Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev və Etibar Hacıyevin doğum günüdür. Milli Qəhrəman Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il aprelin 5-də Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. O, 1992-ci ilin əvvəllərində könüllü olaraq Milli Orduya yazılıb. Tank komandiri kimi Ağdamın Papravənd, Pircamal, Aranzəmin, Abdal-Gülablı kəndləri, Ağdərə rayonu istiqamətində rəşadətlə vuruşub. 1992-ci il avqustun 27-də Dronbon kəndi yaxınlığında əsgər yoldaşlarını mühasirədən çıxarmaq üçün qeyri-bərabər döyüşə giribvə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakının küçələrində biri onun adını daşıyır.
Etibar Firidun oğlu Hacıyev 1971-ci il aprelin 5-də Qərbi Azərbaycanın Zod kəndində anadan olub. O, 1991-ci ilin oktyabr ayından başlayaraq könüllü özünümüdafiə taburunun tərkibində Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndləri, Çəpərqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. 1992-ci ilin iyunun 15-də Goranboy rayonunun Ağcakənd qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Göygöl rayonunda Şəhidlər Xiyabanında dəfn edilib. Göygöl rayonu Yeni Zod kəndinin küçələrindən biri onun adını daşıyır.
Modern.az