İran sərhəd təhlükəsizliyinin təmini və hava nəzarətinin təkmilləşdirilməsi məqsədilə yaxın gələcəkdə sərhədlərdə yeni hava hücumundan müdafiə (HHM) bazaları yaradacaq. Bunu İran İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general Hüseyn Zülfüqari deyib.
Zülfüqari əlavə edib ki, ötən il ölkə sərhədlərində elektron texnologiyalar quraşdırılıb.
O, çərşənbə axşamı təyyarə ilə İran-Azərbaycan sərhədində yerləşən Parsabad və Biləsuvar şəhərlərinin sərhəd zonasına baxış keçirib. İranın Parsabad şəhərinin Azərbaycanla 100 kilometr uzunluğunda sərhədi var.
Bununla bağlı rəyini Modern.az-a açıqlayan “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli hesab edir ki, İranın Azərbaycan sərhədləri yaxınlığında yeni HHM bazaları yaratmaq niyyət ölkəmizin milli təhlükəsizlik maraqlarına təhdiddir. “Azərbaycanın Milli Təhlükəsizlk Konsepsiyası və Hərbi Doktrinası kimi sənədlər bu kimi halları ölkənin milli təhlükəsizk maraqlarına zidd hesab edir. Məncə rəsmi Bakı buna etirazını bildirməlidir”, - deyə ekspert bildirdi.
Onun sözlərinə görə, 2000-ci ildən başlayaraq İranın hərbi potensialının Azərbaycan səhrədlərinə doğru “sürüşdüyü” müşahidə olunur. “Bu da sözsüz ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginlik və bu ölkəyə hərbi müdaxilə ola biləcəyi ehtimalı ilə bağlıdır. Araşdırmalar göstərir ki, İran Silahlı Qüvvələrinə daxil olan birləşmələrin təxminən 40-50 faizi Azərbaycan sərhədlərinə istiqamətlənib. Halbuki Şimali Azərbaycanla sərhədlər İranın ümumi sərhəd zolağı içərisində 7 faizə qədər yer tutur. Müşahidələr göstərir ki, bu gün İran bütün hərbi potensialını Azərbaycan istiqamətində hərbi addımlara yönəldib. 2008-ci ildə İranın Xəzər dənizində hərbi komandanlıq yartmasl da boş yerə deyildi”, - deyə o bildirdi.
C.Sümərinli hesab edir ki, İranın Azərbaycan sərhədlərində HHM bazaları yaratması həm də faktik olaraq ABŞ və NATO-nun ölkəmizlə bağlı indiyədək həyata keçirdiyi və gözlənilən tədbirlərə bir cavabdır.
“ABŞ-ın dəstəyi ilə Azərbaycanın Şimal və Cənub sərhədlərində radar stansiyaları yaradılıb, ölkəmizin Xəzərdə təhlükəsizlik imkanları gücləndirilib. Nəticədə Azərbaycan Xəzər hövzəsində müşahidə imkanlarına görə aparıcı dövlətə çevrilib. Məhz Azərbaycanın müşahidə imkanlarının güclənməsi nəticəsində Xəzərdə Rusiya və İran arasında naməlum və şübhəli daşımaların sayı hissediləcək dərəcədə azalıb. İndi İran yəqin ki, Azərbaycandan bütün bunların əvəzini çıxmaq istəyir”, - deyə o bildirib.
“Doktrina” mərkəzinin sədrinin fikrincə, İran rəhbərliyinin yaratmaq istədiyi HHM bazasının yerləşəcəyi əraizi Azərbaycanın mövcud və perspektiv strateji məqsəd və hədəflərinə uyğun deyil. “Bu ərazidə yerləşdiriləcək HHM bazası Azərbaycan ərazisində gerçəkləşən hərbi əməliyyatlar, tədbir və planlar barədə məlumat toplanılması məqsədi də güdə bilər. Sonradan bu məlumatların Ermənistana ötürülməsi də istisna deyil. İran və Ermənistan əlaqələrinin mövcud durumu bir çox ehtimalları irəli sürməyə imkan verir”, - deyə o bildirib.
Modern.az