Bu qəribə baxışları və isterik sifəti olan bədəvi lider altı oğlu və bir qızı ilə əməlli-başlı imperiya yaratmışdı
Müəmmər Qəddafi bu gün dünyanın siyasi gündəmində olan bir siyasi fiqura çevrilib. Bütün dünyanın devriməyə çalışdığı bu qəribə baxışları və isterik sifəti olan bədəvi özünün inadı və tərsliyi ilə hamını təəcübləndirə bilsə də, onu necə deyərlər sonda aşıra bildilər. Liviyanın artıq sabiq rəhbəri deyə biləcəyimiz Müəmmər Qəddafi özünün siyasi fəaliyyəti ilə nə qədər tanınırsa da, onu şəxsi həyatı o qədər qapalıdır.
Modern.az saytı Liviya liderinin özü və ailəsi barədə bəzi məlumatları oxuculara təqdim edir.
Onun əsl adı Müəmmər ben Muhəmməd Əbu Menyar Abdel Salam ben Həmid-əl Qəddafidir. Müəmmər 1942-ci ilin yazında Liviyanın Sirt şəhərinin 30 kilometrliyində olan çadırda dünyaya gəlib. Əl-kəddafə tayfasından olan atası köçəri həyat sürüb. Dəvə və qoyun sürülərini otarırımış. Anası və üç bacısı ev işləri ilə məşul olublar.
Onun uşaqlığı və yeniytməliyi müstəmləkə sisteminin dağıldığı 50-60-cı illərə düşüb. Afrika qitəsində gurultu ilə dağılan bu sistemin altından çıxan yeni müstəqil dövlətlər həmin illərin geopolitik maraqları olan iri ölkələr tərəfindən “ovlanmağa” başlayırdı. SSRİ və ABŞ-ın rəqabəti ilə müəyyən olunan ikiqütblü dünya özünün ideoloji tezislərini bu qitəyə də gətirib çıxarmışdı.
Qəddafi müsahibələrinin birində uşaqlığı və ilk gəncliyini xatırlayarkın etiraf edib ki, o müstəmləkə sisteminin bütün əzablarını hiss edib. O zaman üçün populyar olan “sosial ədalət” şüarı gənc Müəmmər üçün də cazibədar olub. Sol ideologiyaya və “qırmızı” ideyalara meyllilik bəlkə də ondan irəli gəlib.
Qəddafinin birinci arvadı Liviya kralı I İdrisin ordusunda qərargah rəisi olan general Xalidinin qızı Fatimə olub. Orta məktəb müəlliməsi olan Fatimə ilə çox yaşamayıb. Qəddafi çevriliş edib kralı devirəndən sonra dərhal həyat yoldaşından da ayrılıb. Bu nigahdan isə bir oğlu -Muhəmməd dünyaya gəlib.
Qəddafi ilə təmasda olanlar deyirlər ki, o, evdə övladlarına qarşı çox sərtdir. Məsələn, qızı Ayişənin uzun-uzadı xahişlərindən sonra ona fortopianoda ifa etməyə icazə versə də, onun üçün bu aləti almayıb. Liviya lideri qapalı həyat tərzi keçirir. O kofe, çay, spirtli işkilər içmir. Siqaret çəkmir. Çox az yeyir. Amma diktator gözəl geyinmək həvəskarıdır. Ən çox da milli geyimləri.. Hərbi mündirlərə qarşı isə hədsiz sevgisi var.
Bir müsəlman kimi dini inancında möhkəm olan Qəddafi Allaha inanır, müsəlman qaydalarına əməl edir. O, Quranı əzbər bilir. Müəmmər Məkkəni də ziyarət edib və Hacı titulunu alıb. Qəddafinin vətəni olan Liviyada gündə beş dəfə azan verilir. Ölkədə qumar oyunları qadağan edilib, teatrlar yoxdur. Kinoteatrlarda isə əsasən hind melodramaları göstərilir.
Onun yaxın adamları deyir ki, Qəddafi çətin həmsöhbətdir. Bu ekzotik lider həmçinin sözünün kəsilməsini xoşlamır və uzun-uzadı danışmağı sevir. Bütün məşhur zatlar kimi Qəddafinin də hobbisi var: cins atlar və ov eləmək... Qəddafi rok ulduzu kimi ekstravaqantdır.
Səfər zamanı onu hərbi səhra geyimində bakirə qızlardan ibarət mühafizə xidməti qoruyur.
Qadınlara qarşı xüsusi münasibətilə seçilən sabiq Liviya lideri deyir ki, müsəlman aləmində qızlar ərə gedənə qədər bakirə qalmalıdır, “qadın ərə gedəndən sonra ev işlərinə baxmalı, uşaq böyütməlidir” deyə o, bildirir.
Altı oğlu və bir qızı...
Qəddafinin uşaqları Liviyanın bütün həyati əhəmiyyətli sahələrində önəmli postlar tuturdular.
Birinci həyat yoldaşından olan Muhəməd Liviyanın mobil rabitə sahəsinə rəhbərlik edirdi.
Şahidlər deyir ki, Liviyada iğtişaşlar başlayan kimi Muhəmməd bütün liviyalıların mobil telefonlarına kifayət qədər kontur yüklətdirib. Deyirmiş ki, bununla o ölkə sakinlərinin bir-biri baş verən hadisələr barədə danışmasına şərait yaradıb.
Liviya liderinin iknici arvadının adı Safiya Farkaşdır. Diktatorun bu qadınla nigahından 7 uşağı var: 6 oğlu, bir qızı..
Ailənin böyük oğlu 38 yaşlı Səif-əl-İslam London İqtisad Məktəbinin yetirməsidir. İngilis dilində əla danışır. İqtisad elmləri namizədidir. Düzdür, hadisələr başlayandan sonra oxuduğu Məktəbdə Saifin guya kimdəncə köçürərək elmi işi müdafiə etməsi ilə bağlı hay-küy qalxdı. Məktəb hətta buna görə üzr istədi. (Amma Saifin bu məktəbə ianə kimi köçürdüyü 2 milyon dolları qaytarmadı).
Saifə Qərbdə, həmçinin bu ərəb ölkəsində liberallaşma hərəkatını lideri kimi baxırdılar. Hər halda qiyama qədər onun adı Liviya cəmiyyətinə liberal dəyərlər aşılaya biləcək şəxs kimi çəkilirdi. İndi onu “bəşəriyyətin düşməni” elan ediblər.
İknci oğlu Saadi tanınmış futbolçu və kinoprodüsser idi. Bunlardan başqa onun barəsində heç bir məlumat bəlli deyil. Saadi adı ilə bağlı yalnız bir əhvalat danışılır. Liviya milli komandasına baş məşqçi gətirilmiş Franko Skolo Saadini komandadan xaric edib. Buna görə də baş məşqçi işini itirib. Onu geriyə evinə yola salıblar. Skoloya başa salıblar ki, buna necə cürət edib. Beş milyon funt müqabilində Saadiyə bir neçə ay dünya şöhrətli Maradona dərs keçib. O, bir müddət öncəki bombardmanda həlak oldu...
Qəddafinin digər oğlu Hannibal Liviyada neft ixracı ilə məşğul olan dövlət şirkətində işləyib. Pleyboy həyat tərzi ilə tanınan Hannibal saldığı gurultulu qalmaqallarla sarı mətbuatın sevimli siması olub. 2005-ci ildə onu gəzdiyi hamilə qadını döyməkdə ititham ediblər. 2008-ci ildə isə Cenevrədə qulluqçunu döydüyunə görə həbs edilib.
Qardaşlardan Saif-el-Arab heç bir rəsmi post tutmurdu. Özəl biznesi ilə bağlı da məlumat yoxdur. O daha çox bahalı avtomobillərə olan həvəsi ilə tanınırdı. Tez-tez bahalı “Ferrarisi” ilə sakit Avropa küçələrində görünməyi xoşlayırdı.
Qəddafinin digər iki oğlu hərbçidir. Hamis Liviya xüsusi təyinatlı dəstələrinə rəhbərlik edirdi. Qeyd edək ki, o, Rusiyanın hərbi akademiyalarının birində təhsil alıb. Hamis də bu yaxınlarda NATO aviasiyasının bombardmanı zamanı həlak oldu.
Polkovnik-leytenant olan oğlu Mütəssim isə Liviya ordusunun zabitiydi. O, Milli təhlükəsizlik məsələləri üzrə atasının müşaviri idi. Mütəssim haqqında o qədər də yaxşı olmayan söz-söhbət gəzir. Deyilənlərə görə, bir dəfə atasına qarşı üsyan təşkil etmək istəyib. Bunun üstü açılıb. Amma Qəddafi nədənsə, oğlunu əfv edib.
Liviya liderinin yeganə qızı olan Ayişə Qəddafi isə BMT-nin xoşməramlı səfiridir.
O, həmçinin İraq diktatoru Səddam Hüseyni müdafiə edən vəkillər qrupunun üzvü olub.
Bunlardan başqa, Qəddafinin bir götürülmə qızı da olub. 1986-cı ildə ABŞ Liviyanı bombalayanda balaca qız həlak olub.
Varı başından aşan ailə
Qəddafi ailəsi dünyanın zəngin ailələrindən sayılır. Onların əsas biznes maraqları ölkənin sərvəti olan neft və qaz sənayesinə qoyulan investisiyalardan ibarətdir.
Ailəyə məxsusu “Lybian Investment authority” (LIA) və “Lybian arab foreign investment company “(Lafic) adlı fondlarının kapital fondu 70 milyard dollar təşkil edir.
2005-ci ildə Seyf-əl İslamın başçılıq etdiyi One-Nine Petroleum şirkəti də dövlət investisiyalarına nəzarət edir.
Qəddafinin digər oğulları Mutəssim, Hamis və Hannibal neft ixracından öz paylarını götürüblər. Qəddafinin qızı Ayişə isə ölkənin tikinti şirkətlərinə nəzarət edirdi. Onun həmçinin Liviyada plastik cərahiyyə ilə məşğul olan klinikasında da maliyyə maraqları var.
Lakin 42 illik hakimiyyətə artıq son qoyuldu, Qəddafi ailəsinin sonu necə olacaq, bilinmir... Hacı Müəmmərin oğlanları həbs olunub, özünün isə harda olduğu məlum deyil...
|
Müəmmər Qəddafinin gəncliyi... |
|
Qəddafi və onu qoruyan mühafizəçi bakirə qızlar. |
|
Liviya Liderinin ikinci arvadı. |
|
Oğlanları Hannibal Qəddafi |
|
Qəddafinin qızı Aişə |
|
Liderin futbolşu oğlu Saadi. |
|
Ailənin ikinci oğlu Mütəssim. |
|
Qəddafilərin böyük oğlu Səif-əl-İslam. |
|
Qəddafi cangüdən qızların əhatəsində. |