AXCP və Müsavat partiyasının funksionerlərinə 2 maddə ilə cinayət işi açılıb
İctimai Palatanın şənbə günü keçirdiyi aksiya ilə bağlı cinayət işi açılıb. Bu barədə Modern.az saytına Bakı şəhər Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ramiz Rzayev məlumat verib. O, müxalifət qüvvələrinin daxil olduğu İctimai Palatanın 2 aprel tarixində keçirdiyi icazəsiz aksiya ilə bağlı 4 nəfərə qarşı ittiham elan olunduğunu bildirib.
R.Rzayev qeyd edib ki, saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Barəsində cinayət işi açılan şəxslər Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP-nin sadr müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı v AXCP üzvü Məhəmməd Məcidlidir.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Anar Rüstəmov