Modern.az

Siyavuş Novruzov: “Yəqin ki, bir gün Liviya forması geyinəcək, başlarına Misir papaqları qoyacaqlar...” (MÜSAHİBƏ)

Siyavuş Novruzov: “Yəqin ki, bir gün Liviya forması geyinəcək, başlarına Misir papaqları qoyacaqlar...” (MÜSAHİBƏ)

5 Aprel 2011, 14:30

“ABŞ Corc Vaşinqtonun, Avraam Linkolnun zamanındakı dəyərlərdən tamamilə uzaqlaşıb. İndi bu dövlət tamam başqa maraqlar uğrunda mübarizə aparır”

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hakim partiyanın rəsmi saytına müsahibə verib. Modern.az saytı həmin müsahibəni təqdim edir.

- Siyavuş müəllim, məlum olduğu kimi aprelin 2-də bəzi müxalifət partiyaları Bakı şəhərində qanunsuz aksiya keçirməyə cəhd göstərdilər. Onların bu hərəkətini necə qiymətləndirmək mümkündür?

- Bildiyiniz kimi aprelin 2-də bəzi müxalifət partiyaları qarşıdurma yaratmaq məqsədilə Fəvvarələr meydanında qanunsuz aksiya keçirməyə cəhd göstərdilər. Halbuki, Bakı şəhər İcra Hakimiyyəti müxalifət üçün başqa bir yer təklif etmişdi. Buna baxmayaraq, müxalifət düşərgəsi qanunsuzluq etməkdə qərarlı oldular. Bununla belə qeyd etməliyəm ki, müxalifətin həmin qeyri-qanuni aksiyası tamamilə iflasa uğradı. Əslində, bu hərəkəti ilə müxaliflər bir daha öz simasını göstərdi. Bu da Azərbaycan xalqına qarşı çıxmaq, milli maraqlarımız, dövlətçilik əleyhinə çıxmaqdan ibarətdir. Aprelində 2-də baş verən hadisələr bunu sübut etdi. Müxalifət düşərgəsinin bu hərəkəti ilk növbədə, İnsan hüquqları haqqında beynəlxalq konvensiyaya ziddir. Qanunsuz aksiya nəticəsində xeyli sayda insanın hüquqları kobud şəkildə pozuldu, eləcə də, həmin ərazidə fəaliyyət göstərən təşkilatlar, ticarət obyektləri maddi və mənəvi ziyan çəkdilər. Ona görə də, bu aksiyanın nə insan hüquqları, nə demokratiyaya aidiyyatı yoxdur. Bu, sadəcə, Azərbaycanın inkişafının, əhalinin rifahının yüksəlməsinin əleyhinə olan addımdır.

- Mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müxalifətə müəyyən yerlər təklif olunsa da, onlar bundan imtina etdilər. Sizcə, bu addımın atılmasında məqsəd nədir?


- Biz dəfələrlə bəyan etmişik ki, əgər müxalifətin tərəfdarları varsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş yerlərdə aksiya keçirsinlər. Bəla ondadır ki, həmin adamların tərəfdarları, sosial bazaları yoxdur və buna görə də onlar çalışırlar ki, qarışıqlıq yaratsınlar. Müxalifət zəif olduğunu bildiyi üçün müəyyən olunmuş yerdə aksiya keçirmədi. Əslində, Fəvvarələr meydanı ilə Bayılda aksiyalar üçün ayrılmış yerin arası cəmi 1-2 kilometrdir və həmin əraziyə 5-6 dəqiqəyə getmək mümkündür. Bu faktlar onu göstərir ki, müxalifətin məqsədi mitinq keçirmək yox, qarışıqlıq yaratmaqdır. Bu qarışıqlığı yaratmaq üçün də onlara göstəriş verilib. Bu prosesi biz müşahidə etmişik və şahidi olduq ki, onlar tapşırıq əsasında bunu edirlər. Həmin tədbirlərdə söhbət insan hüquqlarından, demokratiyadan və digər məsələlərdən getmir. Burada söhbət onlara xaricdən verilən tapşırıqların yetirən yetirilməsindən gedir. Hansısa xarici qüvvənin əlində vasitə olan qrup ölkəmizdə çaxnaşma yaratmaq istəyir.
Mən 1993-cü ildən bu günə qədər müxalifətin keçirdiyi aksiyaların hamısını izləmişəm. 16 ildir ki, Yeni Azərbaycan Partiyasının təşkilat şöbəsinə rəhbərlik edirəm. Yəni təşkilati məsələlərdə təcrübəm olduğu üçün mən bir dəfə baxanda hansı tədbirdə nə qədər adamın iştirak etdiyini bilirəm. Aprelin 2-dəki hadisəyə gəlincə, müxalifətin hətta şişirdilmiş rəqəminə görə, guya 5 min nəfər həmin aksiyada iştirak edib. Halbuki bu tam yalandır və müxalifət bu rəqəmi təxminən 20 dəfə şişirdir. Əgər nəzəri baxımdan onların dediyi qədər adam olsaydı belə, həmin «liderlər» gərək siyasi səhnədən gedələr. Bu gün onlar guya «İctimai palata» adlı qurum yaradıblar, amma mənim fikrincə, ölkəmizdə belə bir təşkilat yoxdur. Bu, sadəcə bir qrup müxalifət nümayəndəsinin toplaşdığı oyuncaq bir qurumdur. Həmin qurumda isə bir sıra partiyalar, seçkidə uğur qazana bilməyən və xalq tərəfindən boykot olunan müəyyən qrup var. Onları qohum-əqrabaları ilə birgə nəzərə alsaq, əgər cəmi 5 mindir nəfərdirlərsə həmin «liderlər» dediyim kimi istefa verməlidirlər. Məlumat üçün deyim ki, təkcə YAP Zərdab rayon təşkilatının üzvlərinin sayı bütövlükdə onların sayından çoxdur. Bu, göstərir ki, Azərbaycan ictimaiyyəti indiki hakimiyyəti dəstəkləyir və həyata keçirilən mövcud dövlət siyasətini müdafiə edir.

- Azərbaycan müxalifəti bir vaxtlar bəzi postsovet ölkələrində baş verən hadisələrdən «ruhlanmışdı», indi isə ərəb dövlətlərindəki inqilabları ölkəmizdə təkrar etmək istəyirlər. Sizcə, reallıqları dərk etməyən müxaliflər kimlərinsə əlində vasitə olmağın əhəmiyyətsizliyini nə vaxtsa anlayacaqmı?

- Müxalifət partiyalarına rəhbərlik edən adamlar öz üzərlərində işləyə bilmir, əksinə kiməsə oxşamaq istəyirlər və başqalarından pay ummağa çalışırlar. Dəfələrlə şahidi olmuşuq ki, Ukraynada kimsə narıncı rəngdə geyinəndə, onlar da narıncı geyinib. Gürcüstanda əllərinə qızılgül götürəndə burada da bəziləri də əllərinə gül götürdülər. Bəlkə də, heç ata-babalarının qəbirlərinə gül aparmayıblar, ziyarət etməyiblər. Yəqin ki, bir gün Liviya forması geyinəcək, başlarına Misir papaqları qoyacaq və nə vaxtsa başlarına əmmamə qoyub mollalıqla məşğul olacaqlar. Bu məsələlərlə bağlı demək istəyirəm ki, ərəb dövlətlərində baş verən hadisələr heç də həmin xalqların maraqlarına uyğun deyil. Bütün bunlar xarici qüvvələr tərəfindən təşkil olunmuş hadisələrdir. Demək istəyirəm ki, ABŞ artıq öz dəyərlərini itirib. Hansı ki, bu, demokratiya, haqq-ədalət dəyərləri idi. Artıq ABŞ Corc Vaşinqtonun, Abraam Linkolnun zamanındakı dəyərlərdən tamamilə uzaqlaşıb. İndi bu dövlət tamam başqa maraqlar uğrunda mübarizə aparır. Bu da aydındır ki, iqtisadi maraqlardır. Necə olur ki, bidən-birə Misirdə, Liviyada vətəndaşların hüquqları yada düşür? Bunlar hamısı aydın məsələdir ki, iqtisadi baxımdan Amerikanın, bəzi Avropa dövlətlərinin potensialı tükənir. Həmin dövlətlər öz xalqlarını yaşatmaq üçün başqa xalqların qanını tökməklə onların sərvətlərini əldə etməyə çalışırlar. Bəzi siyasətçilər bunu səthi şəkildə deyirlər. Amma mənim fikrimcə, hər şey açıq deyilməlidir ki, Qərbin məqsədləri nələrdən ibarətdir. Guya Liviyada üsyançılar Qətər dövləti vasitəsilə neft satır. Bu belə deyil, nefti Amerika özünə aparır ki, çəkdiyi xərclərin əvəzini çıxsın. Heç bilinmir ki, Liviyada üsyançılar kimdir, müxalifət kimdir. Sadəcə, bəhanələrlə bu xalqın sərvətini talayırlar. Necə ola bilər ki, ABŞ Dövlət Departamentində kimsə qərar qəbul edir və bununla da bir dövlətin və xalqın taleyinə böyük zərbə vurulur. Belə hərəkətlərə son qoyulmalıdır.
Azərbaycanda da bəzi müxaliflər ölkəmizin inkişafını istəməyən xarici qüvvələrə xidmət edir. Amma tamamilə yanılırlar. Çünki Azərbaycan xalqı ilə dövlət bir yerdədir. Xalq seçki yolu ilə öz Prezidentini seçib və Ona inanır. Azərbaycan Prezidenti hər zaman insanların arasındadır. Mən müxalifətin «liderlərindən» soruşuram ki, bir dəfə insanların arasına çıxıblarmı? Aprelin 2-də mitinq çağırdınız, niyə kişiliyiniz çatıb ortaya çıxmadınız? Yalandan ortaya söz atırlar ki, guya hansısa «təxribat» törədiləcəkmiş. Onlar uşaq-muşağı qabağa salıb onların arxasında gizlənirlər. Onlar həmişə belə ediblər. 20 yanvar hadisəsi baş verən gecədə İsa Qəmbər Yusif Səmədoğlunun evində oturub konyak içirdi, Əli Kərimli qaçıb gizlənmişdi. Amma camaat vətən naminə meydanlara çıxmışdı. Əgər kişilikləri çatırdısa hamıdan irəlidə olmalı idilər. Əsil sərkərdə daim ordusunun qarşısında olar. Bizim milli kökümüzdən, türkçülükdən gələn məsələdir ki, sərkərdə öndə gedir, arxasınca dəstəsi gəlir. Bizdə isə müxalifət «liderləri» tülkü kimi qaçıb gizlənirlər. Amma camaaatı qabağa verib özünü gizlətmək nə insanlıqdan, nə də kişilikdən deyil.

- Məlum olduğu kimi 2 aprel tarixi Kəlbəcərin işğal olunduğu gündür. İnsanların bu ağrılı tarixi andığı bir gündə ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərmək mənəvi baxımdan düzgündürmü?

- Kəlbəcər rayonu məhz AXC-Müsavat cütlyünün hakimiyyəti dövründə işğal olunub. Əslində, həmin tarixdə belə hərəkətlərə yol vermək insanların heysiyyatına toxunmaqdır. Fikrimcə, bu addımla Əli Kərimli, İsa Qəmbər kimi adamlar öz mahiyyətlərini bir daha Azərbaycan xalqına göstərdilər. Hamının yadındadır ki, İ.Qəmbər o zaman Kəlbəcərin icra başçısının toyunda iştirak etmək üçün günlərlə orada qaldı, yedi, içdi. O Bakıya qayıdandan bir müddət sonra isə Kəlbəcər ermənilərə verildi. Bu faktlar insanların yaddaşındadır. Kəlbəcər hərbi baxımdan ən strateji ərazi idi. Bu rayonun işğal olunması ilə ermənilərin bizim digər torpaqlarımızı işğal etməsi üçün imkanlar yarandı. Ola bilsin, yetişən gənclik bu faktları yaxşı bilmir. Amma reallıq bundan ibarətdir. Həmin gün müxalifətin qanunsuz mitinq cəhdi onu sübut edir ki, onlar xaricdəki ağalarının tapşırıqlarını yerinə yetirdilər.

- Vaxtaşırı olaraq iqtidarla müxalifət arasında dialoq məsələsi gündəmə gəlir. Belə bir şəraitdə bu cür siyasi qüvvələrlə hər hansı dialoqa getmək mümkündürmü?

- YAP ümummilli məsələlərlə bağlı hər zaman dialoqa hazırdır. Biz bunu dəfələrlə bəyan etmişik. Amma dialoq sağlam qüvvələrlə aparılmalıdır. Ölkəmizdə qarşıdurma yaratmaq istəyən partiyalar YAP-ın potensialının, gücünün, eyni zamanda, özlərinin maraqlarının nədən ibarət olduğunu yaxşı bilirlər.

- Bəzi beynəlxalq təşkilatlar 2 aprel hadisələri ilə bağlı bəyanatlar verdilər. Onların bəyanatlarına münasibətiniz necədir?

- Hesab edirəm ki, həmin gün müxalifətin icazəsiz aksiya keçirmək cəhdi və bəzi beynəlxalq təşkilatların məlum bəyanatlar verməsi bir-birinə bağlı məsələlərdir. Fikrimcə, həmin təşkilatlar istədiklərinə nail olmadılar. Hadisələr zamanı müşahidələr aparan bu qurumların nümayəndələri başlarını bulayırdılar. Az qala başlarını daşa-divara vursunlar ki, biz bunlardan nə gözləyirdik, amma nə nəticə əldə etdik. Belə düşünürəm ki, beynəlxalq təşkilatlar müxalifətdən razı qalmadılar və onların «qabiliyyətlərinin» üzərindən xətt çəkdilər. Hesab edirəm ki, 2 apreldə guya insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq qurumların verdikləri bəyanatların da heç bir mənası yoxdur. Çünki həmin qurumlar Azərbaycanın haqq işi uğrunda mübarizəsinə dəstək verən təşkilatlar deyillər. Onlar bir müəllimin, həkimin, ziyalının hüquqlarını qorumayıblar, yalnız cinayətkarları, metroda terror törədənləri, ərazi bütövlüyümüzü parçalamaq istəyənləri müdafiə edirlər. Xalq da bilir ki, onlar bu cür insanlardır. Mən beynəlxalq təşkilatlara sual verirəm: Nə üçün ATƏT-in bir nümayəndəsi ermənilər tərəfindən öldürülmüş azyaşlı azərbaycanlı uşağın ailəsinə baş çəkmədi, həmin uşaq qətlə yetirilən yerdə olmadılar? Nə üçün cəbhə xəttində gündəlik atışmalar olur və ATƏT təmsilçiləri orada müntəzəm monitorinqlər aparmır? Amma Fəvvarələr meydanında qolunda ATƏT yazılan xeyli sayda adam gəzirdi. Məgər bu meydanda döyüş gedirdi? Azərbaycanın ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, ATƏT buna kəskin mövqeyini bildirməlidir. Müşahidə aparmaq istəyirlərsə, onların yeri təmas xəttindədir. Yaxşı olar ki, ATƏT-in nümayəndələri ermənilərin işğalı nəticəsində öz toropaqlarından didərgin düşmüş insanların vəziyyəti ilə maraqlansınlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu