Azərbaycanın dövlət qurumlarında çalışan rəhbər şəxslərin (nazirlərin, komitə sədrlərinin və onlara bərabər tutulan orqanların rəhbərlərinin) maaşlarının nə qədər olduğu barədə ictimaiyyət çox az məlumatlıdır.
Qeyd edək ki, dövlət orqanlarının rəhbər işçilərinin vəzifə maaşlarının məbləği “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 348 saylı, 10 avqust 2004-cü il tarixli sərəncamı ilə tənzimlənir.
Modern.az saytının məlumatına görə, Azərbaycan Müəllif Hüququları Agentliyi yeganə dövlət qurumudur ki, bütün işçilərinin sayını və onlar verilən aylıq vəzifə maaşının məbləğini ictimaiyyətə açıqlayıb və bu barədə qurumun internet səhifəsində məlumat yerləşdirilib. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində vəzifə ştatlarının sayı 38-dir və rəhbər şəxsdən tutmuş sürücü və katibəyə qədər heç kimin məvacibi ictimaiyyətdən gizli deyil.
Agentliyin sədri Kamran İmanovun aylıq vəzifə maaşı 1250 manatdır. Onun müavini ayda 800 manat, aparatın rəhbəri isə 775 manat maaş alır.
Agentlikdə şöbə müdirləri 640 manat, şöbə müdirinin müavinləri 545 manat məvacib alırlar.
Baş məsləhətçi 416, aparıcı məsləhətçi 402, məsləhətçi 395 manat alır.
Sektor müdirinin aylıq maaşı 465 manatdır. Baş mütəxəssis isə xeyli az 143 manat məvacib alır. Agentlikdə katibə ayda 143 manat, sürücü də bu qədər – 143 manat məvacib verilir.
Digər dövlət orqanlarının saytlarında isə neçə nəfərin işlədiyi və kimin nə qədər maaş aldığı barədə məlumat yerləşdirilməyib.
Modern.az