“Gənclər və İdman Nazirliyinin rayon və şəhər idarələrinin rəhbərləri təyin olunarkən yaş həddi nəzərə alınır. 29 yaşına kimi olan gənclərin Gənclər və İdman idarələrinə rəhbər təyin olunmasına üstünlük verilir”.
Bu barədə Modern.az saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova qurumun bir sıra yerli idarələrinə yaşı 60-a çatmış şəxslərin rəhbərlik etməsi ilə bağlı məlumatları şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda heç bir rayonda 50-60 yaşlarında olan şəxslər nazirliyin rayon idarələrində rəhbər vəzifədə çalışmır.
“Ola bilər ki, vaxtilə 24-28 yaşında olan şəxs rəhbər təyin olunsun və o, idarədə uzun müddət çalışsın. İndi ola bilər həmin insan 35-40 yaşındadır. Belə hallar ola bilər. Amma naziriyin rayon idarələrinə yeni təyin etdiyi rəhbərlər arasında yuxarı yaşda olan insanlar yoxdur”.
S.Məmmədovanın sözlərinə görə, sözügedən vəziyəfə rəhbər təyin olunarkən yaş həddi ilə yanaşı, iş təcrübəsi də nəzərə alınır.
“Ali məktəbi yenicə bitirən gənc insanı belə rəhbər vəzifəyə təbii ki, təyin etmirik. Təcrübə də mütləq nəzərə alınır”-deyə o vurğulayıb.
Modern.az