Yaxud Tomas Şellinqin "pressinq" nəzəriyyəsi
Ölkəmizdə cərəyan edən siyasi proseslərin inkişafı ilə bağlı bəzi mətbuat orqanlarında dərc olunan yazıları, eləcə də daxili zidiyyətlərin dərinləşməsində maraqlı olan güclərin yönləndirici ismarıclarını nəzərdən keçirdikdən sonra baş verənlər barədə qənaətlərimi oxucularla bölüşmək qərarına gəldim.
Şübhəsiz ki, istənilən məsələ haqqında hətta subyektiv olsa da belə konkret qənaətə gəlmək üçün problemin mahiyyətini əks etdirən və ilk baxışda sadə görünən suallara cavab tapmaq lazımdır. Öncə günün suallarını müəyyənləşdirək:
Beləliklə, Azərbaycanda nə baş verir? Və baş verənləri açıq-aşkar stimullaşdıran xarici dairələr öz ənənəvi nüfuz müvəkkillərini hərəkətə gətirməklə hansı məqsədi güdürlər?
Son parlament seçkilərindən sonra bütün təsir imkanlarını itirən, sıraları gündən-günə seyrəlməkdə olan ənənəvi və barışmaz müxalifət liderləri öz siyasi mövcudluqlarını qorumaq üçün daha radikal addımlar atmaqla gündəmdə qalmağa və daralmaqla olan əhatə dairələrini genişləndirməyə çalışırlar. Çünki bu və ya digər səbəblərdən narazı düşən insanlardan, eləcə də ənənəvi müxalifət liderlərinin yürütdüyü siyasətin iflasa uğraması nəticəsində bütün ümidləri boşa çıxan ikinci-üçüncü eşalon təmsilçilərindən növbəti dəfə yararlanmaq üçün onlara daha çox radikalizm nümayiş etdirmək lazımdır. İndiki halda radikalizm dopinq (narkotik) funksiyası daşıyır və "doza" konkret vəziyyətə uyğun olaraq da artırılır.
Bu prosesdən və barışmaz qütbün mövcudluq mücadiləsindən öz maraqları üçün istifadə etməyə çalışan xarici qüvvələr isə baş verənlərə yeni texnologi elementlər və "ümidverici notlar" əlavə etməklə daha sərt pressinq siyasətinin tətbiqinə çalışırlar. Ötən dövrlərdən fərqli olaraq, xarici dairələrin aqressiv pressinq metodlarına üstünlük vermələrinin isə təbii ki, öz səbəbləri var. Hazırda masanın üzərindəki marağın çəkisi həddən artıq ağırdır. Söhbət Azərbaycanın ərazi bütövlüyündən və Dağlıq Qarabağın Ermənistana güzəştə gedilməsi üçün təslimiliyə sövq etmə kampaniyasından gedir.
Türkiyə ilə Ermənistan arasında Sürix protokollarının imzalandığı, sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası istiqamətindəki danışıqların aktiv mərhələyə qədəm qoyduğu zamanadək Qərb texnoloqları Dağlıq Qarabağ probleminin həlli üçün sabitliyin daha effektiv ola biləcəyinə ümid bəsləyirdilər. Hesab edirdilər ki, ziddiyyətlərin dərinləşməməsi üçün razılaşdırılmış arbitr rolunu oynamaqla və məxməri təzyiq yolu ilə tərəfləri asılı vəziyyətdə saxlamaqla, passivləşən ictimai rəyi tamamilə sındırmaq, nəticədə isə daha çox kompramis əldə etmək mümkün olacaq. Lakin Azərbaycanın İstanbul sammiti öncəsi və Türkiyə-Ermənistan protokolları ilə bağlı nümayiş etdirdiyi dirəniş tətbiq olunan texnologiyanı tamamilə iflasa uğratdı. Belə olduğu təqdirdə ermənipərəst güclər Dağlıq Qarabağ məsələsində Azərbaycan dövlətinin və ictimaiyyətinin müqavimətini qırmaq üçün daxili siyasi ziddiyyətlərin və qütbləşmənin dərinləşdirilməsinə hesablanmış pressinq strategiyasının tətbiqinə başladılar.
Təsadüfi deyil ki, barışmaz qütbə öz mövqelərini möhkəmlətmək üçün xaricdən ötürülən ismarıclarda konfliktlərin həllində pressinq siyasətinə üstünlük verən amerikalı alim, Hobel mükafatı lauretı və nəhayət Henri Kissincerin müəllimi Tomas Şellinqin "Münaqişələr strategiyası" kitabından nümunələr gətirilir. Tomas Şellinqin ötən əsrin 60-cı illərində - "soyuq müharibə"nin aktiv fazaya qədəm qoyduğu dönəmdə daha çox dəbdə olan kitabından Azərbaycanın barışmaz müxalifətinə ünvanlanmış ismarıcvari nümunələrə diqqət yetirək: "Tomas Şellinq yazır: "Fərz et ki, səni uçurumun kənarında bir başqasına zəncirləyiblər və şərt kəsiblər ki, həmin adamı güzəştə getməyə məcbur etsən, mükafat olaraq səni buraxacaqlar. Həmin adama təsir etməyin yeganə yolu onu itələyib uçurumdan atmaq təhdididir - amma bu yol hər ikinizi məhv edə bilər. Belə olan halda, qarşı tərəfi güzəştə necə məcbur etmək olar? Cavab: Sən uçurumun kənarına yaxınlaşa-yaxınlaşa rəqs edirsən. Bu zaman zəncirlə sənə bağlı olan adam da sənin irasional hərəkət edəcəyinə - ikinizi də uçurumdan atacağına şübhə yeri qalmayacaq. Başqa sözlə, sən qarşı tərəfi sadəcə olaraq inandırmalısan ki, sən öz üzərinə daha çox uçurumdan yıxılmaq riski götürməyə hazırsan". Daha bir klassik misal hava döyüşlərində qarşı-qarşıya gələn qırıcı təyyarələrin "taran" imitasiyasıdır. Uçağı sürtlə bir-birinin üstünə sürən hər iki pilot ümid edir ki, qarşı tərəfin əsəbləri dözməyib sükanı çevirəcək və düşmən təyyarəsinin qarşısından qaçaraq arxasını ona çevirəcək. Şellinqə görə, konfliktin mahiyyəti budur və daha çox riski göz altına alan tərəf bu prosesdən qalib çıxacaq".
Göründüyü kimi, Tomas Şellinqdən gətirilən nümunələr müstəvisində verilən ismarıcların heç biri Azərbaycandakı real vəziyyətə uyğun gəlmir. Şellinqin "tarana gedib qalib gəlmək" texnologiyası bəlkə də bərabər imkanlara malik və eyni situasiyaya düşən tərəflər üçün keçərli ola bilər. İndiki şəraitdə "zəncirlənmiş adam", yaxud "tarana gedən pilot" vəziyyətini almağa çalışan tərəf barışmaz mövqe sərgiləyən müxalif qruplar və onların liderləridir. Bəs barışmazları uçurumun kənarında təkbaşına rəqs etməyə, yaxud qeyri-bərabər şəraitdə "tarana" getməyə sövq edəq xarici qüvvələr bunun fərqində deyillərmi? Şübhəsiz ki, fərqindədirlər. Əslində onlara lazım olan da elə budur - kimin qurban gedəcəyinin fərqinə varmadan siyasi qütbləşməni və ziddiyyətləri dərinləşdirmək, arbitr rolunu mənimsəyərək daha çox güzəştlərə nail olmaq!
Qeyd edim ki, Tomas Şellinqin vaxtilə ABŞ siyasətçilərinin yuxarı eşalanu üçün nəzərdə tutulmuş "Münaqişələr strategiyası" hazırda bu sahədə qələmə alınmış nəzəriyyələrin arasında ən bəsitlərindən biri hesab olunur. Münaqişələrin həllində yeni nəzəriyyə yaratdığını düşünən Tomas Şellinq "Münaqişələr strategiyası" kitabının nəşrindən xeyli sonra uğursuzluğa düçar olduğunu etiraf edərək yazırdı: "Mənim tezliklə bir sahə kimi formalaşacağına ümid bəslədiyim nəzəriyyə müəyyən qədər irəliləməsinə baxmayaraq, nəinki yüksələn xətlə inkişaf etmədi, hətta öz adını belə qazana bilmədi".
Əslində, Şellinqin nəzəriyyəsi "müəyyən qədər də" irəliləmədi. Onun tələbələri və ardıcıları sayılan Hovard Rayf, Martin Şubik, Haycel Hovard və digərləri öz elmi araşdırmalarında müəllimlərinin "pressinq strategiyası"na söykənən "oyun nəzəriyyəsi"ni tamamilə alt-üst edərək, münaqişələrin həllində daha çox sivil və humanist metodlara üstünlük verdilər.
Seçim
Bu gün istər siyasi, istərsə də fərdlərarası münaqişələrin həlli ilə bağlı olan heç bir nəzəriyyə problemlərin məhz ziddiyyətlərin dərinləşməsi yolu ilə aradan qaldırılması tendensiyasını qəbul etmir. Radikallıq rəqabətə və təbii ki, inkişafa mane olan bir faktor kimi bütün sivil ölkələrin siyasi gündəmindən çıxarılıb.
Cəmiyyətin inkişafı sarsıdıcı münaqişələrdən, barışmaz münasibətlərdən yox, konsensusdan, dialoqdan, sivil rəqabət üçün hüquqi müstəvidə yaradılan real imkanlardan, problemlərin həllinə elmi yanaşmadan keçir.
Bu baxımdan proseslərin nəzarətdən çıxmaması, təşəbbüsün ayrı-ayrı xarici qüvvələrin əlinə keçməməsi və təzyiq vasitəsinə çevrilməməsi üçün, onları qanunun aliliyinə söykənən inzibati vasitələrlə idarə etmək, sosial-iqtisadi, siyasi, mədəni və intellektual müstəvidə ifrat təbəqələşmənin qarşısını almaq lazımdır.
Problemləri görməzliyə vurmaq, bu barədə danışmamaq bəlkə də müəyyən bir zaman kəsiyi üçün effektiv nəticə verə bilər. Amma bu sabitliyə yox, durğunluğa gətirib çıxaran və cəmiyyəti inkişafdan saxlayan bir amil kimi olduqca zərərlidir. XXI əsrin çağırışlarına ötən əsrin 60-cı illərinin təfəkkürü və texnologiyaları ilə cavab vermək mümkün deyil. Yəni, Tomas Şellenqin nəzəriyyəsi bu gün münaqişələrin həlli üçün nə qədər effektiv deyilsə, bu nəzəriyyənin hədəfi ola biləcək cəmiyyətin və ictimai-siyasi münasibətlər sisteminin formalaşdırılması, yaxud olduğu kimi saxlanılması bir o qədər təhlükəlidir. İctimai-siyasi münasibətlər sisteminin inkişaf dinamikası isə yalnız konkret cəmiyyətin yox, bütövlükdə dünyanın inkişaf dinamikasıyla uzlaşdırılmalı və özünü kənar təsirlərdən qorumağı bacaran, rəqabətə davamlı bir mexanizm halına gətirilməlidir.