Hesablama Palatasının 2010-cu il üçün İş Planına uyğun olaraq dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üzrə “Bakıelektrikşəbəkə” ASC paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasına ayrılan vəsaitlərin istifadəsi üzrə audit tədbiri həyata keçirilib. Nəticədə nöqsanlar aşkarlanıb. Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib.
Aparılan auditin nəticəsində, xüsusi razılıq (lisenziya) olmadan cəmiyyət tərəfindən obyektlərin layihə-smeta sənədlərinin hazırlanması, əksər obyektlərin etimal olunan dəyərinin qüvvədə olan metodik göstərişlərə uyğun müəyyən edilməməsi, ayrılmış vəsaitlər hesabına görüləcək işlərin layihə-smeta sənədlərinin ekspertizadan keçirilməməsi, dövlət büdcəsi vəsaiti hesabına keçirilən satınalmalar zamanı bir sıra obyektlər üzrə tender komissiyasının tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil edilməməsi, satınalmaların müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təkliflər sorğusu metodu ilə həyata keçirilməsi, bəzi malgöndərənlər üzrə satınalma proseduraları keçirilən zaman ixtisas uyğunluğu, malgötürənlərin müvafiq sahədə peşəkarlığı, texniki və maliyyə imkanları, işçi qüvvəsi, etibarlılığın olmamasının müəyyən edilməməsi, vegi və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklər barədə sənədlərin alınmaması halları aşkar edilib.
"Həmçinin, satınlamaların qalibləri satınalma müqavilələrinin yerinə yetirilməsi təminatını təqdim etməmiş tenderin əsas şərtlər toplusunda və yekun protokolunda avans ödənişi və onun zəmanət məbləği nəzərdə tutulmadığı halda bağlanılmış müqavilələrə avans ödənişləri şərti ilə daxil edilmiş, xüsusi razılıq lisenziyası olmuyan bir sıra podratçı təşkilatlarla satınalma müqaviləsi bağlamaqla tikinti-quraşdırma və əsaslı təmir işlərinə vəsait ödənilmiş, paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması işlərinə ayrılmış vəsait hesabına tədarük edilən xarici və yerli istehsal olunan avadanlıq və materialların (həm də bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş) uyğunluq, mənşə və keyfiyyət sertifikatları olmamış, depitor borcların yaranmasına şərait yaradılmış, tikintisi başa çatdırılan obyektlər balansa qəbul edilərək istismar olunsa da, işçi və Dövlət Qəbulu komissiyaları tərəfindən qəbul edilməmişdir"-deyə hesabatda bildirilib.
Kollegiyanın qərarına əsasən aşkar edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə “Bakıelektrikşəbəkə” ASC-ə təqdimat göndərilib.
Modern.az