Modern.az

Şəmkirdə mollaların “müştəri” davası qanla bitib

Şəmkirdə mollaların “müştəri” davası qanla bitib

18 Aprel 2011, 10:19

Şəmkirdə molla öz məsləkdaşını bıçaqlayıb. Hadisəyə səbəb mollaların bir-birinin fəaliyyət göstərdiyi əraziyə göz dikməsi olub. Mollalar ölünü yaddan çıxarıb ərazi davasına girişiblər. Sonda isə onlardan biri xəstəxanaya, digəri isə həbsxanaya yollanıb.
Hadisə Şəmkirin Qaracəmirli kəndində qeydə alınıb. Mollalıqla məşğul olan Şəmkir sakini 46 yaşlı Səhman Həmzəyev kənd qəbirstanlığında dəfn mərasimlərinin birində həmkarı 47 yaşlı Göyçay sakini Rasim Abdullayevi bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. 
Həmkarına bıçaqla xəsarət yetirən Səhman Həmzəyev hadisədən sonra qaçmağa cəhd etsə də, buna nail ola bilməyib. Polislər onu isti izlərlə saxlayaraq istintaqa cəlb edib. Səhman Həmzəyev ilkin ifadəsində bildirib ki, məhz o Rasim Abdullayevə mollalıq öyrədib. İkincinin onun üzünə ağ olması isə “müəllim”i təbdən çıxarıb.
“Əməlindən peşmançılıq keçirirsənmi” sualına isə molla Səhman Həmzəyev belə cavab verib:
”Allahın qarşısında tövbə eləmişəm. Mənim bu gündən sonra müqəddəs arzularım gözümdə qaldı”-deyə o bildirib.  Faktla bağlı Şəmkir rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.




Xaliq Qurbanov
Gəncə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu