Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası və Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi” mövzusunda birgə müşavirəsi keçirilib. Bu barədə Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Ümumilikdə 20-dən çox Qeyri-Hökümət Təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə son 3 ayda əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması, ictimai nəzarətin və korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülmüş çoxsaylı işlər müzakirə edilib və çıxışlar dinlənilib. Müşavirənin gedişatında “Tərəqqiyə Elmi Dəstək” İctimai Birliyi tərəfindən ölkə əhalisi arasında ünvanlı sosial yardımın təyinatında şəfaffığın təmin edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş müstəqil sorğunun nəticələri təqdim edilib.
Sorğunun nəticələrinə əsasən ünvanlı sosial yardımların təyin edilməsi və ödənilməsində müsbət istiqamətdə dəyişikliklərin qeydə alındığı müəyyən olunub. Eyni zamanda çıxışlarda nazirliyin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi məqsədilə “İctimai Şura”nın yaradılması, nazirliklə birgə layihələrdə çalışan QHT nümayəndələrinə təlimlərin keçirilməsi, nazirliyin fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işlərinə və sosioloji sorğuların keçirilməsinə QHT-lərin cəlb edilməsi və Regional Peşə Tədris Mərkəzlərində sosial işçi peşəsi üzrə mütəxəssislərin hazırlanması təklif edilib.
Müşavirənin sonunda nazirliyin fəaliyyətində ictimai nəzarətin gücləndirilməsi, QHT ilə birgə layihələrin təşkili və müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə aidiyyatı dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət “İctimai Şura”nın yaradılması barədə qərar qəbul edilib.
Modern.az