Modern.az

Dini ekspertlər: “Keşişlərin “Məryəm sürəsi” olan bir kitabı yandırması ilk növbədə xristanlığa təhqirdir”

Dini ekspertlər: “Keşişlərin “Məryəm sürəsi” olan bir kitabı yandırması ilk növbədə xristanlığa təhqirdir”

14 Aprel 2011, 15:20

ABŞ-da kilsə xadimləri tərəfindən müqəddəs kitabımız olan “Quran”a qarşı törədilən vandalizm aktı - onun yandırılması  dünyada ciddi rezonans verib. Bir sıra müşahidəçilərin fikrincə, səmavi kitaba qarşı belə münasibət son illərdə İslam əleyhinə yönəlmiş hücumlarla bağlıdır. Maraqlı qüvvələrin bu yolla dini hissləri qıcıqlandırmaq və siyasi dividentlər götürmək məqsədi bu baxımdan heç kimə sirr deyil…

Bəs bizim dini ekspertlər bu barədə nə düşünürlər? Modern.az bununla bağlı ilahiyyatçı ekspert Rəsul Mirhəşimlidən və “Tolerantlıq” İctimai Birliyinin rəhbəri Azər Rəşidoğludan mövqe öyrənib.

“Miçiqan Unversiteti “Quran”ı öyrənən mərkəz yaradır, nadan keşiş isə yandırır” 

İlahiyyatçı-ekspert Rəsul Mirhəşimlinin  sözlərinə görə, “Qurani-Kərim”in yandırılması Avropada birinci hadisə deyil  və bunu daha çox guya, 11 sentyabr hadisələrinə etiraz kimi  qələmə verirlər.  

“İslam dini terroru, zorakılığı pisləyir və bununla bağlı Allahın yer üzünə - insanlara göndərdiyi müqəddəs “Qurani-Kərim”də də bir sıra ayələr var. Müqəddəs kitabda bir insanın öldürülməsi  bütün bəşəriyyətin ölümunə bərabər olduğu bildirilir. Bunu bilən  insanlığa, insan canının qorunmasına yönəlmiş, Allah əmrlərini öz həyatında yaşadan insanların dini kitabını yandırmaz. Bunu mən ilk növbədə nadanlıq əlaməti hesab edirəm”.

Ekspertin sözlərinə görə, Allahın kitabının xrisitan keşişlər tərəfindən yandırılması xüsusilə xoşagəlməzdir hadisədir. “Son vaxtlar Avropada və Amerikanın özündə də İslam dininə maraq getdikcə  artır. İslamın elmi izahını araşdırıb öz həyatında tətbiq eləmək istəyən insanlar var. Amerikada Miçiqan universitetində İslam araşdırması ilə bağlı ayrıca bir şöbə də yaranıb və bununla məşğuldur”-deyə R.Mirhəşimli vurğulayıb.

Onun fikrincə, müəyyən dairələr belə aksiyaları təşkil etməklə müsəlmanları qıcıqlandırmaq və bununla da İslam ümmətini dünyaya terrorçu kimi təqdim etmək niyyəti güdürlər.

İlahiyyatçı-ekspert deyir ki, bu addımı sadə bir insan atsaydı, bunu hardasa nadanlıq kimi dəyərləndirmək olardı.
“Amma din xadimləri - xristian keşişlər, rahiblər tərəfindən çox murdar şəkildə ”Qurani-Kərim”in yandırılması birinci növbədə onların öz dinlərinə hörmətsizlik nümayiş etdirməsidir. İslam dini dinlərin sonuncusu olaraq insanlara belə bir şərait verir ki, Allahın mələklərinə və bütün peyğənbərlərə iman gətirsinlər. Yəni  müsəlmanlar təkcə həzrəti Məhəmmədə yox, ona qədər olan bütün peyğəmbərlərə iman gətirir. Xristianların peyğəmbər kimi tanıdıqları İsa peyğəmbər həm də bizim peyğəmbərimizdir.  “Qurani-Kərim”də dəfələrlə adı çəkilən, ayrıca “Məryəm sürəsi” olan bir kitabın yandırılması ilk növbədə xristanlığa təhqirdir və öz dinlərini gözdən salmaqdır”-deyə R.Mirhəşimli bildirib.

“Müqəddəs kitabı yandıranlar sivilizasiyalararası münaqişədə marağı olanlardır”

“Tolerantlıq” İctimai Birliyin sədri Azər Rəşidoğlu isə hesab edir ki, müqəddəs “Qurani-Kərim”in yandırılması tək dini etiqad daşıyıcılarına yox, ümumilikdə bütün insanların heysiyyatına toxunan bir hadisədir.
“Milyonlarla insanın müqəddəs hesab etdiyi məsumlara belə çirkin səviyyədə əl uzadılması yolverilməzdir. Görünür ki, kimlərsə bu gün sivilizasiyalararası münaqişədə maraqlıdırlar. “Qurani-Kərim”in artıq dünyaya hansısa bir formada hakim olması, Avropa ölkələrinin özündə müsəlmanlarının sayının həddindən çox olması, kimlərisə möhkəm əndişəyə salır. İslama qarşı hansısa təxribat addımlar atmaqla bu qarşıdurmanı gücləndirmək istəyirlər”-deyə o vurğulayıb.  

A.Rəşidoğlunun sözlərinə görə, İslam ölkələrinin bəzilərinin özlərinin də də ağlasığmaz, düşünülməmiş addımlar atması, heç bir günahı olmayan insanların öldürülməsi müsəlmanları vəhşi obrazda qələmə vermək istəyənlərin ssenarisinə uyğun gəlir. “Biz bu məsələdə düşmənin silahından istifadə etməməliyik, həmin təhqirdə biz məğlub ola bilərik. “Qurani-Kərim”in  sülhə çağırış kitabı olduğunu, həzrəti peyğəmbərin bir sülh carçısı olduğunu sübut etmək üçün kimlərisə öldürməməli, əslində bu məsələdə maarif işini qabartmalıyıq”.

Ekspertin fikrincə, orta statistik Avropa vətəndaşına, Qərb vətəndaşına, həzrəti peyğəmbərin kim olduğunu, “Qurani-Kərim”in terrorçularıa stolüstü kitab yox, əksinə eşqə, məhəbbətə, barışığa, insanlığa, qardaşlığa çağıran bir kitab olduğunu aşılamalıyıq.
“Radikal addımlara qarşı radikal cavab verilməsi,  həmin qarşıdurmanı gücləndirməklə yanaşı, eyni zamanda İslam həqiqətlərindən o qədər də məlumatlı olmayan Avropa və Amerika vətəndaşlarında İslama qarşı çox kəskin və ikrah doğrucu təsəvvürlər yaradır. Mən hesab edirəm ki, bu cür provakasiyalara, təxribatlara getmək yanlışdı. Biz sadəcə olaraq maariflilik, sülh yolu ilə özümüzün necə sülhə tərəf olduğumuzu göstərməliyik”-deyə A.Rəşidoğlu bildirib.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu