Şirkət menecerinin sözlərinə görə, “2000-dən çox azərbaycanlı işçinin çalışdığı şirkətdə hələ kimsə bu barədə müraciət etməyib”
“BP-də həmkarlar ittifaqının yaradılması üçün azərbaycanlı işçilərdən heç bir müraciət daxil olmayıb”. Bu sözləri Modern.az-a açıqlamasında “Britiş Petrolium” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının sədri Səttar Mehbalıyevin BP-də çoxsaylı işçinin onlara müraciət edərək həmkarlar təşkilatı yarada bilmədikləri barədə məlumatna münasibətini açıqlayarkən deyib.
“İşçilərin həmkarlar təşkilatının yaradılması üçün ilk öncə istək olmalıdır. Bundan başqa, 2000-dən çox azərbaycanlı işçinin çalışdığı şirkətdə hələ kimsə mənə müraciət etməyib ki, “Tamam xanım gəlin həmkarlar təşkilatı yaradaq”. Heç mən özüm də kimlərəsə bunu təklif etməmişəm”-deyə şirkət rəsmisi qeyd edib.
O, şirkətdə həmkarlar ittifaqının yaradılmasına ehtiyac duyulmadığını bildirib. “Bp şirkəti Azərbaycan işçilərinin sosial qayğılarına qalır, onlara şərait yaradır, vəzifələrini tam qoruyur, sosial hüquqlarını, özünün və ailəsinin sığortasını təmin edir, hamilə qadınlara güzəştlər edir” deyə əlavə edib.
“S.Mehbalıyevin bununla bağlı dediklərinə münasibətiniz?” sualına T. Bayatlı qeyd edib ki, “şirkət kimlərinsə fikirlərinə münasibət bildirmir”.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının sədri Səttar Mehbalıyev ölkədə fəaliyyət göstərən xarici şirkətlərin işçilərin həmkarlar təşkilatlarının yaradılması sahəsində ciddi problemlərin olduğunu və BP-də çoxsaylı işçinin onlara müraciət edərək həmkarlar təşkilatı yarada bilmədiklərini bildirib.
Modern.az