Modern.az

Yeni icra başçıları hər şeyi dağıdıb rayonları öz zövqlərinə uyğunlaşdırırlar....

Yeni icra başçıları hər şeyi dağıdıb rayonları öz zövqlərinə uyğunlaşdırırlar....

30 Mart 2011, 10:33
Son illər hansısa rayona təyin olunan yeni icra başçısı özündən əvvəlki başçının saldırdığı yaşıllığı, tikdirdiyi binaları sökdürür, rayonu özünün istədiyi biçimə salır.
Belə hallar demək olar ki, ənənə halını alıb. Millət vəkili Elmira Axundovanın sözlərinə görə, bu məsələ onu da narahat edir. Deputatın sözlərinə görə, rayona yeni təyin olunan icra başcılarının eyni obyektləri sökərək yerində yenisini tikməsi, eyni zamanda ayrılan pulların səmərəsiz istifadəsinə imkan yaradır.    

Kənd seşki dairəsindən secilmiş millət vəkili olduğunu deyən E.Axundovanın sözlərinə görə, rayonlarda, xüsusilə kəndlərdə təmirə ehtiyacı olan yerlər kifayət qədərdir:
“Məktəblərin təmir olunması, arxların, zibilliyə çevirilən kanalların təmizlənməsi vacibdir. Qarşıdan yaz gəlir. Yazda daşqınların qarşısını almaq üçün çayətrafı bərkitmə işlərilə məşğul olmaq lazımdır. Rayon mərkəzində isə köhnə bazarı söküb təzə bazar tikməyin heç kimə xeyri yoxdur”.   

Rayonlarda hələ xeyli sayda problemlərin qaldığını vurğulayan millət vəkili qeyd etdi ki, bazar iqtisadiyyatının tələbləri ilə ayaqlaşmağı bacarmalıyıq: “Başa düşürəm ki, hər icra başçısının öz zövqü var və öz zövqünə oxşar bir obyekt tikmək istəyir. Mənə elə gəlir ki, əgər biz bazar iqtisadiyyatı ilə ayaqlaşmaq istəyiriksə, qənaət etməyi bacarmalıyıq. Rayonlarımızda hələ çoxlu problemlər qalıb. Kənd yerlərində deyərdim ki, beş ildə bir dənə mədəniyyət obyekti tikilməyib. Bəlkə də rayon mərkəzlərində nəsə tikilib, təmir olunub. Amma kəndlərdə kənd klubları, idman məktəbləri, internet klubları yoxdur. Gənc nəsil asudə vaxtını keçirmək üçün yer tapmır”.   

Rayon mərkəzində eyni bazarı üç dəfə söküb tikmək və ya  rayonun girəcəyində təzə lövhələr asmağın mənasız iş olduğunu bildirən E.Axundovanın sözlərinə görə, bu problemin qarşısını almaq üçün sözügedən sahədə ənənə yaratmaq lazımdır:
“İcra Hakimiyyəti başçıları onlardan qabaq bu vəzifəni tutan həmkarlarına və gördükləri işlərə hörmətlə yanaşmalıdır. Qurmaq, yaratmaq lazımdır, fikirləşmək lazımdır ki, rayondan nə vaxtsa çıxıb getdikdən sonra nə qoyacaq, hansı əməli ilə yadda qalacaq. Heydər Əliyev heç nəyi sökmürdü, o tikirdi, yaradırdı. Neçə-neçə mikrorayon, obyekt tikdi. Mərkəzi küçələrimizdə nə qədər yöndəmsiz binalar var idi, onların xarici fasadlarını gözəlləşdirdi. Bu şəkildə etsək, ənənənə formalaşar”. 

Millət vəkili eyni zamanda maraqlı bir məqama da diqqət çəkib: “Bəzən yeni icra başçısının keçmiş həmkarının sərəncamlarını tanımadığını bildirməsinin şahidi oluruq. Bu, necə ola bilər? Əvvəl və ya sonra bu vəzifədə çalışan şəxs Prezidentin fərmanı ilə həmin vəzifəyə təyin olunur və dövlətin adından sərəncamlar verir. Bir icra başçısının digərinin sərəncamlarını ləğv etməsi  düzgün deyil. Belə hallara son qoyulmalıdır. Bu insanlarda inamsızlıq, ümidsizlik yaradır. Neçə-neçə bədbəxt hadisələr baş verib. İnsanlar özünə qəsd edir, Prezident Adminstrasiyasına müraciətlər edilir. Minlərlə şikayət, yüzlərlə məktub gedir. Bunların qarşısını almaq üçün gərək biz keçmişə və özümüzdən qabaq işləyənə hörmət edək. Biz millət vəkiliyik, Milli Məclisdə oturmuşuq, yeni müddətə secilmişik. İndi biz köhnə qanunları ləğv edib, təzə qanun qəbul edək? Biz onları təkmilləşdirə bilərik, hanısısa əlavələr edə bilərik. Heç olmasa, bizdən nümunə götürsünlər”.
  
İqtisadçı ekspert Azər Mehdiyevin sözlərinə görə, bu problem  yalnız rayon icra hakimiyyəti başcılarına aid deyil. Onun sözlərinə görə,  bütövlükdə Azərbaycan hökümətinin ayrı-ayrı qurumları arasında işin əlaqələndirilməməsi və həm iri şəhərlərin, həm ölkə iqtisadiyyatının inkişafı, həm də ayrı-ayrı rayonların inkişafına dair sistemli inkişaf planlarının olmaması, bu məsələlərin vahid mərkəzdən düzgün əlaqələndirilməməsinin nəticəsi olaraq bütövlükdə bir təsərrüfatsızlıq mühiti hökm sürür:
“Rayonlarda ayrı-ayrı icra başçılarının apardıqları müəyyən abadlaşma işləri həmin rayonun və ya şəhərin inkişafının baş planı olmadan həyata keçirilir. Hər bir icra başçısı da öz zövqünə və istəyinə uyğun olaraq tikinti-bərpa işləri aparır. İcra başçısı dəyişildikdən sonra o da nəsə bir iş nümayiş etdirməlidir. Bu iş də əvvəllər görülmüş abadlıq işlərini dağıtmaq, yeni bir rəng verməkdən ibarət olur”.

Bütün bu proseslərin böyük xərclər hesabına başa gəldiyini deyən ekspet bildirib ki, bu, həm də böyük miqdarda vəsaitin yeyilməsi üçün ciddi bir mənbə rolunu oynayır: “Bu, ilk növbədə hər bir şəhərin inkişafına münasibətdə sistemli bir işin qurulmamasının göstəricisidir. Ölkə səviyyəsində, ayrı-ayrı rayonlar səviyyəsində uzun müddətli inkişaf planı və ya baş plan qurulmadığı və təsdiq olunmadığından demək olar ki, eyni ərazilərdə dəfələrlə söküntü və abadlaşma işləri aparılır”.

Eyni vəziyyətin Bakı şəhərində də müşahidə olunduğunu deyən A.Mehdiyevin sözlərinə görə, bütün bunlar hökümətin inkişaf planının olmamasının nəticəsidir: “Eyni küçədə dəfələrlə asfalt çəkilməsi, binaların üzünün dəyişilməsi, ərazidə tikinti işləri həyata keçirilməsinin, bir müddət sonra isə sökülməsinin şahidi oluruq. Yaxud görürük ki, asfalt bərpa olunur, sonra kommunikasiya xətlərinin çəkilişi həyata keçirilir. Bunlar indiki halda hökümətin tərkibində olan ayrı-ayrı qurumların fəaliyyətində bir əlaqəsizliyin olduğunu göstərir”.

Ekspertin sözlərinə görə, yaranan bu “ənənənin” qarşısını almaq üçün uzun müddətli inkişaf planları işlənib hazırlanmalıdır. Baş plan hazır olduqdan sonra isə həmin planın sistemli olaraq yerinə yetirilməsi istiqamətində işlər qurulmalıdır.

 

Sədaqət Süleymanova

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu