Modern.az

Təhsil Nazirliyi ABU qalmaqalına nöqtə qoya bilmir

Təhsil Nazirliyi ABU qalmaqalına nöqtə qoya bilmir

1 Aprel 2011, 08:29

Təhsil Nazirliyinin qərarı ilə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universiteti (ABU) ətrafında araşdırmalar hələ də davam edir. ABU-ya qanunsuz yolla qəbul olunan tələbələrin məsələsi araşdırılır.

 

Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin özəl universitetlər üzrə kuratoru İlyar Vahabov məlumat verib. Onun sözlərinə görə, araşıdmalar başa çatdıqdan sonra qanuni yolla tələbə adı qazananlar digər özəl ali məktəblərə yerləşdirilə bilər.

 

“Testənkənar qəbul olan tələbələrlə bağlı hazırda araşdırma gedir. Digər ali məktəb filiallarından ABU-ya gələnlərin sənədləri qanunauyğun olduğu halda, onlar da müvafiq ali məktəblərə yerləşdirilə bilər”.  

 

İ.Vahabovun sözlərinə görə, ABU-ya testlə qəbul olunan tələbərin problemləri artıq öz həllini tapıb. Beləki, universitetə qanuni yolla qəbul olunan 1260 tələbənin digər özəl ali məktəblərə yerləşdirilməsi yekunlaşıb.


“Testlə ABU-ya qəbul olunan tələbələrin hamısı digər özəl ali məktəblərə yerləşdirilib. Ölkədə fəaliyyət göstərən 9 universitetdə yerləşdirmə aparmışıq”-deyə İ.Vahabov bildirib. Nazirlik rəsmisi deyib ki, ABU-ya testlə qəbul olunan tələbələr Odlar Yurdu Universiteti, Bakı Asiya Universiteti, Bakı Qızlar Seminariyası, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan İctimai-Siyasi Universiteti, Bakı Biznes Universiteti, Avrasiya Universiteti, Təfəkkür Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyası arasında bölüşdürülüb.

 

“Əgər universitetdə qanunsuz tələbələr var idisə, niyə vaxtında tədbirlər görülmürdü” sualına İ.Vahabovun cavabı belə olub: “Tədris müddətində bununla bağlı ABU-ya xəbərdarlıq edilib ki, hökumətin qoyduğu qaydadan kənar, yəni daxili imtahanla qəbul və qanunsuz köçürülmə məqsədəuyğun hesab edilə bilməz”.

 

Xatırladaq ki, Təhsil Nazirliyi 2010-cu il sentyabrın 1-də ABU-nun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Təhsil Nazirliyinin Lisenziya Komissiyası məsələ ilə bağlı araşdırma aparmış və universitetin lisenziyanın müddətinin uzadılmamasına qərar vermişdi. Səbəb kimi isə bu ali təhsil müəssisəsinin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri, testdənkənar qəbullar və digər nöqsanlar göstərilmişdi.

 

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu