“Mənim yaxşı münasibətdə olduğum bir sıra adamlar sonradan məni məyus etdilər”
“Mənim üçün hər şeydən əsas olan ili itkisiz başa vurmaqdır”. Modern.az-ın məlumatına görə, bu sözləri mərhum Anar Məmmədxanov özünün “Live Jurnal” sosial şəbəkəsində olan səhifəsində ötən ilin yanvarında yazıb. Virtual gündəliyindəki səhifəsində qoyduğu və tonunda bir qədər inciklik nəzərə çarpan bu kommentdə maraqlı məqamlar əks olunub.
“Live Jurnal”-da yazdığı qeydlərdə sabiq deputat müxtəlif məsələlər toxunub. Məsələn, 2010-cu ildə yazdığı şərhində A.Məmmədxanov ötən il barədə fikirlərini bölüşüb və 2009-cu ili “o qədər də pis olmayan il” kimi xarakterizə edib.
“İl itkisiz oldu. Deməli, bu heç də pis göstərici deyil. Amma mənim yaxşı münasibətdə olduğum bir sıra adamlar sonradan məni məyus etdilər. Bu olur, birinci dəfə deyil. Deməli, piar vicdandan yuxarı başa keçibmiş. İncitməsələr, heç kimi vurmayacağam”-deyə eks-deputat yarızarafat-yarıciddi yazıb.
Daha sonra yeni işə başladığını yazan A.Məmmədxanov “əminəm ki, yaxşı komanda yığa bilmişəm” qeyd edib.
“Ötən ildə xeyli xəstələndim. Lənətə gəlmiş qrip əl çəkmədi. Əzizlərimi və dostlarımı daha çox sevməyə başladım. Mənim üçün əsas olan bütün illəri itkisiz başa vurmaqdır. Əsas odur ki, mənim əzizlərim üçün də hər şey yaxşıdır. İtkisiz ötüşümüşük. Özünüzü qoruyun, əzizlərim! Mən 2011-ci ildə də bu sözləri yazmaq istərdim...”-deyə A.Məmmədxanov yazıb.
“Live Journal” internetdə sosial paylaşma şəbəkəsi kimi populyardır. Burada səhifə açan şəxslər şəbəkədən virtual gündəlik kimi istifadə edirlər.
Sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov aprelin 23-də vəfat edib. A.Məmmədxanovun ürək tutmasından dünyasını dəyişdiyi bildirlir.
Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Anar Məmmədxanov bir müddət öncə “Ultra Production” şirkətini yaratmışdı. Onun məqsədi tarixi mövzuda bədii-sənədli filmlərin çəkilişləri ilə məşğul olmaq idi.
Mərhum evli idi, 3 övladı - 1 oğlu, 2 qızı yadigar qalıb.
Modern.az