Modern.az

İntiharlar ailə faciələrinə çevrilir (Ən yeni statistika)

İntiharlar ailə faciələrinə çevrilir (Ən yeni statistika)

5 Aprel 2011, 14:44

İmişlidə ərlə arvad, Lənkəranda iki qardaş eyni vaxtda özlərinə qəsd ediblər


Azərbaycanda baş verən intiharların sayı ildən-ilə artsa da, bununla bağlı heç bir rəsmi statistika aparılmır. Modern.az saytı bu ilin ilk üç ayında müxtəlif mənbələrin məlumatları əsasında özünəqəsdlərlə bağlı araşdırma aparıb. Məlum olub ki, ötən müddətdə ölkədə 89 nəfər bu və ya digər səbəblərdən intihar edib. Həmişəki kimi, müxtəlif yaş qruplarından olan insanlar özünəqəsdi daha çox müxtəlif vəziyyətlərdə həyata keçiriblər.

Azərbaycanda da dünyanın əksər ölkələrində olduğu kimi daha çox kişilər intihar edirlər. 2011-ci ilin ilk üç ayında həyatına qəsd edənlərin 69 nəfəri kişi olub. Ötən müddətdə 16 qadın intihar edib. Özünəqəsd edənlərin 4-ü isə məktəbli olub.
Zərdab rayonu, Bəyimli qəsəbəsində Ucar rayonunun Qaradağlı kənd sakini, 9-cü sinif şagirdi Nahid Əhmədov özünü valideynlərinin çalışdığı fermada asıb. Qeyd edək ki, məktəbli intiharlarının üçü mart ayında baş verib. Neftçala rayonunun Bankə qəsəbəsində 16 yaşlı Rəsul Cəfərov, Lənkəran rayonunun Boladi kəndində 17 yaşlı (onun nişanlı olduğu bildirilib) Sədaqət İsmayılova və Zərdab rayonunun Çallı kəndində 16 yaşlı Kamil Muradlı (10-cu sinif şagirdi) özlərini məlum olmayan səbəblərdən asıblar.

Suraxanı rayonunda isə 15 yaşlı Ləman Ələsgərova özünü 7-ci mərtəbədən atıb və dərhal xəstəxanaya yerləşdirilib. Onun özünəqəsd cəhdinin səbəbləri açıqlanmayıb.

Üç ayda dörd hərbçi intihar edib

Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki Sərhəd Zastavasında xidmət edən zabit, mayor Rafiq Qəniyev tabeliyindəki avtomatdan atəş açaraq özünü öldürüb. Oğuz rayon Hərbi Komissarlığından 2010-cu ilin yanvarında xidmətə çağırılan 20 yaşlı Orxan Məmmədov Bakı hərbi birləşməsinə məxsus hərbi hissələrdən birində (üç ay sonra ordudan tərxis olunacaqdı) özünü asıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 27 yaşlı Azər Əsgərov Sumqayıt şəhəri ərazisində yerləşən “Quba” kafesində “Makarov” markalı tabel silahı ilə əvvəlcə qeyri-rəsmi münasibətləri olan, 22 yaşlı Salyan rayon sakini Firuzə Əsədovanı vurub, sonra özünə qəsd edib. Hər üç hadisə mart ayında qeydə alınıb. Yanvar ayında isə Binəqədi rayon Hərbi Komissarlığından xidmətə çağırılan 19 yaşlı Nurlan Səfərov intihar edib.

Cənublular və şimallılar daha çox intihar edir

Üç ayda ən çox intihar Cənub bölgəsində qeydə alınıb. Burada özünə qəsd edənlərin 7-si kişi, 3-ü qadın, 1-i məktəblidir. Bu müddətdə ən çox intihar edən lənkəranlılar (5 nəfər) olub. Şimal bölgəsində üç ayda özünə qəsd edənlərin sayı 7 (hamısı kişidir) olub. Onların 4-ü Qusar, 3-ü Xaçmaz rayon sakinləridir.

Zaqatala rayonu, Yuxarı Çardaqlı kənd sakini, 34 yaşlı İsrafil Davudov Yeni il bayramını ailəsi ilə keçirmək üçün Rusiyadan evinə gəlib. İki uşaq atası olan İ.Davudov hətta yanvarın 2-də ailəsi ilə birlikdə qızının ad gününü qeyd edib. Məclis bitdikdən sonra isə yataq otağına gedib. Ailə üzvləri səhər oyandıqda İsrafili asılmış vəziyyətdə tapıblar.

Ailə münaqişəsi

Yanvar ayının 2-də Xaçmaz rayonu, Tağaroba kənd sakini, 38 yaşlı Akif Şərifovun meyiti kənd qəbiristanlığından tapılıb. İki uşaq atası olan mərhumun həyat yoldaşı ilə arasında məhkəmə çəkişməsi olduğu bildirilib.

Gəncə şəhəri, Sevinc qəsəbə sakini 50 yaşlı Sevinc Bağırovanın özünü öldürməsinə ilkin ehtimal kimi həyat yoldaşı ilə dava etməsi göstərilib.  

Arvad yoxluğu

Xaçmaz rayonunun Əbilyataq kənd sakini, 73 yaşlı Şəfaqət İbrahimov da özünü asıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, mərhumun intihar etməsinə səbəb 3 ay əvvəl xəstəlikdən dünyasını dəyişən 52 illik həyat yoldaşının yoxluğuna dözə bilməməsi olub. O, ömür-gün yoldaşının ölümündən sonra tez-tez şikayət edərək, onsuz qala bilmədiyini deyirmiş.

Tanınmış meyxanaçı özünü yandırıb

Sabunçu rayonu, Maştağa qəsəbəsində 40 yaşlı meyxanaçı Məşədibaba Aydəmirov özünə qəsd edib. Rəsmi məluatlara görə, mərhumun həyat yoldaşı bir neçə gün əvvəl onunla dava edərək atası evinə gedib. Məşədibaba dəfələrlə onu evə qaytarmaq istəsə də, bu mümkün olmayıb.O, son dəfə qayınatası evinə gedərək həyat yoldaşının geri qayıtmasını istəyib. Buna nail olmadıqda isə başından benzin tökərək özünə od vurub.
M.Aydəmirov ruhi-əsəb dispanserində qeydiyyatda olub. 

Xərçəngə tutulan 3 uşaq atası özünü öldürüb

Lənkəran rayonu, Ləj kənd sakini, 45 yaşlı Mirzəli Qasımov özünü asıb. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qəbələ rayonu, Məmmədağalı kənd sakini, 26 yaşlı Səbuhi Ağayev də özünü yaşadığı evin yaxınlığındakı yarımçıq tikilidə kəndirlə asıb.
Ruhi xəstə olduğundan  ailə üzvləri onu gözdən qoymurmuş. Lakin bu dəfə həyətə düşən gənc geri qayıtmayıb. Ailə üzvləri az sonra onun meyitini asılmış vəziyyətdə tapıblar.

Lənkəranda iki qardaş faciəsi

Lənkəran rayonu, Ləj kənd sakini, 36 yaşlı Rəfi Qasımov özünü öldürüb. Özünü öldürən R.Qasımov 3 gün əvvəl intihar etmiş 1966-cı il təvəllüdlü Mirzəli Qasımovun doğma qardaşı olub. M.Qasımov xərçəng xəstəliyindən əziyyət çəkirmiş və yaşadığı evdə özünü öldürmüşdü.
Qardaşının yoxluğuna dözə bilməyən Rəfi isə ondan 3 gün sonra intihar etmək qərarına gəlib.

Oğuz rayonu, Kərimli kənd sakini, 21 yaşlı Elmurad Əfəndiyev də yaşadığı evin çardağından özünü asıb. Mərhumun üzərindən məktub tapılıb. Məlumata görə, E. Əfəndiyev məktubda ali məktəbə daxil ola bilmədiyini, valideynlərinə layiq övlad olmadığını yazıb.

Təcridxanada üç intihar

Neftçala rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan rayon sakini, 30 yaşlı Aydın Abbasov alt köynəyi ilə özünü asıb. O, intihar etməzdən əvvəl məktub yazıb. Məktubda deyilir: “Ata, ana, özümlə bacara bilmirəm. Bu həyatda yaşamaq istəmirəm. Ölümümdə heç kimi günahı yoxdur”.

A.Abbasov Neftçala Rayon Prokurorluğunda başlanan cinayət işi ilə əlaqədar təqsirləndirilən şəxs qismində cəlb olunmaqla bir müddət əvvəl barəsində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülübmüş.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında Şəmkir rayon sakini, 31 yaşlı Çərkəz İbrahimov özünü saxlanıldığı kamerada öldürüb.
Ç.İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilirdi. O, 2010-cu il dekabrın 1-də qardaşı 29 yaşlı Elsevəri bıçaqla qətlə yetirib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 49 yaşlı Asim Məmmədov özünü həbsxana binasınının pəncərəsindən aşağı atıb. Ağır xəsarətlə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilən A.Məmmədov orada dünyasını dəyişib.

Mərhum Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məcburi köçkün özünü güllələyib

Oğuz rayonunun Yaqublu kəndində, Kəlbəcər rayonundan olan məcburi köçkün, Əli Ədirxanov yaşadığı ünvanda odlu silahdan atəş açaraq özünü öldürüb. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat verilməyib.

1957-ci ildə Laçın rayonun Hətəmlər kəndində anadan olmuş, Ağdamın Kolqışlaq kəndində yaşayan Çimnaz Mikayılova da yaşadığı evin həyətindəki tövlədə kəndirlə özünü asıb. Ç.Mikayılova indiyədək iki dəfə ailə qursa da, övladı olmayıb.

Keçmiş arvadını öldürən kişi özünü qəbiristanlıqda güllələdi

Qəbələ rayonunda 29 yaşlı keçmiş həyat yoldaşı Bəsti Yusifova evində odlu silahla qətlə yetirən Mehman Bəkirov özünü Qəbələ qəbiristanlığında tüfənglə özünü vurub.

Ərindən ayrılan hamilə qadın intihar edib

Qax rayonu, Şotavar kənd sakini 22 yaşlı Minayə Balayeva özünü asıb. Mərhum cəmi 4 ay əvvəl ailə həyatı qurubmuş. Lakin bir gün əvvəl ailə mübahisəsi nəticəsində ata evinə qayıdıb. Səhəri gün isə özünü öldürüb. M.Balayeva hamilə imiş.
Kənd sakinlərinin verdiyi məlumata görə, M.Balayeva 4 ay əvvəl toyuna bir gün qalmış öz nişanlısına qoşulub qaçıb. O vaxtdan əri işləmək üçün Bakıya gəldiyindən, onu da özü ilə gətirib. Sonra qaynanası ilə yola getməyən M.Babayevanı əri avtobusa mindirərək Qaxa yola salıb. Bu zaman ona cəmi 1 manat pul verib.
Ata evinə gələn qızı ailə üzvləri də xeyli danlayıb. Onu qoşulub qaçmağa görə ittiham ediblər. Bu gün isə qız özünü öldürüb...

Yazıçı Eyvaz Əlləzoğlu vəfat etdikdən bir neçə gün sonra həyat yoldaşı, 48 yaşlı Ceyran Həsənova kirayə yaşadığı mənzildə özünü asıb.

Xəstəliyə dözməyən gənc qadın özünü yandırıb

Ucar şəhər sakini 34 yaşlı Aynur Seyidova yaşadığı evdə üstünə neft tökərək özünə od vurub. Ailə üzvləri onu sondürməyə cəhd etsələr də, mümkün olmayıb. A.Seyidova tamamilə yanıb. Ağır vəziyyətdə Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum uzun müddət yataq xəstəsi olub. Onun mədəsində bədxassəli şiş, boğazında zob olub, eyni zamanda baş ağrılarından əziyyət çəkib. Üç il ərzində dəfələrlə ağrılara dözmədiyini, özünü öldürmək istədiyini deyib. Hətta bir neçə dəfə özünü öldürməyə cəhd etsə də, ailə üzvləri bunun qarşısını alıb.

Arvadı tərəfindən tərk edilən 2 uşaq atası özünü asıb

Astara rayonu, Ərçivan kənd sakini, 52 yaşlı Vahid Məmmədovun meyiti yaşadığı evdə kəndirdən asılmış vəziyyətdə qonşuları tərəfindən aşkarlanıb. Məlumata görə, ruhi xəstə olan Vahidini 3-4 il bundan əvvəl həyat yoldaşı tərk edərək, iki uşağı ilə birlikdə atası evinə gedib.

Keçmiş baş həkim xəstəxanada intihar edib

Martın 4-də Goranboy şəhər sakini Faiq Abdullayev özünü Goranboy rayon Mərkəzi Xəstəxanasının 3-cü mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib. Abdullayev uzun müddət Goranboy Rayon Mərkəzi xəstəxanasının baş həkimi olub. Lakin bir neçə ay əvvəl vəzifəsindən kənarlaşdırılıb.

4 ayın gəlini özünü öldürüb

Lənkəran şəhərində 30 yaşlı Asifə Əhmədova özünü kirayə yaşadığı evdə asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, onun 4 ay əvvəl ailə həyatı qurduğu bildirilib. A.Əhmədova 4 ay əvvəl Lerik rayonundan Lənkəran şəhərinə qaçırılıbmış. Mərhumun əri isə Rusiyada yaşayırmış.

Arvadının müalicəsinə pul tapmayan kişi özünü yandırdı

Xətai rayonu, Balaxanı qəsəbə sakini 70 yaşlı Asim Əliyev üstünə benzin tökərək özünü yandırıb. Mərhum intihardan öncə özünə qəsd etməsini həyat yoldaşının ağır xəstə olması və onu müalicə etdirmək üçün pulu olmaması ilə əsaslandırıb.

Övladı olmayan kişi özünü öldürüb

Martın 15-də Ağsu rayon sakini, 43 yaşlı Nofəl Mirzəliyev özünü asaraq öldürüb. Mərhum uzun müddət əvvəl ailə həyatı qurmasına baxmayaraq, övladı olmurmuş. Bu səbəbdən uzun müddətdir depressiyaya düşübmüş. Hətta yaxınlarına övladsız yaşamağın mənasız olduğunu deyərək özünü öldürəcəyini bildiribmiş.

İmişlidə ərlə arvad intihar edib

İmişli rayon sakinləri Teymur və Səbinə Qurbanovalar heyvanlar üçün istifadə olunan "krialin" məhlulu içərək özlərini zəhərləyiblər. Gənc ər-arvadın özlərinə qəsd etməsinin səbəbləri məlum deyil.

Quba sakini özünü qayadan atıb

Quba rayonu, Qələdüz kənd sakini, 48 yaşlı Nüsrət Atakişiyev özünü Quba – Qələdüz yolunda 130 metr hündürlüyü olan qayadan ataraq öldürüb. İlkin ehtimallara görə, Nüsrət Atakişiyevin intihar etməsinə əsas səbəb onun psixi xəstəlikdən əziyyət çəkməsi olub.

1992-ci ildə Lerik rayonunun Noda kəndində anadan olan və 9 ay öncə Lənkəranın Türkəkəran kəndinə gəlin köçmüş Gülşən Şahməmmədova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

Ad gününü qeyd edib, özünü asdı

Ağcabədi rayonu, Qaravəlli kənd sakini 1956-cı il təvəllüdlü Fərhad Məhərrəmov özünü öldürüb. İntihar etmiş 55 yaşlı kişi 3 övlad atası olub. Onun hadisədən bir gün əvvəl, yəni yanvarın 25-də onun 55 yaşı tamam olub.

Gədəbəy sakini özünü və ailə üzvlərini yandırıb

Yanvarın 20-si Gədəbəyin Zamanlı kənd sakini 36 yaşlı Ədalət Hüseynov özü ilə birgə həyat yoldaşı Hakimə Hüseynova, azyaşlı övladları Tural və Tapdıq Hüseynovların olduğu mənzili yandırıb. Ailə başçısı səhəri gün xəstəxanada dünyasını dəyişib. Həyat yoldaşı və ovladlarının həyatını isə həkimlər xilas ediblər.
Yaxınları bildiriblər ki, Ədalət Hüseynov Gədəbəy Rayon Polis Şöbəsi, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi əməkdaşlarının təzyiqlərindən bezərək yaşadığı evi yandırıb, özünə və ailə üzvlərinə qəsd edib.

Mağazası sökülən biznesmen özünü öldürdü

59 yaşlı Şəki rayon sakini Hikmət Səlimov özünü Qoxmuq kəndində, Kiş çayının üzərindəki 15-20 metr hündürlüyü olan körpüdən ataraq intihar edib.
Özünü öldürən şəxs rayonda biznes fəaliyyəti ilə məşğul olurmuş. Onun tikinti materialları satışı mağazası olub. Lakin həmin mağazanın qanunsuz tikildiyi əsas gətirilərək əraziyə buldozerlər gətirilib. Vəziyyətdən çıxış yolu tapa bilməyən H.Səlimov özünü öldürmək qərarına gəlib.

Tibb Universitetinin tələbəsi özünü asdı

Nəsimi rayonu ərazisində yerləşən yataqxanada, Tibb Universitetinin 2-ci kurs tələbəsi 20 yaşlı Elvin Qasımov özünü yaşadığı otaqda asıb. Bəzi məlumatlara görə, E.Qasımov özünü asmazdan bir gün qabaq damarlarını doğrayıb, universitetdən qovulmamaq üçün 500 manat axtarırmış.
Əslən Ağdamın Novruzlu kəndindən olan E.Qasımovun ailəsi hazırda Mingəçevirdə yaşayır. Atasını uşaq vaxtı itirən Elvinin pulsuzluqdan, universitetdə yaşadığı problemlərdən tez-tez depressiyaya düşdüyü də bildirilib.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu