında konkret tələblər qoyulub.
Eyni zamanda, ərizə və şikayətlərin vətəndaşların özlərinin iştirakı ilə yerində araşdırılması təmin edilib, aztəminatlı əhali qruplarına dövlət qayğısının çatdırılması işlərində şəffaflığın artırılması məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin daha geniş iştirakına şərait yaradılıb, fəaliyyəti əhalidə haqlı narazılıq yaradan struktur rəhbərləri və əməkdaşları cəzalandırılıb. Bu sahədə həyata keçirilən tədbirlərin müsbət nəticəsi kimi, vətəndaşlar tərəfindən nazirliyə və ayrı-ayrı instansiyalara ünvanlanan şikayət xarakterli müraciətlərin sayında ciddi azalma müşahidə olunmaqdadır.
Nazir Fizuli Ələkbərov vəzifələrinin icrasına səhlənkar və məsuliyyətsiz yanaşan struktur rəhbərləri və əməkdaşları barəsində ciddi tədbirlərin bundan sonra da davam etdiriləcəyini, o cümlədən ünvanlı dövlət yardımının və əlilliyin təyinatında qanunsuzluq hallarına, korrupsiya faktlarına yol verən işçilərin sərt şəkildə cəzalandırılacağını, onların barəsində dərhal hüquq-muhafizə orqanlarına müraciət olunacağını bildirib.
Müşavirədə aztəminatlı əhali qruplarının aktiv tədbirlərə cəlb olunması işlərinin gücləndirilməsi, həmçinin Tovuz rayonunda sınaq işlərinə başlanılmış ”Özünədəstək” proqramı layihəsinin digər pilot rayonlarda (Masallı, İsmayıllı, Quba) da icrası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən əmək müqavilələrinin bağlanması və layiqli iş şəraitinin yaradılmasına dövlət nəzarətinin həyata keçirilməsinə yeni yaradılacaq üç tərəfli Sosial Şuranın nümayəndələrinin bir qayda olaraq iştirakının təmin olunması və bu sahədə şəffaflığın artırılması və s. barədə tapşırıqlar verilib.
Modern.az